Saytımıza xoş gəlmisiniz

“Mikayıl Gözəlovun qətli Xankəndi istiqamətindəki strateji əməliyyatımızı təxirə saldı…”

Oxunma sayı: 95

 

“Rəhmətliklər: Rövşən Cavadov və Riad Əhmədovun da iştirakıyla Kərkicahanda qısa müşavirə keçirdik…” 

Dünən – dekabrın 11-də Şuşa İcra Hakimiyyətinin şəhid başçısı, xalqımızın cəsur oğlu Mikayıl Gözəlovun xatirə günü idi.  28 il öncə həmin gün Mikayıl müəllim öz kabinetində  indiyədək təfərrüatı tam açıqlanmayan şəraitdə bir Şuşa sakini tərəfindən qətlə yetirilib.

O günlərdə Laçın alayının qərargah rəisi kimi çalışan tanınmış Qarabağ qazisi, istefada olan mayor Rafiq Nağıyev öz “Facebook” səhifəsində  “Təxirə salınan əməliyyat” adlı bir yazı paylaşıb.

Moderator.az əməkdaşı sabiq qərargah rəisi ilə əlaqə saxlayıb bəzi detalları dəqiqləşdirib. R.Nağıyev bunları söyləyib:

“10 dekabr 1991-ci ildə Müdafiə Nazirliyindən gələn  əmrə əsasən alay komandiri Arif Paşayev aidiyyatı olan zabitlərimizlə təcili müşavirə keçirdi. Komandir qərara aldı ki, əmr əsasında 24 nəfərlik yüksək hazırlıqlı qrup  məxfi döyüş əməliyyatını yerinə yetirmək üçün hazır olmalıdır. Nizamnaməyə uyğun olmasa da, əməliyyatın vacibliyini nəzərə alaraq qrupa rəhbərliyi A.Paşayev öz üzərinə götürdü. Mən də qrupun tərkibində idim. Əməliyyatın harada və nə vaxt keçiriləcəyini yalnız ikimiz bilirdik…

11 dekabrda səhər tezdən avtobusla Şuşaya yollandıq. Cıdır düzündə yerləşən hərbi hissəyə,  oradan da Kərkicahan kəndinə getdik.  Kənddən aralı bir yerdə avtobusu saxlayıb yaşayış məntəqəsi istiqamətində piyada hərəkət etdik. Kənddəki orta məktəb binasında əməliyyatda iştirak edəcək qüvvələrin rəhbərləri qısa bir müşavirə keçirdi. Rəhmətliklər: “OMON” dəstə komandiri Rövşən Cavadov və Milli Təhlükəsizlik Nazirliyinin xüsusi kəşfiyyat dəstəsinin komandiri Riad Əhmədov da orada idi.  Müşavirə zamanı məlum oldu ki, Şuşanın icra başçısı Mikayıl Gözəlov o günlər üçün  bu çox strateji əməliyyatı Bakı və rus ordu komandanlığıyla razılaşadırıb…

Arif Paşayevdə və məndə “Kalaşnikov” pulemyotu və 3 mərmisi olan qumbaraatan, döyüşçülərimizdə isə təlim avtomatından döyüş vəziyyətinə gətirilmiş silahlar vardı. Bizim Kərkicahan kəndinə sızmamızı ermənilər hiss etməmişdilər.  Bölmələr üçün hücuma çıxış mövqeləri göstərildi. Bizim mövqeyimiz kəndin aşağı hissəsində, rusların zirehli transportyotu(“BTR”) və 10 əsgəri olan yerdə idi. Gecə işıqlar yanmırdı. Erməni, azərbaycanlılar yaşayan evlər qarışıq yerləşirdi.  Evlərdə insanların olmağı bilinirdi…

Tapşırıq beləydi ki, dekabrın 11-dən 12-nə keçən gecə Şuşadan doludağıdan toplarla Stepanakert atəşə tutulur və ardınca biz şəhər istiqamətində hücuma keçirik. Bizim əsas vəzifəmiz şəhərlə Kərkicahan arasında yerləşən Yağlıtəpə yüksəkliyini ələ keçirmək idi. Ruslar bizə kömək edəcəkdilər. Amma bizim Şuşada baş verənlərdən xəbərimiz yox idi. Bir müddət sonra rus zabiti bildirdi ki, hücum təxirə salınacaq, boş qayıtmayın. Yerli sakinlərdən bizə bələdçilik edənlər erməni yaraqlılarının yerləşdiyi evləri göstərdilər. A.Paşayev, mən və rus zabiti hərəmiz qumbaraatanla silahlı ekstremistlərin toplaşdığı bir evi vurduq. Döyüşçülərimiz isə evlərdən sağ qalıb, qaçan erməni yaraqlılarını öldürdülər…”

“Hücumu təxirə salmağımızın səbəbi o oldu ki, Mikayl Gözəlovu kabinetində güllələyiblər. Geri qayıtmağımıza göstəriş verildi və biz Laçına döndük…

Şuşa icra başçısı Mikayıl Gözəlovun şəxsən hazırladığı əməliyyat planına əsasən Xankəndi ilə Kərkicahan arasında yerləşən Yağlıtəpə yüksəkliyi ələ keçirilməklə erməniləri bəzi razılaşmalara məcbur ediləcəkdi.  Heyf ki, M. Gözəlovun qətlə yetirildi və əməliyyat təxirə saldı…”- deyə Qarabağ qazisi təəssüf hisləri ilə sözlərini tamamlayıb.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*