Paşinyan siyasi hədəflərini itirir
Oxunma sayı: 323

Karabakh.tv erməni KİV-lərində dərc olunan analitik yazılardan çıxış edərək xəbər verir ki, indi Ermənistan parlamentində əvvəlkindən də artıq təhlükəli vəziyyət yaranıb. Heç kimə sirr deyil ki, meydanda bir-biri ilə rəqabətə girən iki partiya var. Düzdü, bu partiyaların mübarizəsindən Paşinyan və onun komandası qalib çıxdı. Nəticədə Ermənistanın Respublika Partiyası (ERP) parlamentdəki üstünlüyünü itirdi.
Həmin dövrdə ERP-nin məsuliyyəti göz önündə idi. Hazırda isə Paşinyan yeni baş nazir kimi hər şeyə görə cavab vermək məcburiyyətindədir. O üzdən ERP üçün son dərəcə əlverişli vəziyyət yaranıb. Əlbəttə, onlar parlamentdəki məsul vəzifələri itirə bilərər. Amma 40 səs yetər ki, Serj Sarkisyanın partiyası həm seçki məcəlləsində, həm də konstitusiya qanunlarında edilən dəyişikləri topa tutsun. Çünki yeni kadrlar siyasi gedişlər haqqında kifayət qədər məlumatlı deyillər.
Məsələn, elə Paşinyanın özünün parlamentdəki son çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki, bu çıxışında o, özünü baş nazirdən çox, “inqilabçı” kimi göstərib. Bu isə öz növbəsində Paşinyanın hədəfləri itirməsi anlamına gəlir. Məsələ burasındadır ki, təcrübəli ERP nümayəndələri çox asanlıqla onu özündən çıxara bilirlər. Bu isə son nəticədə Paşinyanın İrəvan küçələrindəki nüfuzu ilə parlamentdəki nüfuzu arasında keçilməz uçurumlar yaradır.
İbrahim RÜSTƏMLİ,
Karabakh.tv



