Saytımıza xoş gəlmisiniz

Razı deyilsinizsə, müharibə Xankəndi alınanadək davam edəcək…

Oxunma sayı: 62

“On illərlə donmuş konflikt 15 gündür ki, Azərbaycan əsgərinin ayaqları altında çat verir, əriyir”

“Məqsəd donmuş konfliktə isti nəfəs verən qardaş Türkiyəni bu prosesdən uzaqlaşdırmaq, Cənubi Qafqazda yalnız Rusiyanın dominant rolunu davam etdirməkdir”

Donu açılmış milləti bir daha dondura bilməzsiniz…

Dondurulmuş konfliktlər ifadəsi tez-tez rast gəldiyimiz siyasi terminlərdən biridir və  dünyada dondurulmuş konfliktlərdən biri də 30 ilə yaxındır ki, Qarabağla bağlıdır. 1994-cü ildən bəri həll edilməyən, bəzən illərlə gündəmə formal şəkildə gələn Qarabağ konfliktinin nəhayət donu açıldı və ən qaynar halda əriməkdə davam edir. On illərlə donmuş konflikt 15 gündür ki, Azərbaycan əsgərinin ayaqları altında çat verir, əriyir. Amma, indi bu donu açılmış və həll edilməsinin yaxın olduğu bir vaxtda yenidən Qarabağın işğalını dondurmaq istəyən qlobal güclər var və son üç gündür ki, bu istiqamətdə xeyli siyasi aktivlik nümayiş etdirirlər.

Moskvada görünməmiş bir formada bizim xarici işlər nazirinə təzyiq edən Rusiya-Ermənistan cütlüyü humanitar atəşkəs adı altında bütövlükdə Qarabağ probleminin həllinin köhnə variantını ortaya qoyur və imzalatdırır. İmzalamadan sonra da Hadrut istiqamətində erməni ordusu hücuma keçir, Tərtərin Talış kəndini yenidən işğal etmək üçün məkrli əməliyyat aparır, növbəti gecə Gəncəyə dağıdıcı raket atır. Təbii ki, cavabını da alır, amma istədiyinə çatmadığını görüb yenidən haray salır ki, atəşkəsə nəzarət etmək üçün beynəlxalq nəzarət sistemi qurmaq lazımdır. Mnatsakanyanın bu günkü Moskva səfəri və məlum cütlüyün birgə mətbuat konfransında bu nəzarəti “açar forma” sayan Lavrov da başqa ölkələri  bu nəzarət mexanizminə qoşmaqla, işğalı daha bir 30 ilə uzatmaq niyyətində olduqlarını gizlətmədi.

Məqsəd donmuş konfliktə isti nəfəs verən qardaş Türkiyəni bu prosesdən uzaqlaşdırmaq, Cənubi Qafqazda yalnız Rusiyanın dominant rolunu davam etdirməkdir. Niyə 27 sentyabrdan başlayan müharibənin məhz ikinci həftəsi tamamlananda Rusiya atəşkəs haqqında danışmağa başladı? Rusiya güman edirdi ki, müharibənin ilk günlərində bəlkə də İrəvanda elə hadisələr baş versin ki, Nikol Paşinyan hakimiyyətdən getsin. Yəni Ermənistandakı daxili siyasi situasiya Rusiyanın xeyrinə dəyişsin. Paşinyanı şantaj, intriqa, hərbi çevriliş, erkən seçkilərlə hədələyib vəziyyəti dəyişmək planları baş tutmadığından Rusiya manevr etməyə başladı. Hakimiyyətə gəldiyi gündən üzünü Qərbə tutduğunu gizlətməyən, amma Rusiyanı da bir dövrə qədər əldən buraxmamağa cəhd edən Nikol Paşinyandan bu günlərdə istədiklərini ala bildiyi və perspektivdə də alacağına əmin olduğu üçün, Kreml lideri “sülh göyərçini” olub “humanitar atəşkəs” siyasətinə baş vurdu. Nədir Moskvanın Nikoldan aldığı?

Oktyabrın 12-də Cenevrə görüşündən əvvəl (nəzərdə tutulsa da bu görüş baş tutmadı) 9-da tələsik Mnatsakanyanın və Bayramovun Moskvaya çağırılmasından əvvəl  5 oktyabrda İrəvan aeroportunda “Rossiya” hökümət təyyarəsi endi və bu təyyarə bortunda kimin gəldiyi tam məlum olmasa da, çox vacib fiqurun gəldiyi şübhə yaratmadı. Səlahiyyətli şəxsin söylədiklərindən sonra ilk olaraq 7 oktyabrda xüsusi xidmət orqanının rəhbəri, Rusiya təhsilliləri bu xidmətdən uzaqlaşdıran Arqişti Kərəmyan vəzifəsindən çıxarılır, baxmayaraq ki, Paşinyanın yaxın silahdaşlarından hesab olunurdu. Daha sonra daxili qoşunların komandanı, hərbi əks kəşfiyyatın rəisi və bir neçə müavinləri işdən azad olundu. Məhz Paşinyanın  bu tapşırıqları yerinə yetirməsinə və perspektivdə də Moskvanın istəklərinin həyata keçiriləcəyinə söz verdiyinə əmin olandan sonra Lavrov “atəşkəs” fəaliyyətinə başladı.

Azərbaycan maksimum  müddəti bəlli olan və qısa zaman kəsiyi daşıyan “humanitar atəşkəsə” razılıq verə bilər, düşmən şərtlərimizi qəbul etmədiyi halda heç bir atəşkəsdən söhbət gedə bilməz, çünki bu atəşkəs yalnız düşmənin güclənməsinə, toparlanmasına xidmət edir.

Atəşkəsi şirnikləndirici etmək üçün artıq qatı anti Azərbaycan mövqeyində olan Zatulin kimilər belə 7 rayonunun Azərbaycana qaytarılmasını, amma sonunda referendum keçirilərək müstəqilliyini elan edən “Artsax”ı Azərbaycanın tanımasını şərt kimi irəli sürürlər. Bu, təbii ki, yalnız Zatulinin deyil, Rusiyanın mövqeyidir. 10 oktyabr “atəşkəs razılaşması” bəyanatında da baza prinsiplərinin xatırladılması təsadüfi deyil. Təəssüf ki, baza prinsiplərinin mahiyyətini sonadək bilməyən bəzi tele-ulduz siyasi şərhçilər də Moskva bəyanatında qeyd edilən bu prinsiplərin Azərbaycanın zərərinə olduğunu bilmədən danışırlar. Altı baza prinsipinin 4-cü maddəsini bir daha nəzrinizə çatdırırıq: ”Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi”. Açıq mətnlə deyilir ki, yekun statusu Dağlıq Qarabağ erməniləri müəyyənləşdirəcək və burada “Azərbaycanın tərkibində” ifadəsi yer almayıb. Bunu ona görə xatırlatdıq ki, televiziyalarda siyasi şərhçilərdən bir neçəsi bu prinsipi məhz bu cür şərh etdi.

Baza prinsplərindəki mərhələli zaman bizi yenidən 30 il gözləməyə aparır. Hesab edirəm ki, dövlət başçısının müharibə başlayanda qətiyyətlə səsləndirdiyi şərtlər əsasında danışıqlar aparılmalıdır. İşğalçı qoşunların qısa müddətdə çıxarılmasını göstərən qrafik təqdim olunmalı və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində status müəyyənləşdirilməlidir. Razı deyilsinizsə, müharibə Xankəndi alınanadək davam edəcək. Azərbaycan Ordusu ağıllı manevrlər edir və növbəti uğurlu addımlar bizi məhz düşmənin baş yuvasına yaxınlaşdırır.

27 illik dondurulmuş işğalın donu açılıb. Millətin donu açılıb, əsgərin donu açılıb, azad olunan torpaqların donu açılıb. Bizi bir daha dondura bilməzsiniz!

İlham İsmayıl

https://www.moderator.az/news/347267.html

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*