Saytımıza xoş gəlmisiniz

Millət vəkili: Əfv sərəncamı Azərbaycan Prezidentinin mərhəmət və humanizm prinsiplərinə söykənən siyasətinin, islahatların tərkib hissəsidir

Oxunma sayı: 79

govher_bakhsheliyeva_310314

Prezident İlham Əliyev cəmiyyət tərəfindən səbirsizliklə gözlənilən əfv sərəncamını imzalamaqla yüzlərlə ailəyə, minlərlə insana hədsiz sevinc bağışladı. Bunu Trend-ə açıqlamasında millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, həyatın keşməkeşli yollarında nə vaxtsa büdrəmiş, aldanmış, səhv etmiş, qanunu pozmuş, cinayət törətmiş şəxslər ali mərhəmət və humanizm prinsipləri rəhbər tutularaq əfv edildilər: “Qədim yunan filosofu Sokrat “İnsanlıq nədir” sualına “Əfv etməyi bacarmaqdır” cavabını verib. Bu mənada Prezident İlham Əliyevin əziz bayramımız Novruz öncəsi atdığı addım xalqımızın əsrlərlə formalaşmış mədəni ənənələrinə söykənən mənəvi böyüklüyün bariz nümunəsidir, yüksək humanizm aktıdır. Bunu təqdir etmək, yüksək dəyərləndirmək siyasi mənsubiyyətindən və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşın borcudur. Çox istərdim ki, məhz bu əfv sərəncamı cəmiyyətimizdə sülh, birlik, həmrəylik və barış ab-havasını gücləndirsin, hər hansı narazılıqlar, qarşıdurmalar, qərəz, şər, böhtan geridə qalsın, xalqımızın bütün kəsimi siyasi baxışlarından asılı olmayaraq vahid ideya – azərbaycançılıq ətrafinda sıx birləşsin”.

Millət vəkili vurğulayıb ki, milli mənafelər və dövlətçilik maraqları hər şeydən üstün tutulmalıdır: “Bu, çağdaş Azərbaycanımız ucun həyati əhəmiyyət daşıyan məsələdir. Milli birlik və ictimai-siyasi sabitlik hər vəchlə qorunmalıdır. Yol vermək olmaz ki, hər hansı narazılıqlar və ya şəxsi ambisiyalar cəmiyyətimizi parçalasın, bundan da xalqımızı və ölkəmizi gözü götürməyən qüvvələr istifadə etsin, hər hansı məsələdə bizə təzyiq etsin, mövqeyimizi beynəlxalq aləmdə zəiflətsin. Vahid xalq olaraq hamımızın qarşısında olduqca ağır problem dayanır – ərazi bütövlüyümüzün bərpası, müstəqilliyimizin qorunub yaşadılması, ölkəmizin hərtərəfli inkişafi. Fərd olaraq bir-birimizə düşmən kəsilmək, sosial şəbəkələrdə olmazın təhqir və böhtan yağdırmaq, beynəlxalq təşkilatlara donoslar yazmaq nəyə və kimə lazımdır?”

Akademik əlavə edib ki, bu qarşıdurma yalnız düşmən dəyirmanına su tökür, bizi bir xalq və ölkə olaraq zəiflədir:

“Hesab edirəm ki, bu gün tarixi şəraitin özü, xalqımızın üzləşdiyi ciddi sınaqlar “nə etməli?” sualının cavabını bizə diqtə edir. Bu cavab isə Azərbaycanın müstəqilliyini möhkəmlətməkdən, işğal olunmuş torpaqlarımızı geri qaytarmaqdan, sosial-iqtisadi inkişafı surətləndirərək Azərbaycanı sivil dünyanın ayrılmaz hissəsinə çevirməkdən ibarətdir. Əgər biz ümummilli mənafeni ən ümdə vəzifəmiz hesab ediriksə, siyasi ehtirasların cəmiyyəti parçalamasına imkan verməməliyik. Odur ki, vahid xalq olaraq Prezident İlham Əliyevin ətrafinda six birləşərək irəliyə doğru getməliyik”.

G.Baxşəliyeva qeyd edib ki, dövlətimizin başçısı bu əfv sərəncamı ilə hər bir vətəndaşımızın prezidenti olduğunu, ölkəmizin insan hüquq və azadlıqları prinsiplərinə sadiqliyini və bu sahədə işlərin müxtəlif islahatlar vasitəsilə daim təkmilləşdiyini bir daha sübut etdi: “Əlbəttə, bu, ölkə başçımız cənab İlham Əliyevin mərhəmət və humanizm prinsiplərinə söykənən siyasətinin, aparılan islahatların tərkib hissəsidir. Bildiyiniz kimi, demək olar, hər Novruz bayramı ərəfəsində cənab İlham Əliyev tərəfindən bu addım atılır. Siyasi baxışından, əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, törətdiyi cinayət əməli və ya hüquqpozma əməlindən peşman olmuş, səhvini etiraf etmiş və ya səhhəti, ailə vəziyyəti ilə əlaqədar olaraq, bir qrup insan cənab prezidentimizin humanizm və mərhəmətindən irəli gələn əfv sərəncamı ilə cəza çəkməkdən azad olunur. Azad olunanlar buna görə Prezident İlham Əliyevə, eyni zamanda, bu işdə yüksək səviyyədə səylərini, zəhmətini əsirgəməyən Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq bildirirlər”.

Deputat bildirib ki, bu gün dünyada ölkəmizi istəməyən və onların dəyirmanına su tökən öz içimizdən olan bəzi qüvvələr bütün bu kimi addımlara kölgə salmaq istəyirlər: “Lakin ölkəmiz, dövlətçiliyimizi qorumaq naminə xalqımız həmişə dövlətinin və prezidentinin yanında olduğunu sübut edib”.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*