Saytımıza xoş gəlmisiniz

Şahmar Usubov: “İtkisi olmayan ailə, itkisi olmayan ev yoxdur Xocalıda”

Oxunma sayı: 96

mg_1425

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov www.1905.az portalının suallarını cavablandırıb.

– Şahmar müəllim, Siz uzun illərdən bəri Xocalı icra hakimiyyətinə rəhbərlik edirsiniz.

– Mən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı olaraq özüm də Xocalı şəhər sakiniyəm. 1953-cü ildə Dağlıq Qarabağda, o vaxtki Əsgəran rayonunun Xocalı kəndində anadan olmuşam. Xocalıda yaşamışam, Xocalıda böyümüşəm, orta məktəbi Xocalıda oxumuşam. Yəni Bakıda ali təhsil aldığım illər istisna olmaqla işğal dövrünə qədər ailəmizlə birlikdə o kənddə yaşayıb fəaliyyət göstərmişəm. Xocalıda təsərrüfatla, əkinçiliklə, maldarlıqla məşğul olmuşuq. Ali təhsil aldıqdan sonra isə orada sovxozda çalışmışam, bankda müdir işləmişəm. Xocalı faciəsi dövründə Xocalıda olmuşam. Xocalıda olan bütün əsgərlər kimi mən də əlimə silah alıb səngərlərdə ermənilərə qarşı döyüşmüşəm və fevralın 26-sı gecəsi Xocalı əhalisi ilə birlikdə Xocalını tərk etmişəm. Yəni o faciəni gözü ilə görüb yaşayan insanlardan biri də mən olmuşam. Mənim də gözümün önündə erməni daşnakları bizim azyaşlı uşaqları, körpələri, qadınları güllələyiblər. Onların dünyasını dəyişmələri, faciədə necə məhv olmalarını mən də gözü ilə görən xocalılardan biriyəm. Faciə dövründə mən bu dəqiqə də itkin sayılan 6 əmim oğlunu itirmişəm, 2 əmimin yoldaşı, əmimin qızı, uşaqlar faciədə şəhid olubdur. Ümumilikdə bizim ailədə 20-dən artıq şəhid və itkin var. Xocalıdan çıxandan sonra biz Ağdam şəhərində məskunlaşdıq. O dövrdə işğaldan sağ çıxan əhalinin hamısı Ağdama üz tuturdu. Son araşdırmalara görə faciə gününə qədər Xocalıda 3 minə yaxın əhali qalmışdı.

– Halbuki, Xocalının əhalisi 10 min nəfər idi.

– Bəli. 10 min əhalidən 3 min nəfər qalmışdı. Faciəyə qədər Xocalıdan çıxan insanlar var idi. Bu 3 min insandan 1300-ə yaxını əsir, 150 nəfəri itkin düşüb, 613 nəfər şəhid olub. Yəni o soyqırımdan sağ-salamat çıxanlar əhalinin heç üçdə biri də deyildi. Biz indi 613 şəhid deyirik. Bəlkə də, 613-dən çox insan faciədən sonra dünyasını dəyişdi. Əsirlikdə olan insanların çoxu orada məruz qaldıqları işgəncələrə dözmədi. Əsirlikdən sonra elə insan var idi 1 ay yaşadı, eləsi var 3 ay yaşadı, eləsi var 5 ay yaşadı. O vaxt girov düşmüş insanların əksəriyyəti gənclər idi. İndi onların bəlkə də heç 10 faizi həyatda deyil. Yəni 613 şəhid idisə, hesab edin ki, 613-dən çox insan da sonradan şəhid oldu. Mən artıq 16 ildir İcra Başçısıyam. İcra Başçısı olmazdan əvvəl də əhali içərisində olmuşam. Əsir düşənlər içərisində bizim də qohum-əqrəbamız, yaxınlarımız olubdu. Mən özüm girov düşməsəm də, hesab edin ki, girov düşənlərdən biri də mən olmuşam. Yəni hər dəfə 26 fevral günü gələndə, o ərəfədə hesab edin ki, xocalılar həmin faciəni yenidən yaşayır. Çünki, itkisi olmayan ailə, itkisi olmayan ev yoxdur Xocalıda. . Bizim evdə mənim qaynım itkindir, yoldaşım yas içində, əmimgildə, dayımgildə də eyni mənzərədir və yaxud burada əyləşən Sovet müəllimin (Sovet Allahverdiyev, Xocalı İcra Hakimiyyətinin nümayəndəsi – red.) qardaşları şəhid olub. Mənim əmim oğlu Alay girovluqdan sonra cəmi 3 ay yaşadı. Onun 1 oğlu şəhid olmuşdu, 1 oğlunun da psixikası elə pozulmuşdu ki, axırda intihar etdi. Yəni faciə 26 fevral günü ilə başa çatmadı, o gün yaşanan dəhşətlər, streslər bu gün də davam edir.  Uşaqdan böyüyə kimi insanlar o faciəni bu gün də yaşayır.

– Xocalı faciəsindən sonra sağ qalan sakinlər Ağdama gəldilər…

– Bəli. Xocalıdan çıxandan sonra bizim əhali Ağdama pənah gətirdi. O vaxtki dövlət rəhbərliyi əhali arasındakı vahimənin yayılmasının qarşısını almaq məqsədilə xocalıları kompakt məskunlaşdırmaq əvəzinə, onları parçalayıb dağıtmaq fikri var idi. Elə bir rayon yox idi ki, ora xocalılar aparılmasın. Xocalıları Azərbaycanın bütün rayon və şəhərlərinə dağıtdılar. Amma, cüzi istisnalarla əhali getdikləri yerlərdə qalmadı. O vaxt bütün şəhidlərimiz Ağdam ərazisində dəfn edilmişdi. Xocalı əhalisi yenidən Naftalan və Bakıdakı sanotariyalarda kompakt şəkildə məskunlaşdı. Sonrakı dövrlərdə ümummilli liderimizin hakimiyyətə gəlməsi, iqtisadi vəziyyətin normallaşması məcbüri köçkünlərə diqqət və qayğını artırdı. Ölkənin hər tərəfi çadır şəhərciyi idi. İnanın, mən Bərdədə olanda vaqonlarda bəlkə də 1000-ə yaxın ailə var idi. Mən Sizə deyim ki, o vaqon cəhənnəm idi. Dəmirin içində qışda soyuq, yayda da 40 dərəcə isti. O insanları ölüm gözləyirdi. Ümummilli lider hakimiyytə qayıdandan sonra o məsələlərə diqqət artırıldı. Birinci stabillik bərpa oldu, ikinci ordu müəyyən qədər qalibiyyət əldə etdi. Əhalinin rəhbərliyə, dövlətçiliyə inamı formalaşdı.

– Yaxşılaşma prosesi başladı. Gündən-günə proses müsbət istiqamətdə getdi.

– İnsanlar başa düşdülər ki, özümüzdən başqa bizim dostumuz yoxdur. Siyasi proseslərin içinə düşüb aldanmış insanlar da öz yoluna qayıtmağa başladılar. O dövrdə bildiyiniz kimi hərəsi bir tərəfə xidmət edən qruplaşmalar var idi. Sonradan Azərbaycan xalqı ayıldı ki, bu qrupların hamısının Azərbaycançılıq yox, öz marağı var. Siyasət insanları ayıltdı. Ölkəmiz də köçkünlərimizin qayğısına qalmağa başladı. Ölkəmiz inkişaf etdikcə, köçkünlər də bundan öz bəhrəsini aldı. Ümummilli liderimizin bir sözü var idi: “Mənim bir nömrəli problemin məcburi köçkünlərin və qaçqınların problemləridir”. O vaxt dövlət başçısı bildi ki, artıq Ermənistandan gələn 200 mindən artıq Qərbi azərbaycanlıların geri qayıtması hələ ki, qeyri-mümkündür. İlk növbədə onların problemləri həll olundu. Ondan sonra məcburi köçkünlərin məsələsinə keçildi. Köçkünlərlə bağlı Azərbaycan Respublikasında ilk qəsəbə Goranboy rayonunda Ağcakənddə salınıb. Bu qəsəbə salınanda onun bir hissəsində Ermənistandan gəlmiş əhali yaşayırdı. İlkin olaraq ora Xocalı sakini olan 156 ailə köçürüldü. 2002-ci ilin sentyabr ayında qəsəbənin açılışında ümummilli liderimiz çıxış etdi. Yeni tikimiş məktəbimizdə dərslərdə oldu. Həmin məktəbdə o parta, sinif bu gün də Heydər Əliyevin otağı kimi qorunur. İndiki İcra Hakimiyyətinin binasının yeri o vaxt meydan idi. Orada çıxış etdi. Rəhmətlik o vaxt məktəbə gedib gələnə kimi aramsız yağış yağırdı. O kürsüyə qalxan kimi yağış dayandı. O vaxt orada artıq Ermənistandan gəlmiş qaçqınlar məskunlaşmışdılar. Çıxışından sonra göstəriş verdi ki, qalan evlərə xocalıların köçürülməsi təmin olunsun.  Biz dekabr ayında Ağcakəndə köçdük. Yanvar ayından etibarən soyuq qış aylarında biz öz daxili imkanlarımız hesabına problemləri həll etməyə başladıq. Çünki, əgər dövlət rəhbəri bizi orada məskunlaşdırıbsa, biz də əgər öhdəlik götürmüşüksə ki, ölüm də olsa, bunu etməliyik. Baxmayaraq ki, qış ayları idi, qaz yox idi, işıq fasilələrlə verilirdi.

– Bu hansı ilin qışı idi?

– 2003-cü və 2004-cü illərin qışı idi. Sonralar 2007-2008-ci illərdə 2-ci qəsəbə salındı, əlavə 3 qəsəbə salındı. Həmin Ağcakənd qəsəbəsində əlavə 200 ev tikildi. 2010-2011-ci illərdə Goranboyda 1 qəsəbə də salındı. 2014-cü ildə Gəncədə 500 ailəlik bir qəsəbə salındı. Hazırda xocalılar üçün 4 qəsəbə Goranboy rayonunun Ağcakənd qəsəbəsinin ərazisindədir: Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Böyrü və Meşəli. Bir qəsəbə Goranboydadır, biri də Gəncə-Göygöl yolunun üstündə 600 ailəlik qəsəbədir.

– Cəmi 6 qəsəbə.

– Bəli, 6 qəsəbə xocalılar üçün salınıbdır.

– Bakıda da kompakt şəkildə yaşayan xocalı sakinləri var.

– Bizim Xocalı rayonunun hazırda 16 min əhalisi var. Bunun 6 mini Bakı, Sumqayıt və Abşeronda məskunlaşıb. 6 minə yaxını da Goranboy və Gəncədəki qəsəbələrdədir. Qalan əhalimiz isə respublikamızın müxtəlif rayonlarında – Bərdədə, Yevlaxda, Göyçayda, Ağdaşda, Şəkidə, Oğuzda məskunlaşıblar. Qalan rayonlarda bizim tək-tək ailələrimiz var. Bakının bütün rayonlarında bizim əhalimiz var. Əsasən Sabunçu rayonunda Pirşağı qəsəbəsində Qızılqum sanatoriyasında məskunlaşıblar. Pirşağıya yaxın Binəqədi ərazisindəki evtikmə kombinatının koteclərində 70 ailə var.

– Xocalı faciəsindən az qala 25 il ayırır bizi. Yaraların sağaldığını düşünmək bayaq dediyiniz kimi ən azı sadəlövhlük olardı.

– Köçkünlüklə bağlı bir xatirə danışmaq istəyirəm. Mənim anamın bir tərəfi Ağdamlıdır. Babam 1905-ci ildə Qərbi Azərbaycandan Ağdama gəlmişdi. Ağdamda 6-7 yaşlarında kimsəsiz uşaq imiş. Onu bazarda görən bir bəy soruşub ki, bu uşaq kimdir? Deyiblər Ermənistandan gəlmiş yiyəsiz bir uşaqdır. Deyib ki, mənim oğlum da təkdir. sonra ona paltar alıb və götürüb öz evinə aparıb. Deməli bəy öz oğlunu evindən çıxarıb və kiçik qızını mənim babama verib öz evində saxlayıb. Gör o ailədə nə qədər sədaqət olubsa, uşaq vaxtından böyüyənə kimi babam o bəyin bağ-bağatına baxıb. Sonra o bağ kolxozun oldu. O bağa heç kim yaxın düşə bilməzmiş ki, filan bəyin bağıdır və filankəs də onun vərəsəsidir. Halallıq olubdu, inam olubdu. Bizim həyətimizdən o bağa yol var idi. Mən uşaq vaxtı babamla oradan qayıdanda əlimdə bir alma olsaydı alıb tullayırdı ki, bu dövlətinkidir, onu çəpərdən bu tərəfə keçmək olmaz. Yəni sözümü ona gətirirəm ki, babam o vaxt Ağdamda yaşayırdı və böyük bir qohum əqrabası var idi. Anam Xocalıya ərə gəlmişdi. Anamla atam qohum idi. Atam xəstə olanda anam deyirdi ki, oradakı qohumların bizi Ağdama çağırır. Deyirlər ki, gəlin sizə yer verək, ev tikək, kömək edək. Orada uzaqdasınız əlimiz çatmır. Atam mənə dedi ki, xəstəyəm, birdən dünyamı dəyişərəm, nəbadə böyük qardaşınla ora gedəsiniz. Sorusdum ki, bizim getməyimizə niyə razı deyilsən? Dedi ki, sənin baban 1905-ci ildən ora düşüb, bu gün də köçkün Aslan adı onun üstündədir. O köçkünçülük damğası o qədər ağır bir sözdür ki, siz hələ uşaqsınız. O sözü o kişiyə deyincə, onu söysən, onu döysən daha yaxşıdır onun üçün. Yəni Azərbaycan milləti üçün Vətən, torpaq, el-oba, qəbiristanlıq qoyub çıxmaq ən ağır şeydir. Başqa millətlər gedirlər, yaşayırlar, onlar üçün fərq etmir. Azərbaycanın atalar sözü var: “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”. Amma, erməni deyir: “Harada çörək tapdın, orada dayan. Ora sənin Vətənindir”.

– Bu daban-dabana zidd bir şeydir. Tamam başqa psixologiyadır.

– Yəni biz bu psixologiya ilə böyümüş insanlarıq. Eli-obanı, qəbiristanlığı qoyub burada yaşamaq çətin məsələdir. Təbii ki, xocalılar da torpağına, elinə-obasına bağlı insanlardır. Biz Xocalıda dilənçi görməmişik, ələbaxımlılıq görməmişik. Bizim insanlar çox qoçaq, torpağımız isə məhsuldar olub. İnsanlar əsasən əkinçiliklə, heyvandarlıqla məşğul olub. Bərdədən tutmuş Gorusa qədər Xocalıda becərilən məhsul öz keyfiyyətinə görə seçilirdi. Torpaqdan ildə 2-3 dəfə məhsul götürürdülər. Sonralar şəhər formalaşandan sonra aeroport tikildi, dəmir yol salındı. Mən deyirdim ki, Xocalıdakı evlər, bəlkə də heç Ağdamda yox idi. İllərlə qurduqları evləri viran qalan, doğmalarını itirən, öz əllərinin zəhməti ilə dolanan insanlar birdən-birə gəlib sanatoriyaların küncündə bir boşqab xörəyə möhtac qaldılar. Millətin başına gətirilən ağır dərddir. Bu ermənini bizim içimizə təsadüfən gətirib yığmayıblar. Bu bəlanı maraqlı qüvvələr yetişdirib bizim içimizə salıblar. Mən bayaq Xocalı faciəsindən danışdım. Xocalı balaca bir yerdir, hamı da bir-birini tanıyır. Bu gün hər hansı problemlə bağlı qəbula bir nəfər gələndə mənim gözümün önundə onun bütün keçmiş xəritəsi canlanır. Bu insan kim idi, ailəsində kim var idi, başına hansı faciələr gəlib, bu gün harada yaşayır, bu insan bu gün niyə belə olmalı idi? O faciənin fəsadlarını biz hər gün yaşayırıq. O faciəni yaşamasan mümkün deyil. Mən bilmirəm, bəlkə də elə insan var ki, bacarır, dözür. Hər dəfə Xocalı soyqırımının növbəti ildönümü gələndə mən müalicə götürürəm ki, görüm gələn ilə sağ-salamat çıxa bilərəmmi?

– Çox ağırdır.

– Qəbiristanlıq itirmək, ev itirmək, torpaq itirmək, doğmalarını itirmək ağır dərddir. Bəlkə də bu insanların haradasa üzü gülür. Amma, bu üzü gülmək deyil, bəlkə də o faciənin fəsadlarını bir anlıq yadından çıxarmaq istəyir, bu insanın içi ağlayır. Bayaq dediyim kimi bizdə qəsəbələr salınıb. Bizim əhali, şəhid ailələri Bakı şəhərində, Mehdiabadda, Müşviqdə də evlərlə təmin olunub. Keçən il biz hər iki valideyndən məhrum olan 25 uşaqla bağlı məsələ qaldırdıq. Əvvəlcə, əhali kompakt halda köçəndə onları öz yaxınları ilə birlikdə məskunlaşdırmaq istəyirdilər. Onlardan 12 ailə evlə təmin olunmuşdu, 13 ailəni isə keçən il cənab Prezidentin göstərişi ilə Ramanada tikilən binada məskunlaşdırdıq. Ümumiyyətlə, xocalılara xüsusi diqqət və qayğı həmişə seçilir. Vaxt olub ki, 1 otaqlı evdə şəhid ailəsi yerləşdirilib, indi həmin ailənin uşaqları evlənib, oğul-uşaq sahibi olublar. Belə ailələr dövlət tərəfindən növbədənkənar evlə təmin edilir. Əvvəldən dövlətin diqqəti, qayğısı daim şəhid ailələrinin üzərindədir və həmin münasibət bu gün də davam edir. Hətta, deyərdim şəhid ailələrinin dolnaşıq təminatı başqalarından daha güvənlidir. Hər yerdə də onlara münasibət tamam başqadır. Çünki bu rəhbərliyin qoyduğu iş prinsipidir. Yerlərdə də buna əməl olunur.

– Xocalının Milli Qəhrəmanlarını da yada salmaq istərdim.

– Əslən Xocalıdan olan 11 Milli Qəhrəmanımız var. Onlardan sağ qalan təkcə Mövsüm Məmmədovdur. O hazırda Şuşa polisində rəis müavini vəzifəsində çalışır. Kənardan gəlib Xocalıda şəhid olmuş Milli Qəhrəmanlardan Hikmət Nəzərlini, Aqil Quliyevi göstərmək olar.

– Şahmar müəllim, Xankəndi və Kərkicahan əhalisi də Xocalı İcra Hakimiyyətinə tabedir?

– Bildiyiniz kimi Milli Məclisin qərarı ilə o vaxt Xankəndinin şəhər statusu ləğv edildi. Xankəndində hazırda sənədlə 11 min azərbaycanlı qeydiyyatda var. Amma, o vaxt Xankəndində qeyri-leqal, yəni qeydiyyata düşməmiş 16 min azərbaycanlı yaşayıb. Yəni şəhərin 40 min əhalisinin 16 mini azərbaycanlı idi, bu da təxminən əhalinin 40 faizini təşkil edirdi. İşğaldan sonra Xankəndinin azərbaycanlı əhalisi respublikanın müxtəlif yerlərinə pərən-pərən düşdü. O vaxt Xankəndi əhalisinin 6 mindən çoxu şəhərdən çıxarkən öz evlərini Bakıda evlərlə dəyişdirdilər. Mingəçevirə və Gəncəyə də evini dəyişənlər var idi. Şuşada da, başqa rayonlarda da Xankəndinin əhalisi yaşayırdı. Sonradan rəhbərlikdən məsləhət oldu ki, Xankəndi əhalisinin hamısı 1 rayona yığılsın və orada bir yerdən idarə olunsun. Ona görə də bizdə Kərkicahan qəsəbə nümayəndəliyi o vaxtdan qalıb. Faciədən əvvəl Kərkicahan bizim Xocalı ilə birlikdə sovxoz olubdu. Yəni biz o əhalinin içində olmuşuq, mən demək olar ki, onların hamısıni yaxşı tanıyıram. Çünki, sovxozda mən partkom, baş iqtisadçı və baş mühasib vəzifələrində çalışmışam. Əvvəl Kərkicahan qəsəbəsi bizdə idi, hazırda 2110 nəfər əhalisi var, nümayəndəlikləri Gəncə şəhərindədir. Sonradan da 3500 nəfərlik Xankəndi əhalisi də Xocalı İcra hakimiyyətinin nəzdindədir. Yəni onların bütün sənədləşmə işləri bizim nümayəndəliklər vasitəsilə həyata keçirilir.

Fuad Babayev, Təmkin Məmmədli, 1905.az

Müsahibə ilk dəfə 05 dekabr 2016-cı ildə dərc edilib

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*