Saytımıza xoş gəlmisiniz

Polkovnik: “O, təkidlə mənə “Xocalıda 2 nəfərin öldüyünü yazın” dedi” – Bir xəbərin REZONANSI

Oxunma sayı: 169

hikmet1551154959

1992-ci il  fevralından 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli Xocalı qətliamının bu gün  27-ci ildönümü qeyd olunur.  Hələ də beynəlxalq səviyyədə Xocalı soyqırımını törədənlərə ədalətli məhkəmə qurulmayıb.

Əsrin ən dəhşətli faciəsi ilə bağlı bəzi müəmmalar hələ də açılmamış qalır.

O zaman soyqırımı törədiləndən sonra Azərbaycan ictimaiyyətinə verilən ilk rəsmi məlumatda yalnız 2 nəfərin öldüyü söylənilmişdi.

Halbuki, həmin gecə Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımı törədilmiş, yüzlərlə insan qanına qəltan edilmişdi.

Azərbaycan Dövlət Televiziyasında (AzTV) səslənmiş həmin informasiyaya görə isə, guya 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda ermənilər tərəfindən cəmi 2 nəfər öldürülüb.

Bəzi şəxslər “Xocalıda 2 nəfər qətlə yetirilib” xəbərinə görə o zamankı prezident Ayaz Mütəllibovu ittiham edir, məlumatın bu cür yayılmasında onun birbaşa iştirakını iddia edir. Bəs əslində bu xəbərin ilkin mənbəyi kim olmuşdu?

Modern.az saytı ötən günlərdə “Xocalıda cəmi 2 nəfər ölüb” xəbərini kim vermişdi… – Düyünlər ÇÖZÜLÜR” başlıqlı yazıda bu məsələyə qismən aydınlıq gətirmişdi.

Həmin vaxt Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş növbəti müsahibimiz olay barədə daha detallı danışıb.

Daxili xidmət polkovniki, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Hikmət  Xudiyev Modern.az-a açıqlamasında həmin dövrdə verilmiş “Xocalıda cəmi 2 nəfər ölüb” xəbərinin necə yayılmasına belə aydınlıq gətirib:

“Xocalı soyqırımı ərəfəsində mən DİN-in mətbu orqanı olan “Mübariz keşikdə” qəzetinin nəşrinin dayandırılması ilə əlaqədar redaktor vəzifəsindən azad edilərək,  Daxili İşlər Nazirliyinin Mətbuat xidməti rəisinin müavini postuna təyin olunmuşdum. Sözügedən qəzetin nəşrinin dayandırılmasının əleyhinə olduğumdan nazir Tofiq Kərimovun mətbuat işlərini həvalə etdiyi sabiq DTK əməkdaşı Əsildar Hüseynov tərəfindən sonuncu vəzifəmin də icrasından kənarlaşdırılmışdım.

Əsildar Hüseynov Xocalı hadisəsindən sonra gözlənilməyən bir mehribançılıqla məni  xidməti otağına dəvət etdi. Mən həmin günü Ağdamdan qayıtmışdım. “Biz sizinlə işləyəcəyik” kimi aldadıcı manevrlər edərək mətləbə keçdi –  mənə Xocalıda 2 nəfərin ölümü ilə bağlı məlumat hazırlamağımı, imzalamağımı və müvafiq qurumlara ötürülməsini tapşırdı. Mən Əsildar Hüseynova – sabiq DTK polkovnikinə – Ağdamdan gəldiyimi və ora  Xocalıda həlak olan onlarla adamın meyitinin yük maşınlarında gətirildiyini, saysız-hesabsız olduğunu bildirdim. O təkidlə “hələ ki 2 nəfərin öldüyünü  yazın” – dedi. Mən ona qətiyyətlə “bunu yazmayacağam” dedikdə, o rus dilində məni “uvolit” etməklə hədələdi, növbəti dəfə otağından qovdu. Sonra isə onun özü də bu müdhiş yalana imza atmadı və Xocalıda iki nəfərin ölümü haqqında xəbər səhv etmirəmsə nazir Tofiq Kərimov tərəfindən imzalandı”.

Hikmət Xudiyev Xocalı soyqırımı zamanı müdafiə naziri olan Tahir Əliyevin saytımıza dediklərinə də aydınlıq gətirib.

“Sonrakı daxili işlər naziri Tahir Əliyevin mövqeyinə gəldikdə isə ədalət naminə, onun milli məfkurədən uzaq Əsildar Hüseynovun DİN-dən uzaqlaşdırılmasına çevik mövqeyi təqdirəlayiqdir. Nazir postuna gəldiyi elə ilk günlərdə Tahir Əliyev “Xocalıda 2 nəfərin ölümü” barədəki rəsmi məlumata, həmçinin özünəməxsus  ənənələri olan, 1933-cü ildən nəşr edilən “Mübariz keşikdə” qəzetinin bağlanmasına prinsipial, qətiyyətli və ədalətli mövqe nümayiş etdirdi. DİN-in tarixində çox da təkrarı olmayan hadisə baş verdi. Nazirin otağında özünə bəraət verməyə çalışan Əsildar Hüseynov “yeni şefini” aldada bilmədi. Tahir Əliyev elə həmin otağa çağırılan kadr aparatı əməkdaşının hazırladığı əmri imzalayaraq,  Əsildar Hüseynovu vəzifəsindən azad, daxili işlər orqanlarından xaric etdi. Tahir Əliyevin başqa bir əmri ilə bu gün də işıq üzü görən “Mübariz keşikdə” qəzetinin nəşri bərpa olundu. Və nəhayət etnik təmizləmə və soyqırımına əsl siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verildi, 1994-cü ildə Azərbaycan parlamentinin 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul  edildi”.

Namidə BİNGÖL

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*