Saytımıza xoş gəlmisiniz

“Müharibəyə başlamaq üçün əlverişli şərait yetişib” -Akif Nağı

Oxunma sayı: 150

b1e29921b060674e7cb110d17494f9c1

2019-a bəslənən sülh ümidləri doğrulmur, düşmənə yenə vaxt verəkmi?.. 

Ermənistanda ötən ilin mayında Serj Sərkisyan rejiminin hakimiyyətdən getməsindən sonra Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinin mümkün olacağı ümidləri yaranmışdı. 2018-ci ildə bu ümidlər reallaşmadı. Belə proqnozlar verilirdi ki, 2018-ci ildə Nikol Paşinyan öz hakimiyyətini formalaşdırmaq və gücləndirmək işinə daha çox enerji ayırdı, lakin 2019-cu il Dağlıq Qarabağ məsələsi ilə bağlı sülh razılaşmasının mümkün olacağı il ola bilər.

İlin yarısı arxada qaldı və keçən müddətdə Nikol Paşinyan Qarabağ məsələsində daha radikal xətt tutdu və sülhdən yox, daha çox müharibə variantının daha real olduğundan danışılır. Dağlıq Qarabağla bağlı yaranmış gərginlik müharibə riskini artırıb. Müharibə riski hər zaman var və daha da artmaqdadır. Bu gün hadisələrin inkişaf tendensiyasını təhlil etsək, bu qənaətə gəlmək olar ki, bir qığılcım müharibənin başlanmasını real edə bilər. Hadisələrin bundan sonrakı inkişafına görə ən böyük məsuliyyət Ermənistanın, münaqişənin həlli missiyasını üzərinə götürən və heç bir real addım atmaq qabiliyyətinə malik olmayan ATƏT-in Minsk Qrupunun üzərinə düşür.

Siyasi və hərbi ekspertlər artıq sülh ümidlərinin tamamilə iflas olduğunu hesab edirlər.

Ä°lgili resim

Qarabağ qazisi Rey Kərimoğlu “Yeni Müsavat”a bildirdi ki, Qarabağ probleminin danışıqlar, sülh və ümumiyyətlə, siyasi həllinin olmadığına artıq yüz faiz əminlik yaranıb: “Problemin yeganə və düzgün yolu torpaqlarımızı ölkəmizin silahlı qüvvələrindən istifadə etməklə azad etməyə başlamaqdır. Yeganə və düzgün yol hərbi yoldur. Digər bütün variantlar ermənilərin xeyrinə işləyir. Biz illəri saymaqla vaxt itiririk”.

Ä°lgili resim

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bildirdi ki, 2018-ci ildə olduğu kimi, bu il də Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli yoxdur: “Bunu ilin ilk 6 ayında baş verənlər, Ermənistanın davranışları da bir daha sübut etdi. Sülh yolu ilə Qarabağı ermənilərə vermək olar, azad etmək yox. Biz yalnız müharibə variantı üzərində düşünməliyik, hazırlıq o istiqamətdə getməlidir. Dövlət və cəmiyyət olaraq Qarabağı düşməndən necə azad etməyin yolunu düşünməli, hər kəs öz üzərinə düşəni etməlidir. Müharibəni başlamaq üçün bölgədə və dünyada əlverişli şərait yetişib. Rusiya Ermənistanın yeni rəhbərliyindən narazıdır. Ermənistanın ötən həftə AŞ PA-da Rusiyanın əleyhinə səs verməsi də bu narazılığı dərinləşdirib. ABŞ bölgəyə ciddi müdaxilə etmək niyyətini nümayış etdirmir. Türkiyə-Rusiya-İran arasında ittifaq münasibətləri göz önündədir. ABŞ-a qarşı birləşmək məcburiyyətində qalan bu ölkələr bir-birini müdafiə etmək zorundadır. Bu birliyin Çinlə də ciddi yaxınlığı var. Bu ittifaq Azərbaycanın maraqlarına xidmət edir. Üstəlik, Ermənistan da siyasi böhran içərisindədir. Azərbaycan bütün bu əlverişli şəraitdən istifadə edib müharibəni başlamalıdır, qələbəyə ən böyük şans bizim tərəfimizdədir. Sadəcə, bu şansı ağıl və cəsarətlə reallaşdırmaq gərəkdir”.

A.Nağı hesab edir ki, artıq İrəvana daha bir müddətə vaxt verilməməlidir. İrəvanın hətta qısa hərbi toqquşmalar şəraitində belə işğal edilmiş əraziləri saxlamaq şansı yoxdur: “Azərbaycan ərazilərini hərb yolu ilə qaytarmağa qadirdir. Çünki Azərbaycan ordusu həqiqətən güclənib. Bunu sübut edən çoxsaylı faktorlar mövcuddur. Azərbaycan ordusunun güclü olması beynəlxalq hesabatlarda da öz əksini tapıb. Azərbaycan ordusunun şəxsi heyəti, silah arsenalı, büdcəsi Ermənistan ordusunun bu imkanlarından dəfələrlə böyükdür. Azərbaycanın hərbi büdcəsi 2019-cu il üçün 3 milyard 37 milyon manat müəyyən edilib ki, bu da kifayət qədər sanballı göstəricidir. 2019-cu ildə Ermənistanın hərbi büdcəsi 625 milyon dollardır. Ermənistanın bu dəfə Azərbaycan üzərində döyüş meydanında uğur əldə etmək şansı yoxdur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*