Saytımıza xoş gəlmisiniz

Metyu Brayzanın Qarabağ nikbinliyi – informasiya, yoxsa…

Oxunma sayı: 59

51b689f2f4276576686ae7c7274e8d19

Keçmiş həmsədr Ermənistanın yeni hökumətinin güzəştli addım atacağını güman edir; Elxan Şahinoğlu: “Ermənistan hakimiyyətində kim olursa-olsun öz xoşu ilə torpaqlarımızı azad etməyəcək”

Ermənistan parlamenti yeni tərkibdə ilk iclasını yanvarın 14-də keçirəcək. Artıq baş nazir Nikol Paşinyan başda olmaqla bir sıra mandat sahibləri yeni hökumətdə yer almağı hədəflədikləri üçün parlamentar funksiyasını icra etməkdən rəsmən imtina ediblər.

Azərbaycan vətəndaşı olaraq bizi daha çox maraqlandıran işğalçı ölkədə hökumətin qurulmasından, rəsmi qurumların aktiv fəaliyyətə başlamasından sonra Qarabağ məsələsi ilə bağlı hansı mövqenin sərgilənməsidir.

Dağlıq Qarabağ probleminin nizama salınması üzrə danışıqların yaxın gələcəkdə yeniləməsi perspektivini bir çox analitiklər daha çox ehtimal edilir. Hər halda, beynəlxalq vasitəçilər son zamanlar kifayət qədər optimist bəyanatlar verirlər.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzanın son açıqlaması da diqqət çəkir.  Brayza da Qarabağ münaqişəsinin həllinə müsbət yanaşmağa meyllidir. O, virtualaz.org-a açıqlamasında qeyd edib ki, parlament seçkilərindəki siyasi qələbəsindən sonra Paşinyan üçün manevr meydanı yaranıb. “Mən Paşinyanın Qarabağ probleminin həllində bir sıra riskli addımlar ata biləcəyini istisna etmirəm. Mən onunla şəxsən tanış deyiləm və deyə bilmərəm ki, o, konkret hansı addımlara gedə bilər. Bu, daha çox Paşinyan və prezident Əliyevin şəxsi münasibətlərinin necə olacağından və bir-birilərinə nə qədər güvənəcəklərindən asılıdır. Ona görə hələlik nəyi isə konkretləşdirmək çətindir. Amma bir şeyi dəqiq bilirəm: əgər prezidentlər Köçəryan və Sərkisyanın Qarabağ liderləri qarşısında öhdəlikləri var idisə, Paşinyanın belə öhdəliyi yoxdur və bu baxımdan o daha azaddır”, – deyə Brayza vurğulayıb.

M.Brayza həmsədr olduğu dövrdə səsləndirdiyi bəyanatlarla diqqət çəkib. Onun hələ səfir vəzifəsinə təyin olunarkən ermənilərin təzyiqləri ilə üzləşməsi də unudulmayıb. Üstəlik, Azərbaycan hakimiyyəti ilə yaxın münasibətləri olan diplomatın ümidverici bəyanatlar səsləndirməsi mümkündür ki, ciddi məlumatlara əsaslansın. Hər halda, Azərbaycan Paşinyan hökumətinə seçkini rahat keçirmək üçün elə-belə şans tanımazdı. Mümkündür ki, Paşinyan Düşənbə görüşündə, yaxud ondan sonra hansısa öhdəlik götürsün.

Pol Qobl ile ilgili görsel sonucu

ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi, Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qobl da bu günlərdə ilginc fikirlər söyləyib. “Moskva əvəzini Azərbaycandan ala biləcəyinə əmin olanda Ermənistanı satacaq”-politoloq deyib. Qobl iddia edir ki, Rusiya Bakı və İrəvana təsirini itirməmək üçün Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir: “ABŞ isə problemin sülh yolu ilə həllinin tərəfdarıdır, lakin irəliləyişə nail olmaq üçün əlində kifayət qədər resursu yoxdur. Hazırda situasiya bir qədər dəyişir. Ermənistanı Moskvadan asılı olmayan hakimiyyət idarə edir, Azərbaycan isə Rusiya ilə münasibətlərini sıxlaşdırır. Nikol Paşinyan diqqətini daxili problemlərə cəmləşdirəcək və Qarabağ lobbisinin əksinə gedəcək addımlar atmağı istəməyəcək. Ola bilər ki, vəziyyət bir-iki ilə dəyişsin. Moskva isə anlayır ki, əgər İrəvanı öz mövqelərindən geri çəkilməyə və Dağlıq Qarabağ məsələsində güzəştə getməyə məcbur edə biləcəksə, onda Azərbaycanda mövqelərini gücləndirəcək. Həmişə bildirmişəm ki, Moskva Azərbaycanı öz tərəfinə tamamilə çəkə bilsə, Ermənistanı satacaq. Lakin burada da böyük müəmma var”.

Digər ekspert rəyi də diqqət çəkir. Axar.az-a açıqlamasında “Polit RUS” ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov deyib: “Azərbaycan Rusiya və Türkiyə üçün regionda strateji tərəfdaş, ruhi baxımdan yaxın və qohum ölkədir. Moskva və Ankara tərəfindən Bakıya indiki münasibət təkcə tarixi əlaqələrin yox, həm də Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir”.

Onun sözlərinə görə, bu gün Azərbaycanın işğal edilmiş rayonlarının Bakının nəzarətinə mərhələli geri qaytarılması haqqında Moskva planının (Lavrov planı) tətbiqi ən real görünən variantdır”. Arkov əmindir ki, bu aspektdə Rusiya və Türkiyə Ermənistana atəşkəs xəttinin “Dağlıq Qarabağ” sərhədinə köçürülməsindən sonra Azərbaycan ərazi konfliktinin hərbi həllinə cəhd göstərməyəcəyinə dair zəmanət verə bilər: “Rusiya sülhməramlılarının ”Dağlıq Qarabağ”la Azərbaycan arasındakı yeni sərhəddə daxili perimetr boyunca yerləşdirilməsi məsələsinin də tədqiqi mümkündür. Məncə, analoji formada Azərbaycan tərəfindən türkiyəli sülhməramlıların yerləşdirilməsinə ehtiyac yoxdur”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bu mövzu ilə bağlı maraqlı fikirlər söylədi: “İl başlayandan belə xəbərlərin sayı çoxalır ki, guya Rusiya Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək. Belə xəbərlər keçmiş illərdə də çox olub. Xəbərlər yayılır ki, Rusiya hətta 7 rayonun boşaldılmasını təmin edə bilər. Mən bu qədər optimist deyiləm. 5 rayonun boşaldılması əvəzində Rusiya Azərbaycana ağır şərtlər irəli sürə bilər. Məsələn, 5 rayonun boşaldılması əvəzinə bölgədə Rusiya hərbi qüvvələrinin yerləşdirilməsi Azərbaycanın xeyrinə deyil. Çünki həmin hərbi hissələr bir daha ölkəmizi öz istəkləri ilə tərk etməyəcəklər. Dağlıq Qarabağdakı ermənilər də bölgədə yerləşən rus hərbçilərindən ikiəlli yapışacaqlar. Rusiya hərbçilərinin bölgədə yerləşdirilməsi həm də o demək olacaq ki, biz işğalçıya hərbi təzyiq edə bilməyəcəyik. Çünki atəşkəsin pozulması nəticəsində bu, bölgədə yerləşdirilən rus hərbçilərinə atəş açılması demək olacaq ki, Rusiya-Azərbaycan münasibətləri avtomatik gərginləşəcək”.

E.Şahinoğlunun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsini həll etmək istəsəydi, bunun üçün 2016-cı ilin aprelində münbit şərait yetişmişdi və həmin dövrdə məsələni həll edə bilərdi: “4 günlük döyüşlərdən sonra Moskva Ermənistanı ilkin olaraq 5 rayonun qaytarılması ilə sülhə məcbur edə bilərdi. Yəni İrəvanı anladardı ki, məsələ sülh yolu ilə həll olunmursa bölgədə uzunmüddətli müharibə başlaya bilər ki, bu heç kimin xeyrinə deyil. Əgər Moskva bunu o zaman etmədisə, indi niyə etməlidir? Əlbəttə, Kremlin Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana münasibəti müsbət deyil. Ancaq Moskvanın nəzarətində ”Qarabağ klanı” var. Kreml gələcəkdə Paşinyana qarşı bu klandan istifadə edəcək”. Ona görə də politoloq deyir ki, Paşinyan keçmiş amerikalı diplomat Metyu Brayzanın dediyi kimi, riskə gedib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq: “Bunu ancaq Azərbaycan ordusu Paşinyana məcbur edə bilər. Ümumiyyətlə, Ermənistan hakimiyyətində kim olursa-olsun öz xoşu ilə torpaqlarımızı azad etməyəcək. Düzünə qalsa, belə bir həll planı bizim üçün də münasib deyil. Çünki ”sülh yolu” ilə boşaldılan rayonların qarşılığında bizə böyük tələblər irəli sürüləcək. Biz elə etməliyik ki, işğalçı Ermənistan və Rusiyadakı siyasi dairələr Azərbaycanı ordusunun qətiyyəti qarşısında ilkin şərt irəli sürmədən torpaqlarımızı boşaltmağa razı olsunlar”. E.Şahinoğlu onu da qeyd etdi ki, Brayza keçmiş illərdə də reallıqdan uzaq fikirlər söyləyirdi, proqnozları bir çox hallarda doğrulmurdu.

Bu arada Ermənistanda anti-Rusiya meyllərinin güclənməsi də Azərbaycan üçün şans yarada bilər. Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci bazasının qarşısında etiraz aksiyası keçiriləcək. (Axar.az) Bu sözləri öz facebook səhifəsində Ermənistanın Avropa Partiyasının həmsədri Tiqran Xzmalyan paylaşıb. Onun sözlərinə görə, etiraz aksiyası 12 yanvarda baş tutacaq.

Qeyd edək ki, keçən ilin sonundan etibarən Ermənistanda rus bazasına qarşı aktiv etiraz aksiyaları təşkil edilməyə başlanıb.

E.PAŞASOY,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*