Saytımıza xoş gəlmisiniz

Paşinyanın ətrafı nə etdiyini bilmir

Oxunma sayı: 30

d5fd6cdd5ca4f5a54577dfbe9055df7d

Erməni müdafiə nazirinin bir-birinə zidd bəyanatları nədən xəbər verir?

Ötən həftə Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni diasporu ilə görüşdə Azərbaycanı yeni müharibə ilə təhdid edərək, “Yeni müharibə, yeni ərazilər” bəyanatını vermişdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə David Tonoyanın bəyanatına dəstək ifadə etmişdi. İki gün öncə isə D.Tonoyan sözlərini dəyişib bu dəfə sülhdən danışaraq, verdiyi “müharibə” bəyanatından geri çəkilib. Azərbaycan və Ermənistan ordularının müharibəyə deyil, sülhə hazırlaşmaları çağırışını edib.

Ermənistan müdafiə nazirinin bir həftənin içində öncə Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələməsi, sonra Azərbaycan və Ermənistan ordularının müharibəyə deyil, sülhə hazır olmasını bəyan etməsi erməni hakimiyyətinin yeni manevridir, yoxsa səriştəsizliyin, nə edəcəklərini bilməməklərinin göstəricisi sayıla bilər?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, bu gün Tonoyan 180 dərəcə fərqli “biz sülh istəyirik” deyirsə, bu açıqlamanın da arxasında Nikol Paşinyanın istəyi dayanır. Çünki özü də son çıxışında sülhün vacibliyindən ağız dolusu danışıb. Paşinyanın və onun nazirlərinin tez-tez mövqelərini dəyişməsi Ermənistanın indiki hakimiyyətinin Qarabağ münaqişəsinin həlli ilə bağlı baxışının formalaşmaması ilə əlaqəlidir: “Paşinyan özü də etiraf etmişdi ki, köhnə hakimiyyətin xarici işlər naziri ilə qapalı görüş keçirib keçmiş danışıqların təfərrüatlarını dəqiqləşdiriblər. Elə Paşinyanın Azərbaycan prezidenti ilə 3 görüşü də münaqişənin həllinə təsir etməyən kiçik detallar üzərində qurulmuşdu. Bu arada, ən doğru açıqlama Paşinyanın xanımından gəlib. Erməni baş nazirin xanımı deyib ki, Ermənistanın minlərlə əsgəri heç nəyə görə Qarabağda ölüb. Bəli, illərdir biz də bunu deyirik. Böyük ehtimalla xanımı kimi Paşinyan da evdə bu ifadəni işlədib. Sadəcə, özü bu ifadəni rəsmən işlətsə hakimiyyətini laxladar, ona görə də xanımının açıqlaması vasitəsilə erməni cəmiyyətinin nəbzini yoxlayır.

Картинки по запросу Elxan Şahinoğlu

Bu baş verənlər ondan xəbər verir ki, işğalçıya qarşı təzyiqi bir an belə azaltmaq olmaz. Hücum diplomatiyası + snayperlərimizin dəqiq atəşləri davam etməlidir. Atəşkəsin pozulması bizi yox, Ermənistan hakimiyyətini narahat etməlidir və edir də”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistan rəhbərliyinin Qarabağ münaqişəsinin həlli ilə bağlı aydın strategiyası yoxdur. Paşinyanın danışıqların aparılması ilə bağlı açıqlamalarından sonra, ardınca  müdafiə naziri Tonoyanın savaş ritorikası bunu göstərir: “Vyana danışıqlarından dərhal sonra Tonoyanın sülh qarşılığında yeni ərazilərin ilhaqı və yenidən bu tip açıqlamalar Paşinyan iqtidarının daxildə radikal kəsimdən və Qarabağ klanından qorxmasından irəli gəlir. Təbii ki, Paşinyan bununla manevr siyasəti də aparır. Çünki mərhələli həll planında maraqlı deyil. Bu gün Paşinyan çalışır ki, münaqişənin həllində danışıqlar prosesi davam edərək, status-kvo qorunsun. Bu da keçmiş hakimiyyətin siyasətinin davam etməsidir. Azərbaycan bu kimi danışıqlara kəskin şəkildə imkan verməməlidir.

Похожее изображение

Paşinyan Vyana danışıqlarını səmərəli adlandırsa da danışıqların mahiyyətini özündə ehtiva edən  həll variantı olan yenilənmiş “Madrid prinsipləri”ni anlamadığını vurğulayır. Bu, o deməkdir ki, Paşinyan hələ ki tam strateji xəttə malik deyil və danışıqların hansı formatda aparılmasını müəyyən edə bilmir. Onun erməni jiurnalistə verdiyi cavabda danışıqların Serj Sərkisyanın qoyduğu nöqtədən deyil, özünün müəyyən etdiyi danışıqları apardığını vurğulaması rəsmi İrəvanın masada olan danışıqları görməzlikdən irəli gəlir. Halbuki danışıqlar yenilənmiş “Madrid prinsipləri”nə uyğun aparılmalıdr. Göründüyü kimi, Paşinyan bunda da maraqlı deyil. Fikir versək, onun separatçıları danışıqlar masasına gətirmək təklifi, danışıqlarda format dəyişikliyini qabartması məhz yenilənmiş “Madrid prinsipləri” üzrə danışıqlarda maraqlı olmadığını göstərir”. Ekspertin fikrincə, Paşinyan hazırda nə etmək istədiyini də bilmir: “Qərb onu Qarabağ münaqişəsini irəliyə aparmağa çağırır. Bunlar isə istifadə edərək müharibə bəyanatı verirlər. Hesab edirəm ki, Ermənistanda inqilabın bir illiyinin yaxınlaşması, ölkədə siyasi-iqtisadi və sosial vəziyyətin dəyişməməsi Paşinyanın siyasi reytinqini aşağı salır və daxili narazılıqlar yeni mərhələyə keçəcəyindən Paşinyan gah müharibə, gah da sülh bəyanatları verir. Bir tərəfdən Qarabağ klanı da pusquda gözləyir. Onlar gözləyir ki, Paşinyan Qarabağ siyasətində elə bir vəziyyət yaratsın  ki, bunlar  təzyiq rıçaqlarına başlasınlar.  Ermənistan rəhbərliyinin hazırkı siyasəti kəskin şəkildə Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Qeyd edim ki, növbəti danışıqlar mərhələsi Rusiyanın  vasitəçiliyi ilə aparılacaq. Moskvadan münaqişənin həllində hər hansı bir gözlənti gözləməyək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*