Saytımıza xoş gəlmisiniz

Qarabağdakı su anbarları: Sərsəngdən kiçik su anbarlarına qədər – ARAŞDIRMA (FOTOLAR)

Oxunma sayı: 228

2018/12/2-3089023074.jpg

İşğal altında olan Qarabağdakı su hövzələri, onların su tutumu, hansı təyinatla istifadə edildiyi və hazırda inşaatı davam edən su anbarları barədə araşdırma apardıq.

Ordu.az-ın araşdırmasına görə, Qarabağda ümumilikdə 24 su anbarı var və bunlardan 3 su anbarı qəzalı vəziyyətdədir. 22 meliorasiya təyinatlı su anbarından 7-si, həmçinin balıqçılıq məqsədləri üçün istifadə edilir. Meliorasiya təyinatlı su anbarları qondarma qurumun “kənd təsərrüfatı qurumu”nun tabeliyindədir. Bu qurum su sisteminin idarə olunması, istifadəsi və siyasətinin hazırlanması məsələləri ilə məşguldur. Digər 2 su anbarı isə enerji mənbəyi təyinatlıdır. Hidroenerji təyinatlı su anbarları ilə qondarma qurumun “iqtisadiyyat və istehsalat qurum”u məşguldur.


Madagiz su anbarı

Məlumata görə, Sərsəng və Madagiz (Su Qovuşan) su anbarları enerji təyinatlı anbarlardır. Sərsəng su anbarı 50 mqvt, Madagiz-1 su anbarı 4.8 mqvt və Madagiz-2 su anbarı isə 3 mqvt gücə malikdir və bu stansiyaları “Artsax SES” QSC istismar edir. Bu qapalı səhmdar cəmiyyətin 48% səhmləri qondarma quruma, qalan 52% səhmləri isə daha kiçik özəl sahibkarlara aiddir. Həcmi ən böyük olan su anbarı Sərsəngdir. Bu yalnız Qarabağda deyil, ümumiyyətlə, Ermənistan da daxil olmaqla ən böyük su anbarıdır.


Axuryan su anbarı

Qeyd edək ki, Ermənistanın Türkiyə ilə birgə istifadə edilən ən böyük Axuryan su anbarının tutumu 525 mln m³-dir. 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilmiş Sərsəng su anbarının ümumi su tutumu isə 565 mln m³-dir. Onun istifadəyə yararlı olan tutumu 495 mln m3, bəndinin hündürlüyü 126 m və uzunluğu 550 m-dir. Sərsəng su anbarı bəndinin hündürlüyünə görə, ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarından buraxma sistemi ilə “Sərsəng” HES istiqamətinə saniyədə 70 m3 su buraxıla bilər. Bundan başqa su anbarının suvarma kilidləri də var. Zərurət olduğu halda meliorasiya məqsədilə anbardan saniyədə 30 m3 su buraxıla bilər. Sərsəng su anbarından şərqə doğru Tərtərlə müqayisədə aşağı axın istiqamətində Madagiz su anbarı yerləşir. Onunla yanaşı olan HES Sovet dönəmində inşa edilib və həmin dövrdə su anbarı kənd təsərrüfatında suvarma məqsədilə də istifadə edilib. 2012-ci ildə “Madagiz-1” və “Madagiz-2” kiçik hidro elektrik stansiyaları istismara verilib. Məlumata görə, Madagiz su anbarının ümumi tutumu 5 mln m3 təşkil edir.

Meliorasiya su anbarları



Xaçın su anbarı

Qeyd olunduğu kimi, Sərsəng və Madagiz su anbarlarından başqa digər su anbarları suvarma təyinatlı su anbarlarıdır. Bunlar, əsasən, kənd əhəmiyyətli göllərdir. Lakin Xaçın su anbarı 15 mln m3 tutuma malik olmaqla böyük su anbarı hesab olunur. Öz qrupuna aid olan su hövzələri arasında böyüklüyünə görə Qarabağda yerləşən su anbarları arasında birincidir. Bu anbar da Sovet dönəmində inşa edilsə də, keçmiş DQMV ərazisindən kənarda Ağdam rayonu ərazisində Xaçın çay üzərində yerləşirdi. Hazırda isə qondarma qurumun nəzarətində olan Əsgəran və Ağdərə inzibati ərazilərinə düşür. Xaçın su anbarından başqa Qarabağın cənubunda Füzuli rayonu yaxınlığında yerləşən “Varanda-1” (Qaradağlı) su anbarı da vacib əhəmiyyətə malikdir.


“Varanda-1”, “Varanda-2” və “Varanda-3” su anbarları

Sərsəng, Madagiz, Xaçın və “Varanda-1” su anbarlarının texniki vəziyyətinin təqiqat layihəsinin rəhbəri Arestak Saruxanyan 2014-cu ilin fevral ayında jurnalistlərə bildirib ki, yoxlamalar nəticəsində anbarların ümumi texniki vəziyyəti kafi qiymətləndirilib. O, Xaçın və Madagiz su anbarlarının sabit vəziyyətdə olduğunu qeyd edib. Saruxanyanın sözlərinə görə, 2016-cı ildə baş verən aprel döyüşlərində Madagiz su anbarına heç bir ziyan dəyməyib və yüksək riskli olsa da Sərsəng su anbarının bəndinin vəziyyəti də kafi olaraq qalıb.


Madagiz su anbarı

Arestak Saruxanyanın su anbarlarının tutumu ilə bağlı verdiyi rəqəmlər belədir: Madagiz su anbarının su tutumu 5.2 mln m3, Xaçın su anbarının su tutumu 22 mln m3, “Varanda-1” su anbarının su tutumu 10-12 mln m3 təşkil edir. Sərsəng su anbarının da su tutumu bu rəqəmlərə əlavə edildikə, Qarabağ ərazisində su anbarlarında 604 mln m3 su ehtiyatı saxlamaq mümkündür.

Qeyd edək ki, Azərbaycan Respublikası dövründə inşa edilən su anbarlarının texniki layihələri Qarabağ müharibəsi dövründə qorunub saxlanmayıb. Sonradan isə Madagiz, Xaçın və Varanda su anbarlarının texniki layihələri yenidən hazırlanıb. Məlumatlara görə, Varanda çayı üzərində eyni vaxtda 3 su anbarı, “Varanda-1”, “Varanda-2”, “Varanda-3” su anbarları yerləşir və bu anbarların hamısı Sovet dövründə inşa edilib.


“Varanda-1” və “Varanda-3” su anbarlarının ərazisi

Bundan sonrakı tarixə baxsaq, 2015-ci ildə 1962-ci ildə inşa edilmiş “Varanda-3” su anbarının qanunsuz olaraq yenidən qurulmasına başlanılıb. Ümumi tutumu 3 mln m3 olan bu su anbarı, digər iki anbar kimi DQMV ərazisindən kənar Füzuli rayonu ərazisində inşa edilib. “Varanda-3” su anbarı hesabına Xocavənd rayonunun əkin sahələrinin suvarılması da nəzərdə tutulub. “Varanda-3” su anbarının yenidən qurulması və Qarabağ ərazisində qanunsuz olaraq neçə su anbarının inşasının aparılması barədə isə ətraflı məlumat verilmir və bu məlumatların məxfi saxlanıldığını bildirirlər.



Sərsəng su anbarı

Cari ilin yanvar ayında qondarma qurumun sabiq “dövlət naziri” Arayik Harutyunyan iqtisadi artımdan danışarkən bildirib ki, Sərsəng-Madagiz su anbarları ərazisində bu il yerli və xarici sərmayə hesabına 100 mln dollar dəyərində layihə həyata keçiriləcək. O, inşa ediləcək su anbarlarının turizm, enerji və balıqçılıq təyinatlı olacağını bildirib.

Bundan başqa digər bir “məmur” Artak Beqlaryan isə qeyd edib ki, xarici sərmayə hesabına bir neçə əhəmiyyətli su anbarları inşa ediləcək və bir neçə il öncə Laçın ərazisində su tutumu həcmi 12 mln m3 olan su anbarının inşası bu il yekunlaşdırılacaq.

Təsadüfi deyil ki, noyabrın 14-də Avropa İttifaqı ərazisində qeydə alınmış investisiya şirkətinin nümayəndələrindən ibarət bir qrup şəxs Qarabağa qanunsuz səfər etdi. Nəticədə yuxarıda qeyd edildiyi kimi, su anbarları ilə bağlı 100 mln dollar dəyərində layihənin həyata keçiriləcəyi vurğulandı.
Qeyd edək ki, inşa ediləcək su anbarının məqsədinin elektrik enerjisi istehsalı ilə yanaşı, suvarma və balıqçılıq olacağı bildirilir. Layihənin həyata keçirilməsi üçün xarici sərmayədarların artıq buna qədər bir neçə milyon dollar sərf etdiyi də vurğulanırdı.


İnşa edilən Laçın su anbarının ərazisi

Hazırda Sərsəng-Madagiz hissəsinin və Laçın su anbarı layihələrinin hansı mərhələdə olduğuna, dəyəri və sərmayədarların kimliyinə dair heç bir məlumat verilmir. Lakin, Laçın su anbarının himayədarının “Artsax HES” səhmlərin də sahibi olan İsveçrə ermənisi Vardan Srmakeş olduğu barədə məlumat əldə edilib. Su anbarının əsası 2015-ci ilin yayında qoyulub və məkan olaraq Həkəri və Zabux çaylarının qovşağı, Zabux kəndinin yaxın ərazisi seçilib.

Su anbarının layihə müəllifi “Ermsu” Layihə İnstitutunun rəhbəri Yuri Cavadyan bildirib ki, 12 mln m3 tutumunda olan su hövzəsinin bəndinin hündürlüyü 40 m, su anbarının hövzəsi 81 hektar, ümumi mühafizə olunan sahəsi isə 150 hektar olacaq.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*