Saytımıza xoş gəlmisiniz

Tarixin ağrı-acılarını yaşamış Xankəndi məktəbi

Oxunma sayı: 134

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb bu ad ilə 1945-ci ildən fəaliyyət göstərsə də, əslində bu təhsil ocağı XIX əsrin sonlarında yaradılmış, sovet rejiminin ilk illərində onun bazasında orta məktəb təşkil edilmiş və hər cəhdlə onun Azərbaycan məktəbi kimi fəaliyyət göstərməsinə maneələr törədilmişdi.

1945-ci ildən müstəqil Azərbaycan məktəbi kimi fəalyyət göstərən bu təhsil ocağı ağır, çətin və keşməkeşli yollar keçmiş, fəaliyyətini zirzəmi şəraitindən başlamış, bir müddət keçdikdən sonra birmərtəbəli, heç bir şəraiti olmayan binaya köçürülmüşdür.

Hələ o illərdən erməni millətçiləri bu məktəbin fəaliyyətinə əngəllər yaratmaq üçün bütün vasitələrə əl atırdırlar. Bütün istiqamətlərdə erməniləşdirilən Xankəndində Azərbaycan məktəbinin fəaliyyət göstərməsini qəbul edə bilməyən erməni millətçiləri nəhayət bu qədim Azərbaycan torpağında yeganə azərbaycandilli orta məktəbin müstəqil fəaliyyət göstərməsini dayandıra bildilər. Belə ki, 1964-cü ildə Nizami Gəncəvi adına 4 nömrəli orta və rus təhsilli 5 saylı məktəbin bazasında məqsədli şəkildə beynəlmiləl məktəb yaradılmaqla Xankəndində müstəqil fəaliyyət göstərən yeganə azərbaycandilli təhsil ocağının – Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin fəaliyyəti dayandırıldı. Yeni yaradılmış məktəbə milliyyətcə qeyri-azərbaycanlı direktor təyin edildi.
Bütün çətinliklərə, süni şəkildə yaradılmış maneələrə baxmayaraq, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müəllim kollektivi “beynəlmiləl məktəbdə” də azərbaycançılıq ideyalarını qoruyub saxlaya bildi, bütün qüvvələrini səfərbər edərək Xankəndindəki azərbaycanlı uşaqların maarifləndirilməsi üçün əllərindən gələni etdilər. Nəhayət, 1969-cu ildə Heydər Əliyevin respublikamızın siyasi rəhbərliyinə gəlməsi N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müstəqil fəaliyyət göstərməsini bərpa etdi.

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müəllim kollektivinin yüksək bilik və bacarığı, keyfiyyətli tədris metodu Azərbaycan cəmiyyətinə general-polkovnik Ramil Usubov, Milli Məclisin deputatları – “Azərbaycan Bayrağı” ordenli Elman Məmmədov, Flora Qasımova, Əməkdar müəllim, tibb elmləri doktoru, professor Mübariz Allahverdiyev, Beynəlxalq Energetika Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, bir çox elmi ixtiraların müəllifi olmuş Vidadi Əliyev, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoy, filologiya elmləri namizədi Şəfəq Cabbarova, Bakı Metropoliteninin ilk dəfə tikilib istifadəyə verilməsində aparıcı mütəxəssislərdən biri olmuş Firudin Əhmədov, “Şərəf nişanı” ordenı və “Əmək rəşadətinə görə” medalı ilə tətlif olunmuş, hazırda 122 saylı Xankəndi seçki dairəsinin sədri Rasim Hacıyev və başqa dəyərli şəxslər bəxş edib.

Məktəb yarandığı vaxtdan millətçi erməni dairələrin siyasi və ideoloji təzyiqlərinə məruz qalsa da, azərbaycançılıq ideyalarının ləyaqətli daşıyıcısı kimi 1988-ci ilə qədər fəaliyyətini fədakarlıqla davam etdirmişdir.

Hələ sovet rejimi illərində erməni millətçiləri vilayətin azərbaycanlılar yaşayan kənd və qəsəbələrində orta məktəblərin açılmasının daim qarşısını aldıqlarından Xankəndi şəhərinin yaxınlığındakı azərbaycanlılar yaşayan Xocalı, Kosalar, Cəmilli, Kərkicahan, Malıbəyli və s. yaşayış məntəqələrinin gəncləri təhsil almaq üçün Xankəndiyə getmək məcburiyyətində qalmış, həmin illərdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin pedaqoji kollektivi şovinist ermənilərin ögey münasibətlərinə baxmayaraq, fədakarlıq göstərmiş, milli təəssübkeşliyi qoruyaraq azərbaycanlı balaların keyfiyyətli təhsil almaq qayğısına qalmış, onları erməni millətçilərinin fiziki və mənəvi təzyiqlərindən qorumuşdur.

Məktəb millətçi erməni qüvvələrinin qərargahı olan Xankəndi şəhərində yeganə təhsil müəssisəsi idi ki, burada azərbaycanlılar özlərini doğma yurdda hiss edir, rahatlıq tapırdılar.

Təhsil ocağının şagird və məzunları Qarabağ savaşında erməni millətçilərinin bəşəriyyət tarixində görünməmiş vəhşiliklərinə məruz qalmış, erməni terrorçularının fiziki təzyiqləri qarşısında milli təəssübkeşliyi unutmayaraq vətənin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, bir çoxları itkin düşmüşlər. Bu məktəbdə təhsil almış çoxlu şagird, onların valideynləri ermənilər tərəfindən əsir götürülmüş, onlar ağlasığmaz işgəncələrə məruz qalmış, başları kəsilmiş, əzaları doğranmış, diri-diri yandırılmış, üzərlərindən maşın sürülmüşdür.

Məktəbin yaşadığı ağır illər Azərbaycan xalqının qanlı-qadalı tarixinin tərkib hissəsidir. Bu məktəbin sinəsi erməni vəhşiliyi ilə çalın-çarpaz dağlanmış, təhsil ocağının “ömrü” Xocalı, Qaradağlı faciələrindən keçmişdir. Məktəbin şagirdləri, məzunları, müəllimləri onilliklər ərzində halal zəhmətləri hesabına qurduqları isti ocaqlarından ayrı düşərək doğma yurdlarından qovulmuş, məcburi köçkün həyatı yaşamışlar.

Məktəbin tarixi, onun müəllim və şagirdlərinə, valideynlərinə qarşı törədilən cinayətlər, sadəcə olaraq, bir təhsil ocağının faciəli tarixçəsi deyil – bu, Azərbaycan xalqının, bütövlükdə bəşəriyyətin faciəsidir. Onun yetirmələri respublikamızın ərazi bütövlüyünü, suverenliyini qoruyarkən erməni qəsbkarları ilə mübarizədə vətənin qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazmışlar. Azərbaycanın Milli qəhrəmanları Şirin Mirzəyev, Nizami Məmmədov Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbdə təhsil almışdılar. Ermənilər tərəfindən son dərəcə qəddarlıq və amansızlıqla öldürülən Fərhad Atakişiyev də bu məktəbin yetirməsidir. Bədəninə bir-birindən ağır 72 yara vurulsa da, o, ermənilərin təkid etdiyi “Qarabağ Ermənistanındır” sözlərini deməmiş, düşmənin ağır işgəncələri altında şəhidlik zirvəsinə ucalmışdır. F.Atakişiyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdür. Məktəbin bu cür igidlərinin sayı çoxdur.

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb fəaliyyətə başladıqdan 43 il sonra erməni millətçilərinin işğalçılıq siyasətinin qurbanı olmuş, qanlı-qadalı bir tarix yaşamışdır. Həmin tarixdən məktəbin qapıları yurdlarından qovulmuş azərbaycanlıların üzünə bağlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin gələcəkdə səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə 2012-ci il dekabrın 30-da sərəncam imzalaması yaxın təriximizin ağrı-acılarını yaşamış məktəbə ikinci ömür bəxş etdi. Həmin sərəncama əsasən Bakı şəhərinin Yeni Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb üçün 300 şagird yerlik məktəb binası tikildi. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradıldı. Bütövlükdə 1 hektar sahədə inşa edilmiş məktəb binasında sinif otaqları ilə yanaşı idman zalı, akt zalı, laboratoriyalar, fənn kabinələri, kompüter otağı və yeməkxana da fəaliyyət göstərir. Məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub və ərazisində 300-400-ə qədər ağac, bəzək kolları əkilib.

İlham Cəmiloğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*