Saytımıza xoş gəlmisiniz

Millət vəkili: Müharibə əlilləri daima Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub

Oxunma sayı: 34

mehriban_aliyeva_030419_25

Müharibə əlilləri Azərbaycanın daima Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub. Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Onun fikrincə, aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan işğalla heç bir vəchlə barışmayacaq: “Aprelin 3-də Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Mərkəzində yüksək texnologiyalı protezlərlə təmin olunan əsgər və zabitlərlə görüşü üç il bundan əvvəl aprel döyüşlərində ordumuzun qələbə gününə təsədüf etdi. Bu görüş bir daha göstərir ki, Qarabağ müharibəsində, o cümlədən aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin sağlamlıqlarının bərpa olunması, fəal həyata qayıtmaları üçün müvafiq tədbirlərin görülməsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi nəzarətindədir və bu şəxslər onun diqqət və qayğısı ilə əhatə olunub”.

Millət vəkili xatırladıb ki, Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi həyata keçirilir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reablitasiya vasitələri ilə təmin olunması məqsədilə Protez-Ortopedik Bərpa Mərkəzinin nəzdində xüsusi sex yaradılıb. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu tərəfindən 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezlərə ehtiyacı olan hər bir əsgər və zabitlərlə görüşlər keçirilib, onlar yüksək texnologiyalı protezlərlə təmin olunublar. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb”.

R.Əliyev əlavə edib ki, Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı sahəsində dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018 və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub: “Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətlərini davam etdirir. Bu tədbirlərin həyata keçirilməsi sayəsində xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirən zabit və əsgərlər özlərini cəmiyyətdən kənar hiss etmirlər və dinamik həyat fəaliyyəti ilə məşğul olan insanların arasındadırlar.

Bu görüş göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlıqlarını itirmiş əsgər və zabitlərimiz Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub, bu şəxslərin həyat və fəaliyyətləri ilə bağlı bütün məsələlər yüksək səviyyədə həll edilir və bu belə də olacaq”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*