Saytımıza xoş gəlmisiniz

Qabil Hüseynli: “Güclü Sərkisyan-Köçəryan müxalifəti çox çəkməz ki…”

Oxunma sayı: 109

qabil_huseynli

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın başçılıq etdiyi Respublika Partiyasının üzvü Eduard Şarmazanovun Nikol Paşinyanın siyasi hakimiyyətinə qarşı sarsıdırıcı tənqidlərində həqiqət payı, mövcud reallıqları əks etdirən nüanslar var. Şarmazanov Rusiya ilə münasibətlərin gərginləşməkdə olduğuna dair növbəti bəyanatı ilə bir daha Paşinyana mesajlar göndərir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun Paşinyan hökumətinin “pinq-ponq” siyasəti yürütdüyü və Rusiyadan təhlükə olduğuna dair bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Eduard Şarmazanov bununla artıq bir neçə dəfədir müxalif Serj Sərkisyanın nümayəndəsi kimi Nikol Paşinyanın mövcud hakimiyyətini ciddi surətdə tənqid edir: “Xəzərin statusu ilə bağlı Konvensiya imzalananda Şarmazanov bildirmişdi ki, Ermənistanda siyasilərin bir-biri ilə didişdiyi bir vaxtda Azərbaycan Xəzərin statusu ilə bağlı Rusiya ilə birlikdə müqaviləyə imza atır və özündə həm nəqliyyat, həm də dəniz resursları və karbohidrogen ehtiyatları olan nəhəng layihəni reallaşdırır”.

Politoloqun fikrincə, Şarmazanovun son zamanlar xeyli fəallaşması onu göstərir ki, Robert Köçəryanın partiya yaratmaq haqda bəyanatından və Serj Sarkisyanın istintaq komissiyasına çağırılması ilə əlaqədar Respublikaçı Partiyasının sıralarında canlanma hiss olunur: “Əsasını “Qarabağ klanı” təşkil etsə də, kifayət qədər böyük oliqarxların və tanınmış iş adamlarının dəstək verdiyi Respublika Partiyası gələcəkdə Köçəryanın formalaşdıra biləcəyi siyasi partiya ilə ittifaqa girərsə, güclü müxalifət düşərgəsi yarada bilərlər”.

Qabil Hüseynli Rusiya mətbuatınin iki ölkə arasında gərgin münasibətləri açıq surətdə şərh etdiyinə və rus siyasilərinin bir-birinin ardınca İrəvana mesajlar ötürdüklərinə diqqət çəkib: “Köçəryan və Yuri Xaçaturovun həbsdən azad edilməsi Kremlin təzyiqi ilə baş verdi. Bu hadisələr Paşinyan hakimiyyətinin nə qədər oyuncaq və itaətkar olduğunu aydın göstərir. Paşinyan Rusiyaya yaltaqlanır, az qala hər gün Moskvaya xoş gəlmək üçün müəyyən siyasi komplimentlərdən istifadə edir.

Paşinyanın siyasi müxalifəti formalaşıb və ayaq üstündə dik durmağa başlayıb. Hələ ki sözçü sifətində Şarmazanov çıxış edirsə, tezliklə sıralarından başqa millət vəkillərinin və yaxud Köçəryanın özünün də aktiv siyasi bəyanatlarla çıxış edəcəyinin şahidi olacağıq.

Zənnimcə, bu, bəlli ssenaridir və ehtimal edirəm ki, Moskva tərəfindən hazırlanıb. Serj Sarkisyanın Xankəndinə səfər etməsi və orada müxtəlif adamlarla görüşməsi, qondarma Dağlıq Qarabağ Respublikasının qondarma parlamentinin Köçəryanla bağlı Ermənistan parlamentinə müraciəti, ardınca Köçəryanın partiya yaratmaq haqda bəyanatı və Şarmazanovun cəsarətli və iqtidarı sərt tənqid edən açıqlamaları göstərir ki, Paşinyan əvvəlki kimi populist çağırışlarla çıxış edə bilməyəcək. Onun üçün müəyyən qırmızı xətlər çəkilməkdə və xəbərdarlıqlar səsləndirilməkdədir.

Ermənistanda qarşı-qarşıya duran ideologiyalar formalaşır ki, gələcək qarşıdurmaların ideya-siyasi bazası rolunu oynaya bilər”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*