Saytımıza xoş gəlmisiniz

Suren Adamyanın qətli – HEYDƏR ƏLİYEV ERMƏNİLƏRİ NECƏ İFŞA ETDİ

Oxunma sayı: 296

36379740_2053772331539345_1040222791120453632_n

1983-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Çartaz kəndində baş verən qanlı cinayət hadisəsi elə həmin gün Kreml kabinetlərində ciddi müzakirələrə səbəb olur. “Kommunizm” kolxozunun sədri, Sosialist Əməyi Qəhrəmanı Suren Adamyanın öz mənzilində güllələnməsi, həyat yoldaşının baltalanması ittifaq miqyasında geniş səs-küy yaradır. Məqam gözləyən ermənilər cinayət hadisəsinin azərbaycanlılar tərəfindən törədildiyini az qala xarici mətbuata da çıxarmağa cəhd edirlər. İstintaq yekunlaşmadan Ermənistandan və Dağlıq Qarabağda yaşayan ermənilər tərəfindən Moskvaya yüzlərlə məktub və teleqramlar göndərilir. Cinayət işi Mərkəzi Komitənin nəzarətinə götürülür.

Karabakh.TV Dağlıq Qarabağ olayları haqqında növbəti yazını təqdim edir.

Cinayət işinin istintaqı Azərbaycan SSR prokurorluğunun mühüm işlər üzrə müstəntiqinin rəhbərlik etdiyi qrupa həvalə edilir. Ermənilərin ciddi təkidlərindən sonra SSRİ prokurorluğunun göstərişi ilə həmin qrupa DTK-nın 3 müstəntiqi və Dağlıq Qarabağ Muxtar Vilayəti prokurorluğunun milliyətcə erməni olan 2 müstəntiqi də cəlb olunur.

Təbii ki, istintaq qrupunun bu tərkibi də erməniləri qane etmir. Onlar cinayət işinin SSRİ prokurorluğuna verilməsinə cəhd edirlər. Məqsəd istintaq qrupunda azərbaycanlıların olmaması, müxtəlif təsir vasitələri ilə cinayətin izini itirmək, qətlin azərbaycanlılar tərəfindən törədilməsini sübüta yetirmək olur. Ancaq həmin dövrdə artıq Moskvada olan Heydər Əliyev ermənilərin bu “arzu”sunun qarşısını alır. Bütövlükdə cinayət işini nəzarətində saxlayan Heydər Əliyev cinayətin Azərbaycanda törədildiyindən, məhz Azərbaycan SSR prokurorluğu tərəfindən araşdırılmasına nail olur.

Beləliklə, Azərbaycan prokurorluğunun rəhbərlik etdiyi istintaq qrupu bir-neçə gündən sonra cinayətin izinə düşürlər. İstintaq zamanı məlum olur ki, qətl ermənilər tərəfindən törədilib və soyğunçuluq məqsədi daşıyıb. Qətlin əsas icraçıları kimi Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif rayonlarda və ünvanlarda qeydiyyatda olan Baqdasaryan və Asryanın axtarışına başlanılır. İstintaq zamanı o da məlum olur ki, hər iki şəxsin əldə etdiyi silahlar Ermənistandan və Soçi şəhərindən əldə olunub.

Cinayətkar qrup əvvəlcədən Suren Adamyanın evindəki seyfindəki saxlanılan böyük pul məbləği, istiqraz və ziynət əşyalarının olmağı haqqında məlumatlar əldə edirlər. Kolxoz sədrinin evində saxlanılan pul və qiymətli əşyaların ümumi məbləğinin yarım milyondan artıq olduğu da cinayətkarlara məlum olur.

Həmin dövrdə bu cinayət hadisəsi soyğunçuluq faktı ilə yanaşı, həm də vilayətdə milli münaqişələrin qızışdırılması məqsədini daşıyır. Əsas məqsədlərdən biri də Dağlıq Qarabağ Muxtar Vilayətində həmin dövrdə ermənilərə qarşı amansız mövqedə dayanan, hər an ermənilərin murdar niyyətlərini ifşa etməyə hazır olan çox azsaylı azərbaycanlı məmurların işdən azad olunması, vilayətdən uzaqlaşdırılması məqsədini də daşıyıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfərdən ibarət cinayərkar qrup saxlanılır. Baqdasaryan və Asryan isə Krasnodarda xüsusi əməliyyat zamanı təslim olurlar. Bu iki cinayətkar məhkəmənin hökmü ilə ən ağır cəzaya, ölüm hökmünə, güllələnməyə məhkum olunurlar.

Xatırladaq ki, 27 fevral 1983-cü ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən Suren Adamyan 1945-ci ildən qətlə yetirildiyi günə qədər Çartaz kəndində “Kommunizm” kolxozunun sədri vəzifəsində çalışıb. Azərbaycan SSR-nin büdcəsi hesabına sosial-iqtisadi inkişafına görə bu kənd və kolxoz keçmiş sovetlər birliyində öncül sıralarda olub.

Onu da qeyd edək ki, Suren Adamyan Azərbaycanın vəsaiti hesabına əldə etdiyi göstəricilərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Ancaq bu murdar xislətli erməni Çartaz kəndində bütün fəaliyyəti dövründə azərbaycanlılara bu kənddə bir ev tikməyə belə şərait yaratmayıb, əngəlliklər törədib.

Suren Admayanın qətlinin digər bir səbəbi də aşkar olunub. Belə ki, kifayət qədər zəngin olan kolxoz sədri bu kənddəki Şərab zavodunun direktoru Baqdasaryanın həyat yoldaşı ilə kifayət qədər nəzərəçarpacaq yaxınlıqları olub. Suren Adamyanın həyat yoldaşı Asmik Baqdasaryanın vəhşicəsinə baltalanması da bu yaxınlığın qisası kimi qiymətləndirilib.

Ən maraqlı və gülüş doğuran fakt isə odur ki, “ədalət carçısı” olan Zori Balayan cinayətkarların əməlləri sübuta yetirildikdən, layiqli cəzalarını aldıqdan sonra qətlin müəlliflərinin azərbaycanlı olduqlarını dilə gətirməyidir. Bax burada türklərin gerizəkalı ifadəsi yerinə düşür…

İlham CƏMİLOĞLU / Karabakh.TV

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*