Saytımıza xoş gəlmisiniz

Levon Mirzəyanın süqutu – “Lefortovo”da güllələnən birinci katib

Oxunma sayı: 178

received_2186601581351879

15 may 1938-ci ildə Qazaxstanın birinci katibi Levon Mirzəyan İosif Stalinin imzası ilə teleqram alır: “Üç gün müddətində işləri Nikolay Skrotsova təhvil verib Moskvaya, Siyasi Büroya gəlin”. Mirzəyan elə həmin günün axşamı bütün əşyalarını, hətta yaşadığı mənzildəki bahalı mebelləri də qatara yüklədib Moskvaya yola düşür. Ancaq Kremlin qərarından xəbərsiz olan birinci katib mənzil başına çata bilmir. Yolda qatar saxlanılır, Mirzəyan xüsusi avtomobillə Kremlə deyil, sonuncu mənzilinə, Lefertovo həbsxanasına aparılır…

Levon Mirzəyan kim olub?
1897-ci ildə Şuşada anadan olan Mirzəyan 1912-ci ildə Bakıda inqilabi hərəkata qoşulub. 1917-ci ildə Kommunist partiyasının sıralarına daxil olub. 1920-1925-ci illərdə Azərbaycanda Həmkarlar Sovetinin sədri, daha sonra isə əmək komissarı (naziri) vəzifələrində işləyib. 1926-1929-cu illərdə Levon Mirzoyan Azərbaycanın birinci katibi olub. Məhz bu ərəfədə Mirzəyan Mircəfər Bağırovu Azərbaycandan uzaqlaşdırıb.

Mirzəyanın Azərbaycandakı siyasi fəaliyyəti özünün də təhsil aldığı Bakı Dövlət Universitetini bağlatdırmağı ilə də yadda qalıb. 1928-ci ildə Mirzəyan universiteti “Musavatın qalığı” adlandıraraq bu təhsil ocağının fəaliyyətini dayandırıb. (Sonralar, 1934-cü ildə Mircəfər Bağırov BDU-nun fəaliyyətini bərpa edib).

Mirzəyanın Azərbaycana rəhbərliyi dövrü həm də öz qohum-əqrəbasına, yaxınlarına himayəçiliyi ilə xatırlanır. Birinci katib öz vəzifə səlahiyyətlərindən gen-bol istifadə edərək özünə yaxın saydığı insanları ən mühüm postlara təyin edib.

Özünə vurğunluğu ilə seçilən Mirzəyan bir çox hallarda mütləq hakimliyini sübut etmək üçün Moskvanı məlumatlandırmadan istədiyi qərarları verib. Sözsüz ki, Mirzəyanın bu “müstəqilliyi” Kremlin diqqətindən yayınmayıb. Nəhayət, 1929-cu ildə şəxsən İosif Stalin Mirzəyanın fəaliyyətini yarıtmaz qiymətləndirərək onu Azərbaycandakı vəzifəsindən uzaqlaşdırıb.

Bir müddət Mirzəyan Ural vilayət Partiya Komitəsində ikinci katib vəzifəsində işləyib. Araşdırmaçılar bu təyinatı Mirzəyanın sürgünə göndərilməsi kimi də qiymətləndiriblər.

1933-cü ildə Qazaxstanın birinci katibi vəzifəsinə (o dövrdə Qazax diyar partiya komitəsi adlanıb) təyinatı Mirzəyanın siyasi fəaliyyətində yeni mərhələ sayılıb. Mirzəyan bu vəzifədə özünü partiya rəhbəri kimi yox, sözün əsl mənasında padşah kimi hiss edib.

Erməni tarixçiləri Mirzəyanın Qazaxstana rəhbərliyi dövrünü mifə çevirərək həmin dövrdə müttəfiq respublikanın bütün müsbət göstəricilərini onun fəaliyyəti ilə bağlamağa cəhd ediblər. Ancaq faktlar tamam başqa bir mənzərəni əks etdirir. Mirzəyanın Qazaxstanda əldə etdiyi ən yüksək “göstərici” 1937-ci ildəki repressiya ilə bağlıdır. Məlum olduğu kimi, həmin dövrdə “NKVD” rəhbəri Nikolay Yejov Stalinlə razılaşdırdıqdan sonra müttəfiq respublikalara sayla bağlı “repressiya planı” göndərib. Yəni insanların “günah”ı oldu-olmadı, qurbanların sayı ilə bağlı plan birmənalı şəkildə icra olunmalı idi. Arxiv sənədlərinə əsasən qeyd etmək olar ki, həmin dövrdə Mirzəyan dəfələrlə birbaşa Stalinə yazılı müraciət edərək “repressiya planı”nın artırılmasını xahiş edib. Bununla özünü rəhbərə sədaqətli göstərən Mirzəyan həm də bunun arxasında öz şəxsi mənafeyi üçün törətdiyi əməlləri gizlətmək məqsədini daşıyıb.

Qazaxstanda özünü az qala Stalin kimi aparan Mirzəyanın əlamətdar günlərdə respublikanın bütün bölgələrində şəkilləri asılıb. Meydanlarda isə bu şəkillərin ölçüsü Stalinin şəklindən də böyük olub.

O, Qazaxstanda da Azərbaycanda olduğu kimi respublikanın ən mühüm postlarına öz adamlarını yerləşdirib. Kifayət qədər zəngin yaşamağı sevən Mirzəyan aclığın, yoxsulluğun hökm sürdüyü bir dövrdə öz harınlamış həyat tərzini nümayiş etdirməkdən də çəkinməyib.
Amma aydın məsələdir ki, Kremldən SSRİ-nin ən ucqar yerləri belə aydın görünüb. Təbii ki, Stalin Mirzəyanın Qazaxstandakı padşahlığından xəbərsiz olmayıb.

Nəhayət, Stalin 1937-ci ildə mart plenumundakı çıxışında Mirzəyanı ciddi tənqid edərək ona xəbərdarlıq edib: “Bəzi partiya orqanlarında aparılan iş qənaətbəxş deyil. Elə götürək Qazaxıstanı. Mirzəyan Bakıdan və Uraldan apardığı yaxın adamlarını başına yığıb özü üçün şərait yaratmaqla məşğuldur. Mən, ümumiyyətlə, Mirzəyanın kadr siyasətini yarıtmaz hesab edirəm. Bu cür adamlar partiyanın qarşıya qoyduğu vəzifələri arxa plana çəkir, özünə sərfəli olan işləri həyata keçirir…”

Stalinin bu cür münasibəti elə təxminən ən ağır hökm demək idi. Amma Mirzəyan bu hökmdən müvəqqəti də olsa yayına bilib.

Bir il sonra 1938-ci ilin yazında “Pravda” qəzetində Mirzəyanın fəaliyyəti ilə bağlı geniş tənqidi yazı dərc olunub. Bu yazını məhkəmənin rəsmi hökmü ilə də müqayisə etmək olar. Mirzəyan qəzetin Qazaxıstan üçün nəzərdə tutulmuş tirajının respublikada yayımının qarşısını alıb. Bununla da özü öz hökmünü vermiş olub. “Pravda”nın yayımına əngəl törədən kommunisti, özü də yüksək vəzifə tutan kommunisti, sözsüz ki, Kreml bağışlamayacaqdı…
Yuxarıda qeyd etdiyimiz kimi, Stalinin teleqramı ilə Mirzoyan Moskvaya gələrkən onu yolda düşürüb Lefortovo həbsxanasına aparıblar. Ali Məhkəmənin hökmü ilə altı maddə ilə ittiham olunan Levon Mirzəyan ən ağır cəzaya, güllələnmə cəzasına məhkum edilib.
Məhkəmə prosesində Mirzəyanı şəxsiyyətə pərəstişlikdə də günahlandırıblar. Amma bir haşiyə çıxıb qeyd etmək yerinə düşər ki, bu məsələdə məhkəmə “yanlışlığa” yol verib. Zamanında Mixail Şoloxov İosif Stalinin şəxsiyyətə pərəstişliyi haqqında yazırdı ki, bu həqiqətdir, pərəstiş var idi, amma, şəxsiyyət də var idi. Amma Mirzəyan şəxsiyyət olmayıb. O, sadəcə, millətçilik, yerlibazlıq mərəzinə yoluxmuş, azğınlaşmış, acgöz, başqasının haqqına girən bir karyerist olub…

Onu da qeyd edək ki, bir neçə il öncəyə qədər Qazaxıstanın əvvəlki və indiki paytaxtları Almatı və Astanada Levon Mirzəyanın adını daşıyan prospektlər olub. Sonradan Azərbaycan diasporu bu cəlladın cinayətlərini əks etdirən arxiv materiallarını faş edərək Mirzəyanın adını prospektlərdən götürülürək, Qazaxıstanın tarixində layiq olduğu bədnam yerə qoyulmasına nail olublar.

İlham Cəmiloğlu
Karabakh.TV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*