Saytımıza xoş gəlmisiniz

Politoloq: Paşinyanın baş nazir kürsüsünə əyləşməmiş islahatlar aparması etirazların daha geniş vüsət almasına səbəb ola bilər

Oxunma sayı: 170

pashinyan_130718

Ermənistanda 2018-ci ilin aprelində Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra de-fakto, dekabrdakı növbədənkənar parlament seçkilərindən sonra isə de-yure siyasi səhnədən silinib kənara atılmış Respublika Partiyası gözlənildiyi kimi öz itirilmiş mövqelərini qaytarmaq, nüfuzunu bərpa etmək üçün N.Paşinyanın siyasətini kəskin tənqid etməyə başlayıb. Bunu Trend-ə politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, partiyanın fəallarından olan Eduard Şarmazanov kinayə ilə baş nazir vəzifəsini icra edən N.Paşinyanın bəzi “ilk”lərə imza atmasını bildirib. Bunlardan biri Mədəniyyət və Diaspor nazirliklərinin ləğv edilməsi, onların funksiyalarının digər nazirliklər arasında bölünməsidir:

“Bunun nəticəsində ləğv edilmiş nazirliklərin ixtisara salınmış əməkdaşları Yerevanda ötən həftə etiraz aksiyası keçiriblər. Erməni Apostol kilsəsi də buna etiraz edib. Gördüyümüz kimi, Paşinyanın hələ seçkilərdən sonra baş nazir kürsüsünə əyləşməmiş bəzi islahatlar həyata keçirməsi nəinki Respublika Partiyasının, digər qüvvələrin də etirazlarına səbəb olub və bu prosesin növbəti ildə daha da geniş vüsət alacağı istisna edilmir. Çünki bu və digər islahatlar nəticəsində minlərlə erməni yeni ili işsiz statusunda qarşılamalı olacaq. Bundan başqa, Paşinyanın imza atdığı “ilk”lərdən biri 2018-ci ildə bir sıra qalmaqallı həbslər oldu. Ermənistanın keçmiş prezidenti Koçaryanın, habelə Qarabağda vuruşmuş müharibə canisi, general Manvel Qriqoryanın həbsi, KTMT-nin baş katibi general-polkovnik Yuri Xaçaturovun istintaqa cəlb edilməsi buna misal ola bilər. Xaçaturovun həbsi Ermənistanın KTMT-də 2019-cu ilin may ayına qədər davam edəcək baş katib vəzifəsini itirməsinə səbəb oldu”.

N.Məmmədova əlavə edib ki, N.Paşinyanın Y.Xaçaturovun yerinə başqa bir erməni namizəd irəli sürmək təşəbbüsü təşkilatın digər üzv ölkələri, xüsusilə Qazaxıstan və Belarus tərəfindən kəskin narazılıqla qarşılandı: “Ermənistanın “rus NATO”sunda mövqeləri bununla da birdəfəlik itirildi və təşkilat üzvü olan ölkələrlə Ermənistan arasında dərin diplomatik böhran həddinə çatan münasibətlər meydana gəldi. Bu, Sankt-Peterburq toplantısında Paşinyana qarşı hətta adi diplomatik etiket və protokol qaydalarının göstərilməməsində özünü büruzə verdi”.

Politoloq qeyd edib ki, N.Paşinyanın Qərbə xoş gəlmək üçün demokratik görünmək, cinsi azlıqlara xüsusi hüquqlar vermək siyasətinin nəticəsi olaraq Ermənistanda ilk dəfə olaraq cinsi azlıqların nümayəndələri polisə hücum çəkdilər: “Özünü qafqazlı sayan ermənilər və onların polisi üçün bu əsl təhqir hesab oluna bilər. 2018-ci il mayın 8-də baş nazir seçilən Paşinyan iki gün sonra dərhal ölkənin güc strukturlarında təmizləmələrə başladı. Ermənistan polisinin rəhbəri və Milli Təhlükəsizlik Xidmətinin başçısı istefaya göndərildilər. Avqust ayında cinsi azlıqların polisə hücumu və iki nəfəri döyməsi də Paşinyanın polisi alçaltmaq siyasətinə rəvac verən hadisə kimi qəbul edilir”.

N.Məmmədova xatırladıb ki, II Qareginin bütün ermənilərin katolikosu titulundan məhrum edilməsini tələb edən “Yeni Ermənistan, yeni patriarx” hərəkatının fəalları bu ilin iyulunda Eçmiədzindəki dəftərxanaya hücum etdilər: “Ermənistanda hakimiyyət dəyişikliyindən sonra vaxtilə adı tez-tez ən çirkli işlərdə hallananlara qarşı hücumlar da artıb. Yerevanda katolikos əleyhinə mitinqlər keçirilib”.

Politoloq deyib ki, erməni kilsəsinin tarix boyu ermənilərin dindən daha çox ideoloji mərkəzi olması nəzərə alınarsa, o zaman Eçmiədzin kilsəsinə hücumların arxasında daha böyük siyasi planların olduğunu düşünmək olar: “Xaricdəki erməni diasporunun II Qaregini öz katolikosu kimi qəbul etmədiyi, diasporla Eçmiədzin arasında dərin nifrət və ədavətin olduğu məlumdur. Görünür, Paşinyanı hakimiyyətə gətirən diaspor fürsətdən istifadə edib həm də Qareginlə haqq-hesab çürüdərək ondan qisas almaq istəyir. Ermənistan artıq nəinki iqtisadi, sosial, həm də dərin ideoloji, siyasi bir parçalanmaya doğru sürətlə irəliləyir”.

nazakat_mammadova_141218_01

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*