Saytımıza xoş gəlmisiniz

Qənirə Paşayeva qədim Kokand şəhərində Qarabağ həqiqətlərindən danışıb və ziyalılara, gənclərə çağırış edib

Oxunma sayı: 39

6b72a321f4351a73dff57abaf86a0ac0

Millət vəkili Q.Paşayeva qədim Kokand şəhərində Qarabağ həqiqətlərindən danışıb və ziyalılara, gənclərə çağırış edib.

Özbəkistanın qədim Kokand şəhərində Azərbaycan-Özbəkistan dostluq, əməkdaşlığı ilə bağlı tədbir, gecə və millət vəkili Q.Paşayevanın Özbəkistanda çıxmış kitabının təqdimat mərasimi keçirilib. Tədbirlərdə millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, Kokand şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər. Bu ölkənin Yazıçılar İttifaqının, “Kitob dunyasi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə təşkil etdiyi tədbirdə çıxış edən Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri E.Suddikova Özbəkistanla Azərbaycan arasında tarixən yaranan dostluq əlaqələrindən danışıb. O, bu əməkdaşlığın daha da genişlənməsi istiqamətində millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın Kokanda səfərini, keçirdiyi görüşləri və müəllifi olduğu kitabın Kokandda təqdimatının keçirilməsini yüksək qiymətləndirib və iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətinə görə millət vəkili Q.Paşayevaya rəhbərlik etdiyi qurum adından təşəkkürnamə təqdim edib. Tədbirdə millət vəkili Qənirə Paşayeva geniş məruzə ilə çıxış edərək Azərbaycan-Özbəkistan qardaş münasibətlərindən danışmış, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub. Millət vəkili qeyd edib ki, Kokand şəhəri ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin həyata keçirilməsi, regionlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi olduqca zəruri məsələlərdəndir. Millət vəkili Qənirə Paşayeva tədbirdə Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı geniş məruzə ilə çıxış edib. O, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini xüsusi vurğulayıb. O, qardaş Özbəkistanın Türk Şurasına üzv olmağını Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini və gələcək əməkdaşlıqda bu amilin yeni imkanlar yaradacağını söyləyib. Millət vəkili əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin reallaşdırılmasının zəruri olduğunu vurğulayıb. O, Özbəkistanda özbək dilində kitabının nəşr olunmasından məmnunluq hissi keçirdiyini deyib və əməyi keçənlərə təşəkkürünü bildirib.

Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyən millət vəkili Q.Paşayeva məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib. Millət vəkili Q.Paşayeva eyni zamanda ermənilərin Özbəkistanda törətdiyi dəhşətli faciələr haqqında da geniş danışıb, ermənilərin həm Azərbaycanda, həm də Özbəkistanda törətdyi faciələri hər bir insanımız yaxşı bilməlidir və gənc nəsillərimizə tariximizi yaxşı öyrətməliyik deyib. O, yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şair, yazar, aydınlarına təşəkkürünü bildirib. Millət vəkili Q.Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib. Millət vəkili Q.Paşayeva bildirdi ki, Özbəkistan prezidenti Şevket Mirziyoyevin sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addım oldu. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Özbəkistanın şairlər yurdu, 300-dən artıq böyük şair, alim yetişdirmiş Kokand torpağına Azərbaycandan salamlarını çatdırmış, ölkəmizdə Özbəkistana xüsusi sevgi olduğunu bildirib. Tarixən bütün türk dövlətlərinin böyük tarix və mədəniyyət yaratdığını bildirən millət vəkili Kokanddakı Əl-Biruni, Əl-Xarəzmi, İbn Sina və digər mütəfəkkirlərin yaradıcılığını özündə əks etdirən muzeylə tanışlığın onda böyük təsürat yaratdığını söyləyib.

Qənirə Paşayeva Özbək xalqının öz köklərinə sayğı və məhəbbətlə yanaşması faktını onu sevindirdiyini, daim xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin davam edəcəyinə inandığını vurğulayıb. Tədbirdə millət vəkili Qənirə Paşayeva Özbək mədəniyyətinə dair hədiyyələr və mükafatlarla təltif edilib. Millət vəkili Qənirə Paşayeva da Kokand rəsmilərinə və ziyalılarına Azərbaycan mədəniyyətini və tarixini özündə əks etdirən materiallar və hədiyyələri təqdim edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan arasında dostluq əlaqələrindən danışmış, bu ilin 15 sentyabr tarixində Özbəkistanın Kokand şəhərində keçirilən I Beynəlxalq Tətbiqi Sənət Festivalında Azərbaycan Respublikasının yüksək səviyyədə təmsil olunduğunu qeyd edib.

Fərqanə vilayətinə aid olan Kokand və Riştan şəhərlərinin daim öz sənətkarlıqları ilə məşhur olduğunu bildirən diplomat Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ötən il Özbəkistanın Riştan şəhəri ilə Azərbaycanın İsmayıllı şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” haqqında sənədin imzalandığını bildirib. Özbəkistanın “Kitob dunyasi” qəzetinin Baş redaktoru, şair Xasiyyət Rüstəm, Özbəkistanın tanınmış şair, yazar, alimləri, azərbaycanlı ziyalılar Şəmil Sadıq və Sərvaz Hüseyoğlu çıxış edərək hər iki ölkənin gəncləri, yaradıcı şəxsləri arasında əlaqələrin genişləndirilməsi, birgə konfransların, təqdimatların, poeziya gecələrinin təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması və s. məsələlərə dair fikirlər söyləmiş, regionlar arasında əməkdaşlığa dair potensialın daha böyük olduğunu və mövcud imkanlardan istifadə edərək əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu söyləyiblər. Sonra tədbir geniş konsert proqramı ilə davam edib, dosluğa həsr olunmuş, habelə millət vəkili Qənirə Paşayevanın sözlərinə bəstələnən mahnılar ifa edilib.

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Fərqanə vilayətinin Kokand şəhərində “Şəxsiyyətlər parkı”nda xüsusi təmtaraqla qarşılanmış, parkda tanınmış şair və yazıçıların abidəsi önünə gül-çiçəklər düzülmüş, Özbək şagirdlər sözügedən şəxsiyyətlərin şeirlərini səsləndirmişlər.

Sonra qonaqlar parkdakı “Böyük şəxsiyyətlər” muzeyi ilə tanış olublar. Muzeydəki bir çox eksponatlar, kompozisiyalara baxış keçirilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*