Saytımıza xoş gəlmisiniz

Rus politoloqdan Qarabağla bağlı sensasion iddia

Oxunma sayı: 37

0b4102fffb881d7d2ba48d260a8ba9ff

Sülhəddin Əkbər: “Söhbət aralıq razılaşmadan gedir, məsələnin köklü həllindən yox”

“ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz formulunu təqdim edib. Bu formulun mahiyyəti belədir ki, işğal edilmiş Azərbaycan ərazilərində İrana təzyiq göstərmək üçün Amerika hərbi bazasının yerləşdirilməsi təmin edilsin”. Virtualaz.org xəbər verib ki, belə sensasion bəyanatla “Rossiya 1″ telekanalının ”Axşam Vladimir Solovyovla” proqramında çıxışı zamanı Rusiyanın Xəzər Əməkdaşlığı İnstitutunun direktoru Sergey Mixiyev çıxış edib.

Rusiyalı ekspert deyib ki, Ermənistandakı “məxməri inqilab” Vaşinqtonun rəhbərliyi ilə təşkil olunub və həyata keçirilib: “Ermənistanda deyirlər ki, hakimiyyət dəyişikliyi amerikalılarla heç cür bağlı olmayıb. Lakin bu, qətiyyən belə deyil. Hamıya yaxşı məlumdur ki, Ermənistanda Amerikanın böyük sayda dayaqları var. ABŞ-a Ermənistanda müəyyən dərəcədə idarəolunan hakimiyyət ona görə gərək idi ki, İrana təzyiq üçün platsdarm qazansın. Və məhz bu səbəbdən Amerika indi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz fəaliyyətini artırıb. Onların Qarabağla bağlı öz planı var – Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları təhvil vermək, bundan sonra ora sülhməramlılar qismində Amerika qoşunlarını yeritmək və beləliklə də İrana təzyiq üçün mövqe qazanmaq. İrəvan buna gedəcəkmi, məlum deyil. Amma Boltonun Ermənistana səfəri zamanı belə planın təqdim edildiyi doğrudur”.

Sülhəddin Əkbər ile ilgili görsel sonucu

Deyilənləri “Yeni Müsavat”a şərh edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, ABŞ-ın münaqişənin tənzimlənməsi ilə bağlı həll variantını təqdim edəcəyi gözləniləndir: “Xatırlayırsınızsa, prezident Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik məktubunda bir ifadə var idi. Tramp qeyd edirdi ki, önümüzdəki aylarda Qarabağ məsələsinin həlli ilə bağlı imkanlar açılacaq. Yəni açıq şəkildə Tramp Birləşmiş Ştatların münaqişənin tənzimlənməsi ilə bağlı təklif irəli sürəcəyinin anonsunu vermişdi. Bu baxımdan Con Boltonun regiona səfəri zamanı Tramp administrasiyasının münaqişənin tənzimlənməsi ilə bağlı təkliflərini gətirdiyi, hər halda, bəllidir. Erməni mətbuatı da Bolton Ermənistanda olarkən iki məsələ ilə bağlı Paşinyana təkliflər verdiyini açıqladı. Birincisi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə, ikincisi, silah satışı ilə bağlı. İndi Rusiyadan Sergey Mixiyevin detallı açıqlamaları bilmirəm rus kəşfiyyatının mətbuata sızdırmaq istədiyi məsələdir, yoxsa yox. Amma Boltonun özünün açıqlamalarından belə çıxır ki, o, Bakıda və İrəvanda olarkən münaqişənin həlli ilə bağlı tərəflərə təkliflər verib. Onun çıxışlarından belə görünürdü ki, ABŞ tərəflər arasında daha yaxşı müqavilənin imzalanmasını istəyib. Bu, o deməkdir ki, Amerika bilirdi ki, Rusiya regiona sülhməramlı qüvvələr adı altında öz silahlı qüvvələrini yerləşdirmək üçün tərəflərə özünün ”həll planı”nı qəbul etdirmək istəyir. Ona görə də ABŞ Vaşinqtona görə daha yaxşı şərtlərlə tərəflərə müqavilə təklif edir”.

Əkbərin fikrincə, burada başlıca hərbi-strateji məsələ ondan ibarətdir ki, İran məsələsinin gündəliyə gəldiyi bir vaxtda İranın şimalında Amerikanın, yoxsa Rusiyanın silahlı qüvvələri olacaq: “Əsas məsələ budur. Ona görə də həm Moskva, həm Vaşinqton bu hərbi-strateji məsələni həll etməyə çalışır. Onun ən yaxşı yolu da münaqişənin həlli ilə bağlı təkliflər vermək və tərəflərin bu təklifi qəbul etdiyi halda sülhməramlı qüvvələr adı altında öz silahlı qüvvələrini bölgəyə yerləşdirməkdən ibarətdir. Yəni ”ayının min bir oyunu” bu məsələnin başındadır. Ona görə də Boltonun Paşinyana o cür təklif verməsi – əgər veribsə – bizim üçün gözlənilməz olmamalıdır”.

“Əgər Bolton Paşinyana konkret o şəkildə təklif veribsə, bu, deməkdirmi ki, əslində Vaşinqtonun məqsədi Dağlıq Qarabağ münaqişəsini həll etmək yox, bölgədə İrana qarşı mövqe əldə etməkdir” sualına S.Əkbər belə cavab verdi:“Əgər İran məsələsi ilə bağlı ABŞ-la Rusiya arasında heç olmasa çərçivə anlaşması olmayacaqsa, Azərbaycan çətin vəziyyətə düşə bilər. Çünki həm Moskva, həm Vaşinqton ondan tərəf seçməsini tələb edəcək. Hələlik görünən odur ki, Moskva ilə Vaşinqton arasında belə bir razılaşma yoxdur. Ona görə də tərəflər ayrı-ayrılıqda öz ”həll” planlarını həm Bakıya, həm də İrəvana təklif edirlər. Gələcəyə yönəlik necə olacağı çoxlu faktorlardan asılıdır. Təbii ki, təklif verilən tərəflərin hər ikisi daha güclü olanın yanında yer almağa çalışacaq. Nə rəsmi Bakının, nə də rəsmi İrəvanın Vaşinqtona və Moskvaya tez-tələsik cavab verəcəyini düşünmürəm. Yəni bu, bir qədər zaman alacaq məsələdir. Əgər həqiqətən də Vaşinqton İrəvanın razılığını alıb regiona öz silahlı qüvvələrini yeritmək istəyirsə, bu, ancaq Bakının və İrəvanın razılığı ilə ola bilər. Təkcə İrəvanın razılığı ilə ola bilməz. Yəni bu kimi ciddi məsələlərdə Rusiya da, ABŞ da hər iki tərəfin razılığını almalıdır. Söhbət aralıq razılaşmadan gedir, məsələnin köklü həllindən getmir. Onlara lazımdır ki, qismən İrəvanı da, Bakını da qane edən bir aralıq razılaşma imzalansın. Tərəfləri bax belə bir aralıq sazişi imzalamağa məcbur etməkdən söhbət gedir. Çünki aralıq saziş imzalanmalıdır ki, o sazişin təminatçısı adı altında da o sənədə imzalatdıran tərəfin silahlı qüvvələri “sülhməramlı qüvvələr” adı altında regiona yerləşdirilsin. Məsələnin mahiyyəti bundan ibarətdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*