Saytımıza xoş gəlmisiniz

Qarabağın Həcər qeyrətli qızı

Oxunma sayı: 432

z-4

Keşməkeşli  tariximizin  müxtəlif   dönəmlərində  kişilərlə  çiyin-çiyinə  dayanmış  Tomiris, Burla  Xatun,  Nigar, Həcər  və  onlar  kimi  çoxsaylı  Azərbaycan  qadını    olmuşdur.  Fədakar   Azərbaycan  qadınlarını   heç  də  dastanlarda,  əsatirlərdə  axtarmaq   lazım  deyil.  Onların  adlarına   Azərbaycanın  XX  və   XXI  əsr  tarixində  də  rast   gəlmək  mümkündür.

Qırxqız  dağlarının  ətəklərində  yerləşən,  azəri  türklərinin  qədimdən  yaşayış  məskəni  olan  Qarabağın   Kosalar  kəndində  Lətif  kişinin  ailəsində  01  aprel  1968-ci  ildə    bir  qız  uşağı  dünyaya  gəldi. Bu, ailədəki  uşaqların   altıncısı,  qız  uşaqlarının  isə  dördüncüsü   idi.  Bu  qız  uşağının    dünyaya  gəlməsi  ilə  Lətif  kişinin  ocağına  sanki  ən  parlaq  ulduzun-Zöhrə  ulduzunun  şöləsi  yayıldı.  Elə   ona  görə  də  onun  adını  Zöhrə  qoydular.  Hələ  kiçik  yaşlarından  Zöhrənin  qorxubilməz, çox  ürəkli   qız  olduğu  ailə  üzvlərinin,  qohumların,  qonşuların   diqqətindən  yayınmırdı. Allah-Təala  sanki    bu  xüsusiyyətlər   verməklə   onun  gələcək  missiyasını   müəyyənləşdirmişdi.

1976-cı  ildə  Lətif  kişi  ailəlikcə  Xankəndi  şəhəri  Qara  Qarayev  küçəsində  tikdirdiyi   evə  köçdü.  Zöhrə  1976-84-cü  illərdə  Xankəndi  şəhər  N.Gəncəvi  adına  4  nömrəli   məktəbdə, 1985-86-cı  illərdə  axşam məktəbində  orta  təhsil  almışdır. O, 1985-ci  ildən  gecə  məktəbində  təhsil  almaqla  bərabər  Xankəndi  şəhərindəki  kondisioner  zavodunda  da  işləmişdir.  1988-ci  ilin  fevralından   Azərbaycana  qarşı  qaldırdıqları  əsassız  torpaq  iddiaları   nəticəsində  qonşuluqda  yaşayan  ermənilərin  Xankəndindəki  azərbaycanlı  ailələrinə  qarşı  olan   təhdidləri  Lətif  kişinin  ailəsinə  də  yönəlirdi.  Belə  bir  şəraitdə  Zöhrə   ermənilərin  təhdidindən  çəkinmir, atası  və  qardaşları  ilə  birgə  onlara   tutarlı   cavab  verirdi.  Getdikcə  azğınlaşan  ermənilər  1988-ci  il   sentyabr  ayının  18-də  Xankəndi  və  ətraf  yaşayış  məntəqələrindəki    azərbaycanlıların  üzərinə  silahlı   basqın  edərək   evlərini  yandırdı   və   onlara  qarşı  zorakılıqlar  törətdilər. Hər  gün  artan  təhdidlərə  baxmayaraq   Lətif  kişinin  ailəsi  Xankəndi  şəhərini  1989-cu  ilin  avqustunda  tərk  etməli  oldu. Belə   bir  şəraitdə   Lətif  kişinin  ailəsi  əvvəlcə  Ağdama,  1990-cı  ilin  mayından  isə    Xocalıya   pənah   gətirdi.

Çətin  günlərin  arxada  qaldığını   düşünən  ailə  Xocalıda  böyük  ümidlərlə  yaşayırdı. Zöhrə  bacısı  Nəzakətlə   Xocalıdakı  toxuculuq  fabrikində   işə  başladı. O, hər  zaman   öz  işində  qabaqcıllığı  ilə  seçilirdi. Zöhrə   burada  işləməklə   bərabər 1990-cı  ilin  sentyabrından  Gəncə   Texnologiya  Texnikumunun   qiyabi  şöbəsində  təhsil   almağa   başladı.   O,  qısa  müddətdə   işdə  və  texnikumda   özünə   böyük  hörmət  qazanmışdı.

Tüğyan  edən   müharibə,  ermənilərin  törətdiyi  vəhşiliklər   Zöhrənin  düşmənə  olan   nifrətini  günü-gündən   artırırdı. 1990-cı  il  noyabr   ayının  5-də  Ağdamdan  Xocalıya  gələn  və  içərisində 40  nəfərə  qədər  sərnişin  olan  avtobusda   Zöhrə  də  var  idi.  Əsgəranda  ermənilərin   bu  avtobusu   daş-qalaq  etməsi, atəşə  tutması  nəticəsində  ağır  yaralanan   sürücünü   Zöhrə   əvəz  etmiş,  avtobusu  idarə   edərək   sərnişinləri   girov  götürülməkdən  xilas  edərək  sağ-salamat   Xocalıya  çatdırmış  və  yaralılara  ilkin  tibbi  yardım  göstərmişdir. Bu  hadisədən   sonra  Qarabağda  hamı   bu  qızın   qəhrəmanlığından  danışırdı. İgidlik   Zöhrənin   qanında  idi. Babası  Abdulhüseyn   kişi  də  1918-ci   ildə  ermənilərin təcavüzünə   qarşı  mübarizədə  qəhrəmanlıq   göstərmişdir.  Erməni   cəlladlarına  qan  udduran   Abdulhüseyn  Quliyev  onların  məkrli  siyasəti  nəticəsində   repressiyaya   məruz  qalmış,  1938-ci  ildə   Sibirə   sürgün   olunmuşdur.

Ermənilərin   Xocalını  mühasirədə   saxlaması   getdikcə   vəziyyəti   daha  da   gərginləşdirirdi. Belə  bir  şəraitdə   Zöhrə  15  noyabr  1991-ci  ildən  müharibənin  od-alovundan  çəkinməyərək  qardaşı   İmranın   xidmət   etdiyi  Xocalı   Özünümüdafiə   Batalyonunda   həm  tibb   bacısı, həm  də  döyüşçü  kimi  fəaliyyətə   başladı. Xidmətin  ilk  günündə  Zöhrə  baş  həkim  Məmməd   Nağıyev  və  qardaşı  İmranla  birgə  Çınqıltəpə  postuna   gedərək  oradakı  ağır  yaralıya  ilk  tibbi  yardım  göstərmişdir. Xocalıda  hər  gün  bu  cür  hadisələr  baş   verirdi. Zöhrə  şücaət,  qəhrəmanlıq  göstərərək  çoxlu  yaralını  ölümün  pəncəsindən  qurtarmışdı.

Mühasirədə  olan  Xocalının   mühasirə  halqası  getdikcə   daralırdı. 1992-ci  il   fevral  ayının  25-dən  26-a   keçən  gecə  ermənilər  Xankəndindəki  366-cı  motoatıcı  alayın  və  dünyanı  lərzəyə  salan  terrorçuların  köməyi   ilə  Xocalının   müdafiəsini   yardı,  dinc  əhaliyə  divan  tutdu. Ağdam  istiqamətinə   üz  tutan  insanlar    Əsgəran  ərazisində  erməni  yaraqlılarının  atəşinə  tuş  gəlirdilər.  Kürəyində  qonşuları  Şaiq  Qurbanovun  oğlu  körpə  Zauru daşıyan  Zöhrə  qarlı  meşələrdə  yaralanan, donan   çoxsaylı  insana   yardım  göstərmiş, onları  ölümün  pəncəsindən  xilas  etmişdi. Hətta  bir  neçə  dəfə  yolboyu  atışma  zamanı  şəhid  olmuş  döyüşçünün   avtomatını  götürərək  düşməni  susdurmuşdu.  Həyatını   təhlükəyə  ataraq  bacardığı  qədər  insanlardan  öz  köməyini  əsirgəmədi. Ancaq  namərd  gülləsi  ondan  da  yan  keçmədi. Zöhrəyə  ilk  güllə  dəyəndə  kürəyindən  Zauru  açıb  anasına  verdi  və  israrla  qaçıb  getmələrini  tapşırdı. Qeyri-bərabər  döyüşdə  namərdlərin  atdığı  sonrakı  güllələr  iyirmi  dörd  yaşlı  Zöhrənin  həyatına  son  qoydu.

Bu, bir  Azərbaycan  qadınının  həyat  hekayəsidir.  Qəhrəmanlıqla  dolu  olan  bu  həyat  hekayəsi  tarixin  yaddaşına  hoparaq  Zöhrə  ulduzu  kimi  əbədi    şölə  saçacaq,  gələcək  nəsillərə  nümunə,  örnək  olacaqdır.  İgidliyi,  fədakarlığı  nəzərə  alınan  Zöhrə  Ulu  Öndər  Heydər  Əliyevin  25  fevral  1997-ci  il  tarixli  sərəncamı   ilə  ölümündən   sonra  “İgidliyə   görə”  medalı   ilə  təltif  olunmuşdur.

Nəcəf   Həsənov

Xocalı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

Karabakh.tv üçün 

z-3

z-1

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*