Saytımıza xoş gəlmisiniz

Koçaryan baş nazir ola bilər – Paşinyanın qorxusu

Oxunma sayı: 80

f719f-1534576914

Hakimiyyətə gəlməsinin 100 günü münasibətilə ötən İrəvanda hesabat mitinqi keçirən Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin daxili və xarici siyasətindəki bir sıra məsələlərlə bağlı maraqlı açıqlamalar verib.

AzVision.az xəbər verir ki, Paşinyan Ermənistanda parlamentin özünü buraxmaq barədə qərar qəbul etməsinə icazə verən konstitusiya islahatları həyata keçirmək niyyətində olduğunu açıqlayıb. Bu təşəbbüsünü isə Paşinyan bir növ onu hakimiyyətdən uzaqlaşdırmaq istəyənlərin və mümkün təxribatların qarşısını almaqla izah edib.

Onun fikrincə, hazırda bəzi deputatlar gizli iş çevirərək yeni baş nazir seçmək istəyirlər. Paşinyanın söylədiklərindən belə çıxıb ki, onların namizədinin kim olduğunu bilir, amma çıxışında ad çəkməyib.

“Hazırda konstitusiyaya uyğun olaraq, baş nazir öz postundan istefa verməlidir. Və əgər parlament ardıcıl olaraq iki dəfə baş nazir seçə bilməsə, o zaman parlament buraxılır və qanunverici orqana növbədənkənar seçkilər keçirilir. Buna əsaslanaraq indi onlar düşünürlər ki, qoy istefa versin. Sonra biz tez və gizli şəkildə yeni baş nazir seçərik. Kimi seçəcəklərini deməyəcəm. Amma onlar indiki Ermənistanda nə baş verdiyini anlamırlar, biz yeni konstitusiya dəyişikliyi təklif edirik: parlamentə növbədənkənar seçkilər təkcə baş nazir istefa verəndə yox, qanunverici orqan özünü buraxmaq barədə qərar qəbul edəndə də keçirilə bilər”, – deyə Paşinyan bəyan edib.

Baş nazir onu da bildirib ki, Ermənistanda nazirliklərin sayı 17-dən aşağı endirilərək əhəmiyyətli dərəcədə azaldılmalıdır.

Qeyd edək ki, 2008-ci il martın 1-də keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunaraq həbs edilən Ermənistanın ikinci prezidenti Robert Koçaryan azadlığa çıxdıqdan sonra böyük siyasətə geri döndüyünü bəyan edib. Artıq Paşinyanın “müttəfiqi” və hökumətinin tərkibində yer alan “Daşnaksütyun” partiyası Koçaryanla işləyə biləcəklərini açıqlayıb. Hətta “Çarukyan” bloku da sabiq prezidentin sərbəst buraxılmasını müsbət qarşılayıb. Bu mənada, erməni ekspertlər baş nazir postuna gizli namizədin Moskva ilə xüsusi bağlara sahib Koçaryan ola biləcəyini istisna etmirlər.

Leyla Elbrusqızı
AzVision.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*