Saytımıza xoş gəlmisiniz

Paşinyan Xankəndində nə danışıb və Astanaya hansı hazırlıq görülür?- ANALİZ

Oxunma sayı: 18

2018/11/nikol-1541576960.jpg

Ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyan qısamüddətli məzuniyyətlə işğal altında olan Qarabağa gəlib. Təsadüfi deyil ki, həmin günlər ərzində Ermənistanda saxlanılan girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi ilə bağlı məlumatlar yayıldı.

Məlumata görə, Azərbaycanda diversiya fəaliyyətlərinə cəhd edərkən saxlanılan Arsen Bağdasaryan, Karen Qazaryan və Zaven Karapetyan adlı Ermənistan ordusunun üç hərbi qulluqçusu saxlanılır, Ermənistanda isə Azərbaycan vətəndaşı Şahbaz Quliyev, Elnur Hüseynov və Rusiya vətəndaşı Dilqəm Əsgərov olmaqla 3 nəfər girovluqda saxlanılır.

Məsələ ilə bağlı işğal altında olan Qarabağdakı qondarma qurum, Dilqəm Əsgərov və Şahbaz Quliyevin təxribatçı, Azərbaycan tərəfində saxlanılan ermənilərin isə dinc sakin olduğunu iddia etdi. Ardından Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan da konstruktiv mövqe sərgiləmədi: “Ermənistanda heç olmasa ən az bir hərbi əsir olsaydı, o zaman erməni tərəfi hərbi əsirləri mübadilə etməyə hazır olduğunu bəyan edər, müvafiq tədbirlər həyata keçirərdi. Qarabağ tərəfi bütün məlumatlara tam malikdir və mən düşünürəm ki, David Babayan bu mövzuda müvafiq şərh verib”.

Məhz bu məlumatlar və yayılan bəyanatlar fonunda Paşinyan Qarabağa gəlib. Onun məsələ ilə bağlı qondarma qurum daxilində danışıqlar apardığı şübhəsizdir. Ermənistan tərəfi aparılan danışıqlarda Azərbaycanın “Qarabağ tərəfinə” müraciət etməsinə nail olmağa çalışır. Yəni, əsas məsələ Dilqəm Əsgərov və ya Şahbaz Quliyev deyil, Azərbaycanın qondarma qurumu siyasi tərəf olaraq tanımasını nümayiş etdirməkdir. Lakin rəsmi Bakı dəfələrlə girovların Ermənistan tərəfindən saxlanıldığını və buna görə rəsmi İrəvanın məsuliyyət daşıdığını vurğulayıb.

Dünən isə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan edib ki, 29 aprel 2016-cı il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubunda hazırda hər iki tərəfdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif edib. BQXK bu təklifin Ermənistan tərəfinə çatdırıldığını və saziş layihəsi üzərində müvafiq iş apardığını bildirib.

Bununla yanaşı, Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə edibr. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri – Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib.

Son dəfə cari ilin oktyabr ayında Ermənistana və işğal altında olan Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə telefon əlaqəsi saxlayaraq, bu ilin noyabr ayının sonunda Gürcüstanın Tbilisi şəhərində hər iki ölkənin Dövlət Komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə, Azərbaycan tərəfinin görüşə hazır olduğunu BİQ həmsədrlərinin diqqətinə çatdırıb.

Hazırda Düşənbədə prezident İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutan dialoqun davam etdirilməsinə dair müxtəlif fikirlər mövcuddur. Rusiyalı ekspertlər belə hesab edir ki, dialoq Putinin təşəbbüsü əsasında baş verib.

Maraqlıdır, görəsən sabah Astanada keçiriləcək zirvə toplantısında Putin tərəfindən dialoqun ikinci mərhələsinə təşəbbüs göstərilməklə, bütün əsir və girovların dəyişdirlməsi təklif ediləcəkmi? Hər halda Dilqəm Əsgərov Rusiya Federasiyası vətəndaşıdır.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*