Saytımıza xoş gəlmisiniz

Talışdan Ağdərə yoluna baxanda bir şeyi düşündüm– Kəndimizə az qalıb

Oxunma sayı: 70

40285168_268504723985454_7513329356253429760_n_1535618519

Ağdərə istiqamətinə hər gedişim həmişə ürəyimdə
həyəcan hissləri yaradır. Bu dəfəki səfərimizdə bu hiss daha da artmışdı. Əlbətdə ki, bu heç də səbəbsiz deyildi. 20 yaşına qədər saf suyunu içib, təmiz havasını udduğum bir bölgənin torpağına qədəm basacaqdım. Əslində bu vaxta kimi Şıxarx, Həsənqaya, Çaylı istiqamətlərində dəfələrlə olmuşdum. Bu yerlər 1993-cü ildə ermənilərdən azad edilmişdi. Hərdən bir reportaj bəhanəsiylə bu yerlərə gələr, doğma elimin uzaqdan da olsa mənzərəsini seyr edərdim. 

Bu dəfə getdiyim ərazi mənə tanış olmayan istiqamət olduğu üçün hər zaman yaşadığım həyəcanın ikiqatını yaşayırdım. Həm də, Talış istiqamətində olan səfərimizin mənim üçün, ayrıca bir özəlliyi vardı. Çünki, burada doğma kəndimin qarşısında duran əzəmətli “Sığnaq” dağını, “Quruqarağaclar” və “Axırıncı göllər” olan yüksəklikləri uzaqdan da olsa aydın müşahidə etmək olurdu. Müasir texnologiyalar uzaqda olan əzəmətli “Sığnaq” yüksəkliyini mənə bir az da yaxın etmişdi. Qalın ulas və fıstıq meşələri, meşələrin ortasında olan otlaq talaları məni o yerlərdəki, keçirilən uşaqlıq illərimə qaytardı. Elə bil ətrafımda olan hər kəs duyğularımı hiss etmişdi. Məni tələsdirmirdilər, bir müddət beləcə, dünyanın ən cənnət guşələrinin gözəlliyini sey edib durdum. Binoklu gözümdən ayırıb, səliqə ilə düzəldilmiş yerinə qoydum. Qarşımda duranlardan biri -Bu aşağıya baxmadınız, ora Ağdərə-Madaqiz yoludur – dedi. Mənə nişan verilən yerləri yenidən müşahidə etməyə başladım. Yanımda duran həmin şəxs – Buralar keçmiş Ağdərənin torpaqlarıdır. Ermənilərin əsrlər boyu ən çox yaşamağa cəhd etdikləri yerlərdən biridir – dedi. Təsdiq işarəsiylə başımı yelləyib, – Bəli, bilirəm – dedim. O, bu yerlərlə tanışlığınız var? deyə soruşdu. – Bəli təniyiram həm də çox yaxşı tanıyıram. Düz 20 yaşıma qədər o gördüyünüz dağın arxasında yaşamışam. Mənim kəndim dağın o üzündədir deyə cavab verdim.

Düzü bu sözləri deyəndə özümü çox qınadım. Xidmət yaşım ötsə də bu gün bu torpaqlarda bir əsgər olaraq xidmət etmədiyim üçün, özümü qınadım. Təkcə ona görə yox, həm də ona görə ki, bir vaxtlar bizə məxsus olanlara bu gün biz həsrətlə baxırıq. Amma özümü qınayaraq bir anlıq da olsa tarixi yadıma saldım. Bu hadisələrin əsrlər boyu xalqımızn başına gətirilməsinə göz yuman babalarımız heçmi qınanılası deyil. Tarixin ən dəhşətli olaylarının cərəyan etdiyi, bir vaxtlar sadəcə azərbaycanlılar yaşayan yerlərdə indi düşmənin at oynatmasında, XX əsrin əvvəlində əsrin ən böyük faciələrindən biri Umudlu soyqırımının (350 nəfər dinc sakin qətlə yetirilib) yaşandığı bir tarixi yaddan çıxartdığımız üçün özümü qınadım. Məgər, millətimizin başına gətirilən bu müsibətləri gözlərilə görən babalarımızın bizi “erməni qan görəndə qorxur” çürük fəlsəfi ideyası ilə qulaqlarımızı doldurduqları üçün qınanılası deyilmi?!

O vaxtlar 8 – 9 yaşlarım olardı. Ağdərədə olan xəstəxanada qulaq ağrısından yatırdım. Xəstəxananın birinci mərtəbəsi uşaq klinikası idi. Mən, iki kəndçimiz və Kərəmlidən olan bir uşaqla bir palatada yatırdıq. Bir müddət müalicə aldığım xəstəxanada işləyən erməni həkim və tibb bacıları burada olan müsəlman uşaqlara qarşı aqressiv davranırdılar. İlk günlərdə elə zənn edirdim ki, yəqin ki burada qayda belədir. Erməni uşaqlara olan mehriban davranış isə bunun tam əksini deyirdi. Bir gün səhər bizim yatdığımız palataya gələn tibb bacısı dedi ki, buradan sizi başqa palataya daşıyacağıq. Həmin palatda olan nəmişlik və üfunət iyinə görə ora kimsəni qoymurdular. Bizim bu palataya nəyə görə yerləşdirilməyimiz ürəyimizcə deyildi. İçəridən gələn pis qoxuya görə otaqda deyil dəhlizdə ümumi oturacağın üstündə otururduq. Hündürboy və gövdəli bir tibb bacısı bizim otağa girməyimizi tələb edirdi. Bizim otağa girməməyimizi həkimə bildirmişdirlər. Bizə baxan həkim Abovyan soyadlı bir erməni idi. O yanımıza gəlib, əvvəlcə sərt daha sonra isə mülayimliklə otağa girməyimiz təkid etdi. Bizim getmədiyimizi görən həkim bunun səbəbin soruşanda – Bizi öz palatamızdan çıxarmayın – dedik. Həkim gülərək əlini irəli uzadıb – Sizə bu palata layiqdir. İndiyə qədər orada yanlışlıqla qalmısınız – dedi.

Olduqca soyuqqanlı deyilən bu söz uşaq vücudumuza qorxu qarışıq bir titrətmə salmışdı. Amma yenədə israr edib dururduq. Nadir adlı uşaq həkimdən niyə bizi o otaqdan çıxardınız deyə soruşdu. Həkim üzünü turşudub – Hayes, Turkes deyə soruşdu. Hamımız bir ağızdan Turkes – dedik. Cavabımızı eşidən Abovyan çiyinlərini çəkərək – Nuuu sen emeni deyilsen ona görə də orda yatmayacaqsan – deyə çıxıb getdi.

Hələ Sovetlər dövründə öz xislətini yerə qoymayan, körpə uşaqları belə anti-Azərbaycan, anti-türk ruhunda böyütdükləri bir halda bizim ata-babalarımızın bizi hələ də ermənilərin yazıq və məzlum bir xalq olduğuna inandırmaları məni çox məyus edir. Bu gün əlimi uzatsam çatacaq qədər yaxın, bir nəfəs alışımda hiss edəcək qədər üz-üzə, bir ömür gedə bilməyəcəyim qədər uzaq olan doğma elimə gedə bilmədiyim üçün özümü qınadım.

Artıq nə zaman babalarımızın zamanı, nə də qərar verəndə başımızın üstündə duracaq bir imperiya yoxdur. Bu gün müstəqil, siyasət yeridən, sözünü dünya siyasi arenasında deyən müstəqil bir dövlətimiz var. Artıq nə babalarımızın çürük fəlsəfi ideyaları, nə də hər hansısa bir imperiyanın qardaşlıq siyasəti pərdəsi altında xalqımıza qazılan “quyu”lar olmayacaq. Bu gün şahidi olduğumuz bu cür faktlar isə onu deməyə əsas verir ki, o həsrətlə baxdığımız doğma ata-baba torpaqlarımıza uzaqdan baxacağımız günün ömrünə çoz az qalıb. Bu gün Talış, sabah mənim kəndim…

Daşqın Güneyli
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*