Saytımıza xoş gəlmisiniz

“Normand formatı” görüşü və yaddan çıxan Qarabağ…

Oxunma sayı: 261

5e57c723ab574b401ab1df208c9320d2

Parisdə, dörd liderin görüşündə Ukrayna və Rusiya arasında kövrək anlaşma əldə olundu, ancaq iki həmsədr dövlətin başçısı Qarabağı xatırlamadı.

Dekabrın 9-da Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün “Normand formatı” sammitində 4 ölkənin – Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin görüşü keçirilib. Bununla da Şərqi Ukrayna münaqişəsi ilə bağlı 3 ildir dondurulmuş danışıqlar yenidən başlayıb.

 “Normand formatı” çərçivəsində baş tutan görüşdə Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel bir araya gəlib. Ukrayna prezidenti hələ görüşdən öncə bəyan etmişdi ki, müzakirələr yalnız ölkəsinin milli maraqları çərçivəsində aparıla bilər. Əvvəlcədən vurğulanırdı ki, Fransa-Almaniya cütlüyünün məqsədi 2014-cü ildən bəri 13 min qurban vermiş, Avropada fəal silahlı münaqişənin sülh danışıqlarını bərpa etməkdir.

Müzakirələrə optimizmlə gedən Fransa və Almaniyanın Şərqi Ukraynada atəşkəsin dərhal elan edilməsi üçün çalışdıqları bildirilirdi.

Keçirilən müzakirələrdə əsas mövzular isə Yeni ilədək əsir və girovların növbəti dəyişdirilməsi prosesinin baş tutması, Donbasda atəşkəsin əldə edilməsi, yerli seçkilərin keçirilməsi ətrafında olub. Qeyd edək ki, Donbas münaqişəsindən sonra yaradılan “Normand formatı” çərçivəsində liderlərin sonuncu görüşü 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub. Ancaq görüş zamanı aparılan müzakirələr nəticəsiz qalıb, Rusiya və Ukraynanın heç biri güzəştə getməyib.

Liderlərin Parisdə keçirdiyi görüş bəyannamə imzalanması ilə başa çatıb. 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını işğal edərək özünə birləşdirib, Donbas bölgəsində – Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə iki separatçı rejim qurub. Bu rejimlər özlərini müstəqil dövlət sayır. Silahlı münaqişədə 10 mindən çox adam həlak olub. Novator.az-ın məlumatına görə, Parisdəki 9 dekabr görüşünün bəyannaməsində bölgədə atəşkəs rejiminin möhkəmləndirilməsi, ərazinin minalardan təmizlənməsi, silahlı qüvvələrin cəbhə zonasından çəkilməsi, əsir və girovların azad edilməsi niyyəti yer alır.

Bəyannaməyə əsasən, Donetsk və Luqansk vilayətlərinin bir hissəsinə xüsusi statusun verilməsi yönündə razılaşmaların həyata keçməsi sürətləndirilməli, dörd ay sonra eyni formatda yeni görüş olmalıdır.

Vladimir Putinlə Vladimir Zelenski ikitərəfli görüş də keçiriblər. Ukrayna prezidenti görüşü jurnalistlərə şərh edərkən “Hələlik heç-heçə qeydə alındı, Rusiya prezidentinin bəzi güzəştləri hiss olundu” deyib. O, əlavə edib ki, razılaşma əldə etmək çətindir, ancaq dekabrın 9-da bəzi məsələlər üzrə müəyyən razılaşmalar reallaşıb”.

Ukrayna prezidenti Vladimir Zelenski, ölkə vətəndaşlarının fərqli dillərdə, o cümlədən rus dilində danışa bildiyini söyləyib (APA). O qeyd edib ki, ölkəsində yaxşı təhsilli insanlar var, onlar həm rus, həm də Ukrayna dilində danışa bilərlər: “Mən Rusiya Federasiyasının prezidentinə dedim ki, rus dili Ukraynada bütünlüklə qadağan edilməyib. Sözümə rus dilində davam edə bilərəm. Yeri gəlmişkən, biz ingilis dilində də çox yaxşı danışırıq”.

Rusiya və Ukrayna prezidentlərinin görüşündə Ukraynanın şərqində bu ilin sonuna qədər atəşkəsin təmin edilməsi məsələsində razılaşma da əldə edilib. BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. O deyib ki, iki ölkə arasında əsir və məhkumların dəyişdirilməsi məsələsi də müzakirə edilib və dekabrın 24-nə, ən geci isə dekabrın sonuna qədər bunun icra edilməsi istiqamətdə razılıq da əldə edilib. Zelenski bu razılaşmaları “zəfər” olaraq adlandırıb: “Dəyişiklik üçün ”hər kəsə qarşılıq hər kəs” formulu üzərində razılaşdıq. Minskdə bu yazılmışı, amma indi bunun tarixi üzərində ortaq qərara gəldik”. Bundan başqa, Ukraynanın şərqində bölgələrin minalardan təmizlənməsi üçün yeni planın hazırlanması da müzakirə edilib. Zelenski bəzi məsələlərdə isə razılaşma əldə edə bilmədiklərini, açıq qalan mövzuların 4 ay sonra keçiriləcək “Normandiya Liderlər Zirvəsində” müzakirə ediləcəyini də söyləyib: “Ukraynanın şərqində Rusiya ilə sərhədə nəzarətin bizə keçməsində israrlıyıq. Bundan başqa, Ukraynanın federallaşması üçün konstitusiyaya dəyişiklik edilməsinə isə imkan verməyəcəyəm. Bu kimi məsələlərdə fikir ayrılığımız var. Bunlar 4 ay sonra yenidən müzakirə ediləcək.

Putin isə Donbasa özəl status verilməsi üçün Ukrayna Konstitusiyasına dəyişiklik edilməsinin lazımlı olduğunu bildirib. Rusiya prezidenti təmas xəttində keçid məntəqələrinin sayının artırılmasının zəruri olduğunu da deyib: ”Saatlarla davam edən nəzarət mexanizmlərini sürətləndirərək minlərlə insanın keçidi məsələsində lazımlı şəstləri təmin etməliyik. Etdiyimiz razılaşmalar insanların həyatını asanlaşdırmalıdır”.

Diqqətçəkən və narahatlıq doğuran budur ki, dünya liderləri Ukrayna-Rusiya gərginliyinə xüsusi müzakirələr həsr etsələr də, müzakirələrin gedişində, epizodik də olsa, Dağlıq Qarabağdakı təhlükəli “nə hərb, nə sülh” məsələsinə diqqət ayırmadılar. Hansı ki, görüşdə iştirak edən 4 liderdən ikisi həmsədr ölkənin başçısı idi. Düzdür, bu müzakirələrin yekununda əsir və girovların dəyişdirilməsi barədə anlaşma əldə olunub. Lakin bu razılaşmanın Dağlıq Qarabağ münaqişəsində də tətbiq olunacağını yalnız güman etmək olar. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, əsir və girovların “hamını-hamıya” prinsipi ilə dəyişdirilməsinə razıdır. Lakin Ermənistan müxtəlif bəhanələrlə bundan imtina edir. Həmsədrlər isə hətta Dağlıq Qarabağda qanunsuz olaraq saxlanılan və biri Rusiya vətəndaşı olan Kəlbəcər girovlarının belə, azad olunmasını Ermənistandan tələb etmir. Dünya liderləri Qarabağla bağlı məsələdə nə Azərbaycan xalqına, nə dövlətinə dəstək verir, sadəcə şablon bəyanatlarla kifayətlənirlər. Bunun səbəbi barədə müxtəlif təxminlər var.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Donbas böhranının həll ilə məşğul olan “Normand formatı” çərçivəsində – Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin Parisdəki görüşündə ciddi nəticə əldə olunmayıb: “Tərəflər münaqişənin hansı şəkildə həll olunması ətrafında razılaşmadılar. Donbasa xüsusi statusun verilməsi məsələsində ümumi razılıq var. Ancaq Ukrayna bu statusu bir, Rusiya isə tamamilə fərqli şəkildə görür. Məsələn, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin dedi ki, Donbasın xüsusi statusu Ukrayna Konstitusiyasında təsbit olunmalıdır. Ukrayna prezidenti Vladimir Zelenski isə bildirdi ki, Konstitusiyanın dəyişdirilməsinə və Ukraynanın federallaşmasına yol verilməyəcək”.

E.Şahinoğlu hesab edir ki, Zelenski haqlıdır: “Donbasın xüsusi statusu konstitusiyada təsbit olunsa, Ukraynanın başqa bölgələri də eyni yola baş vuracaqlar. Məsələn, Ukraynada yaşayan macarlar və rumınlar da xüsusi status tələb edə bilərlər. Onsuz da Rusiyada bəlli siyasi mərkəzlər Ukraynada yaşayan digər azsaylı xalqları da separatçılığa başlamağa qızışdırırlar”.

“Atlas” liderinin fikrincə, Paris görüşündə yeganə irəliləyiş kimi atəşkəsin qorunmasının vacibliyi göstərildi: “Ancaq tərəflər təmas xəttinin, sadəcə, 3 məntəqəsindən geri çəkilmə məsələsini razılaşdırıblar. Bu məntəqələr barədə konkret məlumat yoxdur. Digər tərəfdən, silahlı qüvvələrin bütün təmas xəttindən geri çəkilməsi məsələsi razılaşdırılmayıb”. Politoloqun sözlərinə görə, Kiyev əvvəlkitək haqlı olaraq tələb edir ki, Donbas üzərindən Ukrayna-Rusiya sərhədinə nəzarət etmək istəyir: “Rusiya buna qarşıdır və bu məsələni münaqişənin həllinin sonrakı mərhələsində mümkün sayır. Donbasda yerli seçkilərin nə vaxt keçiriləcəyi də Parisdə müəyyənləşmədi. Zelenski yerli seçkilərin mütləq Ukrayna qanunları əsasında keçirilməsini tələb edir. Separatçılar bunun əleyhinədirlər. Buna baxmayaraq, o da aydındır ki, Ukraynanın prezidenti müharibə istəmir. Kiyevlə Moskvanın bir başqa razılaşması girovların dəyişdirilməsinin davam etidirlməsiylə bağlıdır”.

E.Şahinoğlu qeyd etdi ki, Parisdə münaqişənin həllinin konseptual məsələləri deyil, bəzi detalları razılaşdırıldı: “Fransa və Almaniya vasitəçidirlər. Paris və Berlin anlayır ki, münaqişəni yaxın illərdə həll etmək çətin olacaq”.

Politoloq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi, böyük dövlətləri münaqişənin həlli yox, atəşkəsin qorunması və müharibə ehtimalının azaldılması maraqlandırır: “Yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi, Ukraynada da bu cür vəziyyət separatçıların maraqlarına uyğundur. Rəsmi Kiyev isə Ukraynanın ərazi bütövlüyünü təmin etmək istəyir. Beləcə, Donbas problemi Dağlıq Qarabağ probleminə oxşamaq başlayıb”.

E.Şahinoğlu bildirdi ki, əslində Rusiya Ermənistan – Azərbaycan münaqişəsində də əsir və girovların “hamını-hamıya” prinsipi ilə dəyişdirilməsinin əleyhinə deyil: “Sadəcə, bizim Rusiyadan istəyimiz odur ki, Dağlıq Qarabağdakı iki girovumuzun azadlığını sürətləndirsin. Çox təəssüf ki, bu istiqamətdə irəliləyiş yoxdur. Ona qalsa, Ermənistan da deyir ki, gəlin ”hamını-hamıya” prinsipi ilə dəyişək. Amma Paşinyan yalandan deyir ki, Dağlıq Qarabağdakı girovların Ermənistana aidiyyəti yoxdur. Halbuki Dağlıq Qarabağa Ermənistan ordusu nəzarət edir. İndiki halda bizim üçün önəmlisi Dağlıq Qarabağdakı girovlarımızın azadlığa buraxılmasıdır və bunu istəyirik. Bunun müqabilində də əsirləri geri qaytara bilərik. Bəzən bizə elə gəlir ki, Dağlıq Qarabağ məsələsi bizim üçün əsas və önəmli problem olduğu kimi, başqaları üçün də önəmlidir. Çox təəssüf ki, reallıq fərqlidir, Dağlıq Qarabağ münaqişəsi böyük dövlətlər üçün siyahının axırında yer alıb. Parisdə də bunlar Ukrayna məsələsinin müzakirəsinə yığışmışdılar. Baxmayaraq ki, 4 dövlətdən ikisi ATƏT-in Minsk Qrupunun həmsədridir. Bəli, mümkün idi ki, Makronla Putin ayrıca görüşüb Qarabağla bağlı fikir mübadiləsi aparsınlar. Amma, göründüyü kimi, bu məsələ onlar üçün önəmli deyil”.

Politoloq Hikmət Hacızadə ile ilgili görsel sonucu

Politoloq Hikmət Hacızadə isə qəzetimizə bildirdi ki, Qarabağ məsələsinin müzakirələrdən kənarda qalmasından təəccüblənmək lazım deyil: “Axı, bu ”Normand formatı” məhz Ukrayna üçün təşkil olunub. Qarabağ məsələsi başqa yerlərdə müzakirə olunur, Minsk Qrupu çərçivəsində, Parisdə, Vaşinqtonda, Moskvada”.

Bir tərəfdən politoloq haqlıdır. Amma Qarabağ məsələsinin müzakirə olunduğu başqa platformalarda da uğurlu nəticə əldə olunmur.  Zahirən belə təsəvvür yaranır ki, “ikinci aprel” döyüşləri lazımdır ki, beynəlxalq aləm də münaqişənin həlli ilə bağlı aktiv müzakirələrə start verilməsi zərurətini anlasın və heç bir mötəbər toplantıda – Parisdə olduğu kimi – Qarabağı yaddan çıxarmasın…

E.PAŞASOY,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*