Saytımıza xoş gəlmisiniz

Kremlə yaxın politoloq “Lavrov planı”nın sensasion detallarını açıqladı

Oxunma sayı: 156

8f4adc08597d6dac64c611a93ed34557

Aleksandr Duqin deyir ki, Rusiyanın dəstəklədiyi bu plan gerçəkləşsə, Qarabağ heç bir halda nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində ola biləcək

Rusiyanın tanınmış politoloqu, Avrasiyaçılıq modelinin ideoloqlarından biri Aleksandr Duqinin musavat.com-a müsahibəsini təqdim edirik.

– Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı “Lavrov planı” aktiv müzakirə mərhələsindədir. Planın detalları nədən ibarətdir, tərəflərə konkret nə təklif olunur?

– Plan yeni deyil. Müzakirə edilən məsələlər tərəflərə bir neçə il öncə təklif olunub. Prezident Putinin də, Rusiya XİN-in başçısı Sergey Lavrovun da dəstəklədiyi plana görə, Ermənistan işğal etdiyi 7 rayondan 5-ni boşaldır, bundan sonra tamamilə yeni münasibətlər modeli yaradılır – Ermənistanın iqtisadi inteqrasiyası təmin edilir və Qarabağın azərbaycanlı əhalisi yurdlarına dönür. İndi hər iki dövlət hərbi qarşıdurma vəziyyətindədir, Qarabağda hər hansı sülhdən söhbət gedə bilməz, müharibə davam edir. Rusiya bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən, Ermənistanla tərəfdaşlıq edir. Bu gün sürətlə gəlişən Azərbaycan-Rusiya münasibətləri kontekstindən baxsaq, hərbi qarşıdurma Rusiya üçün də əlverişli deyil. Azərbaycan üçün durumun qəbuledilməzliyini söyləməyə gərək yoxdur. Qarşıdurma yaxın müddətdə yalnız Ermənistan üçün sərfəlidir, ancaq burada da perspektiv yoxdur. Çünki nə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini, nə “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini heç bir ölkə qəbul etməyəcək. Ermənistan nə Qərbdə, nə Şərqdə bunları qəbul edən bir ölkə də tapa bilməyib, bilməyəcək. Düzdür, dünyada bu cür etnik təmizləmələr aparılıb, yeni ərazilər qazanılıb, o ərazilərdə yeni dövlətlər yaradılıb. Örnək – keçmiş Yuqoslaviya. O zaman bəzi dövlətlər serblərə qarşı etnik təmizləmə aparan xorvatları müdafiə etdilər. Ancaq onların arxasında nəhəng bir güc dayanırdı. NATO ilə yanaşı, çökməkdə olan Sovetlər Birliyinin qərbpərəst  rəhbərliyi xorvatları müdafiə etdi və münaqişə zonasında yaranan dövləti dünya ölkələri tanıdı.

dağlıq qarabağ konflikti ile ilgili görsel sonucu

Əgər Dağlıq Qarabağı işğal edən Ermənistanın arxasında Rusiya dayansaydı, ya da Qərb işğalı, etnik təmizləməni, işğal edilən torpaqlarda yeni dövlət yaradılmasını Kosovada olduğu kimi dəstəkləsəydi, o zaman durum fərqli olardı. Şübhəsiz, Ermənistan işğal coğrafiyasını Dağlıq Qarabağdan kənarda olan ərazilər hesabına ona görə genişləndirib ki, gələcəkdə münaqişənin nizamlanması üzrə danışıqlarda üstünlük qazansın. Yəni günlərin birində desin ki, buyurun, biz dünyanın barış təkliflərinə müsbət cavab verərək Azərbaycanın konkret ərazilərindən çıxırıq, qarşılığında da dünya Dağlıq Qarabağın müstəqilliyini tanısın. Azərbaycanın bir dönəm GUAM ölkəsi olması Ermənistan üçün üstünlük idi. Ermənistan ümid edirdi ki, bir gün Gürcüstanla, Ukrayna ilə olduğu kimi Rusiyanın Azərbaycanla münasibəti pisləşəcək və bu, Moskvanın Dağlıq Qarabağ məsələsində tamamilə onların mövqeyini müdafiə etməsinə gətirəcək. Belə bir plan Qarabağa yaramasa da, Abxaziya və Şimali Osetiyada işlədi. Ona görə bunu rasional yanaşma saymaq olmazdı. Bir qədər sonra Azərbaycanın beynəlxalq mövqeyi gücləndi. Fikrimcə, ölkəni çox gözəl idarə edən prezident İlham Əliyevin uğurlu siyasəti hesabına… O, öz mövqeyini gücləndirdi, uğurlu sosial sistem yaratmağa başladı, beləliklə, uğurlu liderə çevrildi. Bu dövrdə Ermənistana rəhbərlik edən şəxslər dəyişir və onların hər biri iqtidardan böyük siyasi qalmaqallarla gedirdilər.  Ermənistan bütün bu illəri Kremlə qarşı davamlı qınaq, etiraz, iddia səsləndirərək əslində Rusiyanın hesabına yaşadı, bizdən 100 faiz asılı olsalar da, şantaj etməkdən çəkinmədi.

Ä°lgili resim

– Qərbə yaxınlaşmanı nəzərdə tutursunuz?

– Bəli. Qərblə xeyli yaxınlaşıblar. Burada bir dissonans yaranır. Azərbaycanla münasibətlərimiz daha məntiqli, daha ardıcıldır, Putin və Əliyev bir çox məsələlərdə ortaq mövqe sahibidirlər, ona görə yox ki, onlar şəxsi dostlardırlar, ona görə ki, məsələlərə rasional yanaşırlar. Əliyev deyir və edir, Putin deyir və edir… Beləliklə, tərəflər bir-birinə basqı göstərmədən milli maraqlar naminə strateji yöndən yaxınlaşırlar. Biz bir müddət öncə Azərbaycanın Cənubi Qafqazda Rusiyanın əsas strateji müttəfiqi olması ilə bağlı konfrans keçirmişdik. Bu, hər iki prezidentin razılığı ilə müəyyən olunan yanaşma idi. Özü də həmin konfrans Qarabağda keçirildi. Məkan seçiminin də təbii, xüsusi anlamı vardı. Rusiya bununla açıq şəkildə Azərbaycanla yaxınlaşma istəyini bəyan edirdi.

– Siz Ermənistanın Qərblə yaxınlaşdığını dediniz. Bu, Ermənistanın xarici siyasətində hansı dəyişikliklərə səbəb olub?

– Hələlik bu, Ermənistan rəhbərliyinin niyyətidir. Qərb birmənalı olaraq Ermənistanın arxasında dayanmayıb. Çünki Ermənistan bizim hərbi müttəfiqimizdir. Biz də Ermənistanın arxasında hərbi müttəfiqliyimizə baxmayaraq, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq dərəcədə dayanmamışıq və dəstəyimiz getdikcə azalır. Rusiya  Yeltsinin dönəmindən bəri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bu gün də onu dəstəkləyir. Əgər bir zamanlar bu, nominal tanınma idisə, bu gün bu, faktikidir, yəni təkcə de-yure deyil, de-fakto tanınmadır. Rusiya eyni zamanda özünü Dağlıq Qarabağın erməni icmasının qarantı sayır. Onların Dağlıq Qarabağda azad, təhlükəsiz yaşaması üçün Rusiya məsuliyyət daşıyır.

Lavrov ile ilgili görsel sonucu

“Azərbaycanlılar ”Lavrov ermənidir” deyib, planın önünü kəsmək istəyir”

Biz onu da dərk edirik ki, Qarabağ əhalisinin yarısı – azərbaycanlılar etnik təmizləmə nəticəsində oradan köçürülüb və həmin insanlar öz yurdlarına qayıtmalıdır. Ancaq biz bunu savaşla baş verməsini istəmirik, çünki bu halda bizim sabitlikləri üçün qarant olduğumun ermənilər ziyan çəkə bilər. Ona görə də biz münaqişənin birmənalı dinc yolla nizamlanmasının tərəfdarıyıq və bunun üçün ən rahat variantın 5 rayonun qaytarılmasından keçdiyini düşünürük. Özü də biz bu məsələyə Ermənistanın güzəştə getməsi kimi baxmırıq. Qarşılıq olaraq Rusiya-Azərbaycan və prosesə qoşulan Türkiyə ilə bərabər Ermənistana iqtisadi inteqrasiya üçün yardım edəcək. Blokadalar aradan qaldırılacaq, Türkiyə sərhədlərini açacaq, nizamlamaya regionun bütün dövlətləri dəstək verəcək, Ermənistanın regiondakı proseslərə aktiv şəkildə qoşulması təmin ediləcək. Çünki Ermənistan 5 rayonu qaytarmağın qarşılığında ciddi dividentlər gözləyir.

– Bu plan Ankara ilə müzakirəyə çıxarılıbmı?

– Niyyətlər bütün tərəflərə bəllidir. Biz öncə Ermənistan-Türkiyə sərhədlərinin açılmasını istəmirdik. Çünki Türkiyəni rəqib, bu projeni isə Qərbin layihəsi sayırdıq. İndi Türkiyə Yaxın Şərqdə Rusiyanın müttəfiqi, ən azı tərəfdaşıdır, Ərdoğan və Putin, eyni zamanda Əliyevlə hər iki prezident arasında çox yaxşı münasibətlər var. Bu səbəbdən Paşinyanın addımları əsaslandırılmış, hərəkətləri adekvat sayıla bilməz. O, özünü hər kəsin qardaşları ilə yox, onunla ilgilənməsini istəyən kür uşaq kimi aparır. Reallığa dönmək zamanıdır.

– Şuşa və Laçın… Ermənistanın 1992-ci ilin mayında işğal etdiyi 2 rayon… Onlarla bağlı planda hansısa bənd varmı?

– Biz açıq deyirik ki, bu rayonlar Azərbaycanındır. Ancaq onlar Dağlıq Qarabağla Ermənistan arasında koridor olduğu üçün erməni tərəf üçün həyati əhəmiyyətidir. 5 rayonun qaytarılmasından sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr başlaya bilər. Çünki orada yaşayan insanlar pasport almalı, sərbəst hərəkət edə bilməlidirlər. Rusiyanın bununla bağlı da planları da var. Biz Azərbaycanla, Türkiyə ilə, MDB-nin digər ölkələri ilə   bərabər Qarabağda həyatı yenidən bərpa etmək istəyirik. Bu, diaspor ianələri ilə çözüləcək məsələ deyil – orada böyük quruculuq işlərinə ehtiyac var. Bu, son dərəcə həssas bir prosesdir. Çünki azərbaycanlılar böyük ziyan görüb, o səbəbdən qayıdış zamanı ciddi psixoloji məqamlar ortaya çıxa bilər. Prosesin yeni münaqişə yaratmaması, nizamlamanın qırılmaması üçün bütün məqamlar nəzərə alınmalıdır. Ona görə tələsmədən, bütün detalı incələyərək irəliləmək lazımdır. Burada “Qərb qazandı”, “Rusiya qazandı”, ya “azərbaycanlılar qazandı” kimi kəlmələrə yer yoxdur. Elə etməliyik çözümdən bütün tərəflər qazansın. “Lavrov planı” daha bir suala birdəfəlik son qoyacaq – Qarabağ bundan sonra heç bir halda nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində ola biləcək. Ermənilər dərk etməlidirlər ki, indi onların arxasında dayanan konkret qüvvə yoxdur. Bakının da Qərblə münasibətləri var, buna baxmayaraq, Rusiyanın Azərbaycanla münasibətləri yetərincə istidir. Ola bilər, Bakı-Moskva yaxınlaşması Qərb  üçün arzuedilməzdir, ancaq bu, müstəqil dövlətin öz seçimidir.  Bu gün Qarabağ ətrafında qüvvələr nisbətindəki balans dəyişdiyindən münaqişənin nizamlanmasına şərait yaranıb. “Lavrov planı” məhz bu dönəmə hesablanıb. Bildiyim qədər, Azərbaycanda bu planı ziyanlı sayanlar çoxdur. Onlar sadəlövhlüklə “Lavrov ermənidir” deyib planın önünü kəsmək istəyirlər. Lavrov dövlət adamıdır və onun hadisələrə real baxışları var. Bundan başqa, bu, Lavrovun şəxsi planı deyil. Söhbət bizim ölkəmizin, dövlətimizin planından gedir. Dağlıq Qarabağ məsələsinin bu cür nizamlanması Rusiyanın da milli maraqlarına uyğundur. Çünki bu halda biz Azərbaycanla yaxınlaşma siyasətini, eyni zamanda Ermənistanla müttəfiqliyimizi davam etdirəcəyik. Ermənilər çox nahaq yerə bizimlə dostluqlarının Azərbaycana qarşı olduğunu önə çıxarmağa çalışırlar. Bu, heç zaman belə olmayıb. İndi isə bundan söhbət gedə bilməz. Paralel olaraq, Bakı-Moskva yaxınlaşmasını da ermənilərə qarşı davranış kimi dəyərləndirmək doğru deyil. Bu gün Rusiya üçün Ermənistanla münasibətləri korlamadan Azərbaycanla yaxınlaşmaq çox sərfəlidir.

– “Lavrov planı”na görə, Qarabağdan keçən İran sərhədini hansı qüvvələr qorumalıdır?

(Ardı var)

410b9132-99a9-4f35-b7a2-aafed5f9306b.jpg (75 KB)

Aygün MURADXANLI,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*