Saytımıza xoş gəlmisiniz

Qənirə Paşayeva AŞPA-da Ermənistanı terrora dəstək verməkdə ittiham edib

Oxunma sayı: 285

qenire_885

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun yay sessiyasının plenar iclasında çıxış edib.

APA-nın Avropa bürosunun xəbərinə görə, Q. Paşayeva Ermənistanın dövlət səviyyəsində terroru dəstəklədiyini bəyan edərək, terrorçuları qəhrəman elan edib, heykəllər qoyan bu ölkəyə qarşı ciddi addımlar atmağa çağırıb: “Avropa Şurası, AŞPA, bütövlükdə Avropa terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir. Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq, etnik və dini ayrım etmədən Avropa Şurası terrora qarşı sərt mübarizə aparmalıdır. Mənim ölkəm Azərbaycanda bir neçə il əvvəl Ermənistan dövləti tərəfindən dəstəklənən terror hadisələri baş verdi. Metrolar, avtobuslar, qatarlar terrorçuların hədəfi oldu. Çoxlu sayda insanımız həyatını itirdi, yaralandı və əlil oldu. Amma bu terror hadisələrini planlayanlar, təşkil edənlər Ermənistan dövləti tərəfindən himayə edildi, qorundu və orada gizlənir. Məsələn, bütün dünyada tanınan terrorist, ASALA terror təşkilatı liderlərindən Monte Melkonyan. Bu terrorist Azərbaycan torpaqlarının işğalında, azərbaycanlıların qətlə yetirilməsində birbaşa rol oynadı. Amma Ermənistan bu terror liderini milli qəhrəman elan etdi və ona abidə ucaltdı. Təəssüf ki yüzlərlə insanımız, uşaqlarımız Ermənistan tərəfindən dəstəklənən terrorun qurbanı olsa da, bizim səsimiz, çağırışlarımız burada, Avropa ölkələrində duyulmadı və biz terrorla mübarizədə sizdən yetərli dəstəyi ala bilmədik. Biz Parisdə, Londonda, Belçikada və ya Avropanın hər hansı yerində terror hadisəsi baş verdikdə bu terror hadisələrini hər zaman lənətlədik, sizinlə birlikdə üzüldük, terrorla mübarizədə yanınızda olduğumuzu bəyan etdik. Biz Avropa ölkələrindən də bizə qarşı terror hücumlarında eyni münasibəti ortaya qoymasını gözləyirik”.

Q.Paşayeva Avropanın Azərbaycana qarşı göstərdiyi ikili standartları Türkiyəyə qarşı da göstərdiyini söyləyib: “Bu gün Türkiyə bir çox terror təşkilatlarına qarşı ciddi şəkildə mübarizə aparır. Təəssüf ki, bəzi Avropa ölkələri nəinki terrorla mübarizədə Türkiyəyə dəstək vermir, eyni zamanda Türkiyənin mübarizə apardığı terror təşkilatlarına dəstək verənlərə dəstək göstərir. Bu, son dərəcə üzücü, üzücü olduğu qədər də qəbuledilməz bir vəziyyətdir və buna son verilməlidir. Assambleyamızı və üzv ölkələri terrorla mübarizədə Türkiyəyə daha çox dəstək verməyə çağırırıq”.

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*