Saytımıza xoş gəlmisiniz

Qarabağda fəaliyyət göstərən yeganə ali təhsil ocağı – Xankəndi Pedaqoji İnstitutu

Oxunma sayı: 208

43189056_828619820834732_1158614509527498752_n

Xankəndi Pedaqoji İnstitutu Qarabağda fəaliyyət göstərən yeganə ali təhsil ocağı olub. İnstitutut kənardan çox sakit bir təhsil ocağı təəssüratını bağışlasa da, fəaliyyətə başladığı gündən burada çalışan erməni müəllimlər bu təhsil ocağını daşnak yuvasına çevirmək arzusunda olublar. Çox-çox sonralar, 1988-ci ildə məlum hadisələr başlananda bu fakt özünü bir daha təsdiqlədi. Xankəndində erməni millətçilərinin əməllərinə, məkrli planlarına maneçilik törədən, ermənilər üçün arzuolunmaz saylılan, azərbaycanlıların daha sıx olduğu yer Xankəndi Pedaqoji İnstitutu idi.

2 mindən çox tələbəsi olan Xankəndi Pedaqoji İnstitutu Qarabağın təhsil müəssisələri arasında özünəməxsus yer tuturdu. Bu institutun Yuxarı Qarabağın və ərazi cəhətdən ona bitişik olan başqa rayonların gənclərinin ali təhsilə yiyələnməyində xüsusi rolu olub.

Pedaqoji İnstitut 1969-cu ildə indiki N.Tusi adına Pedaqoji Universitetin (keçmiş V.İ.Lenin adına APİ) filalı kimi fəaliyyətə başlayıb. Bir neçə ildən sonra – Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkilinin 50 illik yubileyi günündə Xankəndi filialının maddi-texniki bazası əsasında, o zaman respublikaya rəhbərlik etmiş Heydər Əliyevin göstərişi və Azərbaycan Nazirlər Sovetinin 28 noyabr 1973-cü il qərarı ilə müstəqil ali məktəb kimi fəaliyyətini davam etdirib.

Institut təşkil edilərkən burda üç dildə – Azərbaycan, rus və erməni dillərində ali pedaqoji təhsilli kadr hazırlığına başlanıb.

Bu ali təhsil ocağında çalışan dəyərli alimlərimiz, əsl vətənpərvər ziyalılar olan Nəcəf Quliyev, Nazim Axundov, Kamil Quliyev, Xasay Cabbarov, Süleyman Zeynalov, Ənvər Əhməd, Mirələm Vəliyev, Abbas Abbasov, Yusif Ağayev,  Zabil Bayramov, Şahlar Quliyev, Bəşir Fərəcov, Yusif Fərzəliyev, Eldar Məmmədov və digər elm adamlarımız müntəzəm olaraq tarixi məharətlə, böyük ustalıqla saxtalaşdırmağı bacaran həmkarlarının, erməni “alim”lərinin cəfəng ideyalarına, sərsəm fikirlərinə qarşı tutarlı tarixi faktlarla, elmi əsaslarla çıxmağı bacarıblar.

Digər bir tərəfdən Azərbaycanlı gənclərin bu institutda təhsil alması, institutun ictimai həyatında kifayət qədər fəal olmaları təbii ki, ermənilər üçün arzuolunmaz idi. Elə bu səbəblərdən də məlum Qarabağ hadisələri başlananda erməni millətçiləri Xankəndi Pedaqoji İnstitutunu ciddi bir obyekt kimi hədəfə alıblar.

Beləliklə, fəaliyyətə başlamasından 20 il keçdikdən sonra Xankəndində başlayan erməni qiyamının ilk zərbələrindən biri bu ali təhsil ocağnın kollektivinə dəyib.

1988-ci il mayın 16-da institutun Azərbaycan şöbəsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlərə məruz qalaraq Xankəndindən qovulub.

Pedaqoji kollektiv Şuşa şəhərində müvəqqəti sığınacaq tapıb, daha sonra isə institut Gəncəyə köçürülüb. Bir müddət keçdikdən sonra isə Nazirlər Sovetinin qərarı ilə Azərbaycanın 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Xankəndi Pedaqoji İnstitutunun məzunları bu gün ölkəmizin təhsil sistemində, paytaxt Bakıda və ayrı-ayrı bölgələrdə peşəkar və bacarıqlı mütəxəssislər kimi tanınaraq pedaqoji fəaliyyətlərini uğurla davam etdirirlər.

İlham Cəmiloğlu

Karabakh.TV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*