Saytımıza xoş gəlmisiniz

Paşinyanın Qarabağsız Moskva görüşü: Putin razılıq vermədi

Oxunma sayı: 375

uploa-1545976246

Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan ötən gün Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların detallarına “Facebook”dakı canlı yayımda aydınlıq gətirib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan bu dəfəki görüşdə Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmədiklərini deyib.

“Rusiya prezidenti ilə görüşlərimiz çox tez-tez baş verir və bu, bizim münasibətlərimizin xüsusi və strateji xarakterini sübut edir. Ermənistan-Rusiya münasibətlərinin gündəliyi o qədər genişdir ki, biz bütün məsələləri müzakirə etməyə imkan tapmadıq. Bu səbəbdən də, bu dəfəki görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmədik”, – deyə Paşinyan vurğulayıb.

O, həmçinin bildirib ki, Rusiya təbii qazının daha ucuz qiymətə Ermənistana satışı barədə Putinlə razılıq əldə edə bilməyiblər.

“Bu məsələ ilə bağlı qərar qəbul edilmədi. İşçi səviyyədə müzakirələrimiz davam edir. Söhbət zamanı bildirildi ki, bu, ikitrəfli münasibətlərimiz üçün olduqca həssas məsələdir və İrəvanla Moskvada bunun fərqindədirlər. Amma bütövlükdə ümid edirəm ki, bu müzakirələrin nəticəsi bizim üçün məqbul olacaq, ya da ən azından arzuolunmaz olmayacaq”.

Qeyd edək ki, Rusiya prezidenti ilə dünənki danışıqlarda Paşinyan daha çox diqqəti iqtisadi və parlamentlərarası əlaqələrin inkişafına yönəldərək KTMT baş katibi postu ətrafında yaratdığı problemdən yayınmağa çalışsa da, Putin İrəvanla təhlükəsizlik sahəsində, xüsusən də KTMT çərçivəsində əməkdaşlığın və münasibətlərin zərər görməsinin qəbuledilməz olduğunu ifadə edib.

Leyla Elbrusqızı 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*