Saytımıza xoş gəlmisiniz

“Rusiya Köçəryan vasitəsilə Paşinyana xəbərdarlıq edir”

Oxunma sayı: 131

b92f9391b4b8b877942c6b154935346f

Sabiq prezidentin “Həbsxanada olsam da Paşinyanın Qarabağı qaytarmasına imkan verməyəcəm” bəyanatının pərdəarxası

Ermənistanın hazırda həbsdə olan sabiq prezidenti, cinayətkar Qarabağ klanının lideri  Robert Köçəryan bəyanat verərək baş nazir Nikol Paşinyanın Azərbaycanla Qarabağ anlaşmasına mane olacağını bəyan edib. Robert Köçəryan bildirib ki, həbsxanada olsa da Nikol Paşinyanın Qarabağı Azərbaycana qaytaracağına imkan verməyəcək.

Bu bəyanat Robert Köçəryanın əlində Qarabağ məsələsi ilə bağlı hanısa anlaşmalara hazırlıq getdiyi barədə ciddi informasiyanın olmasının əlaməti sayıla bilərmi?

Ola bilərmi ki, Xocalı canisi Köçəryan Nikol Paşinyanın qəfildən hansısa güzəştlərə razılıq verəcəyini düşünür? Yoxsa onun bəyanatı, sadəcə, ermən xalqı içərisində Paşinyan barəsində “Qarabağı qaytarmağa hazırlaşır” şübhəsinin yaradılmasına hesablanıb?

Əgər həqiqətən də Nikol Paşinyan Qarabağ məsələsində güzəştlərə getmək yolunu seçərsə,  Robert Köçəryan və Qarabağ klanının bunun qarşısını almaq gücü, imkanı hələ də qalırmı?

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Nikol Paşinyanın son vaxtlar verdiyi bəyanatlar, davranışları onun Qarabağı Azərbaycana qaytaracağı barədə iddiaların əsaslı olmadığını göstərir: “Paşinyandan Qarabağı Azərbaycana qaytarmasını gözləməyin mənası yoxdur. Ümumiyyətlə, könüllü yolla heç bir erməni rəhbəri könüllü olaraq Qarabağı Azərbaycana qaytaran deyil. Nikol Paşinyan Azərbaycana heç bir güzəşt etməyəcəyini dəfələrlə söyləyib. Son dönəmlər yeni erməni iqtidarının rəsmləri tərəfindən Azərbaycana qarşı hədə-qorxu, ironik çıxışlar edilir. Hətta elə formada bəyanatlar səsləndirirlər ki, Nikol Paşinyandan öncəki hakimiyyətlərin heç biri bu cür bəyanatlar vermirdilər. Və bütün bu siyasətin başında Nikol Paşinyan durur. Ona görə də Robert Köçəryanın Paşinyanın Qarabağı qaytarmağa hazırlaşır mənası çıxarılan bəyanatını arxasında real ciddi informasiya olan bəyanat kimi qəbul etmirəm. Köçəryanın bu sözlərini sırf daxili auditoriyaya hesablanmış bir çıxış hesab etmək, məncə, daha doğru olardı. Əvvəla, Köçəryan bu bəyanatı ilə erməni ictimaiyyətində özünün nüfuzunu artırmaq məqsədi güdür, ikincisi Qarabağ klanının liderlərindən biri kimi o, yeni erməni iqtidarını Qarabağ kartı ilə şantaj etməyə, xalq arasında Paşinyanın satqın, ”Azərbaycana işləyən agent” obrazını yaratmağa çalışır. Bu çıxışlarla Köçəryan Paşinyana təzyiq göstərib azadlığa çıxmaq istəyir”.

Картинки по запросу Əhəd Məmmədli musavat.com

Politoloq qeyd etdi ki, əgər Nikol Paşinyan həqiqətən də Qarabağı Azərbaycana qaytarmaq istəsə, həbsxanada olan Köçəryandan başqa da onun qarşısını almaq üçün hərəkətə keçən Qarabağ klanı, Ermənistan əhalisinin radikallaşmış kəsimi meydana çıxacaq. Ermənilər ona bunu etməyə imkan verməzlər: “Ermənilərdən ancaq güc yolu ilə torpaqlarımızı qaytara bilərik. Yenə deyirəm, əgər həqiqətən Paşinyan Qarabağda güzəştə getmək istəsə, Qarabağ klanı və radikal erməni cəmiyyəti onu devirər. Bunu da Nikol Paşinyan çox gözəl bilir. Üstəlik, unutmayaq ki, Ermənistan özbaşına deyil. Ermənistan iqtidarı istəsə belə, torpaqları Azərbaycana qaytara bilməz. Çünki Ermənistanın ağası olan Rusiya buna icazə verməz. Robert Köçəryan da Ermənistanda Rusiyanın bir nömrəli adamıdır. Köçəryanın Paşinyanın Qarabağ təhdidinə həm də Moskvanın İrəvana mesajı kimi də baxa bilərik. Rusiya Robert Köçəryan vasitəsilə Paşinyana xəbərdarlıq edir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*