Saytımıza xoş gəlmisiniz

Sahil Babayev: Birdəfəlik ödəmələr veriləcək şəxslərin siyahısı hazırlanır

Oxunma sayı: 60

aasmn_170518_01

Prezident İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fərmanın yüksək səviyyədə, vaxtında və tam şəffaf şəkildə icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb.

Nazir bildirib ki, Komissiya Fərmanda nəzərdə tutulan, yəni 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi mexanizmini müəyyən edən qaydaların layihəsi üzərində işi artıq yekunlaşdırır.

Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməli olan siyahıların formaları hazırlanıb və həmin qurumlara təqdim olunub. Bu qurumlar tərəfindən təqdim olunmuş siyahılar əsasında dəqiqləşdirmə aparılacaq və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı müəyyən edilərək Nazirliyin rəsmi saytında yerləşdiriləcək.

Bundan sonra 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinin müvafiq sənədin alınması üçün notariat orqanlarına müraciət etmələri barədə KİV vasitəsilə geniş məlumatlandırmanın aparılması təmin ediləcək. Notariat orqanları tərəfindən vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsi də nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək.

S.Babayev şəffaflığın tam təmin edilməsi üçün qeyd olunan prosesin elektron infrastruktur üzərində aparılacağını qeyd edib. Nazir vurğulayıb ki, notariat orqanları tərəfindən vərəsəliyi müəyyən edilmiş şəxslər, onlara dair şəhadətnamələr, digər müvafiq sənədlər dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə ötürüləcək. Birdəfəlik ödəmə ilə təmin olunacaq şəxslərin elektron qaydada növbəlilik siyahısı müəyyən edilərək nazirliyin rəsmi saytında yerləşdiriləcək və onların hər birinə bu barədə, yəni birdəfəlik ödəmələrlə təmin edilmələri üçün növbəyə götürüldükləri barədə bildiriş qəbzi göndəriləcək.

Bu prosesin cari ilin ikinci yarısında başa çatacağını qeyd edən S.Babayev həmin vaxtdan sonra, təqribən cari ilin son rübündən növbəlilik qaydasında birdəfəlik ödənişlərin həyata keçiriləcəyini bildirib.

İclasda Komissiya qeyd edilən layihəni bir daha nəzərdən keçirib, ayrı-ayrı məsələlər bir daha müzakirə edilib. S.Babayev Komissiya üzvlərinə aidiyyəti üzrə tapşırıqlarını verib, o cümlədən birdəfəlik ödənişlərin həyata keçirilməsi məqsədilə aparılan işlərin hər bir mərhələsində ictimaiyyətin geniş məlumatlandırılmasını tapşırıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*