Saytımıza xoş gəlmisiniz

Unudulmayan ziyalı, əsl Azərbaycan xanımı – Şəfəq Cabbarova

Oxunma sayı: 481

42530341_1896142950464518_8210368579497885696_n

Tanrının sevimli bəndəsi olmaq hər kəsə nəsib olmur. Əslində Allah tərəfindən bəyənilmək üçün xoş niyyətli, əməli saleh, mərhəmətli olmaq, cəmiyyətə, ətrafındakı insanlara xeyir vermək yetərlidir. Bütün bu ali insani keyfiyyətlər Şəfəq xanımın varlığında da cəmlənmişdi…

Məktəb illərində nümunəvi davranışı, elmə, təhsilə xüsusi marağı ilə həmyaşıdlarından fərqlənən Şəfəq Cabbarova Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbinin məzunları və müəllim kollektivi tərəfindən həmişə böyük ehtiramla yad edilir.

Şəfəq xanımın doğulub, boya-başa çatdığı Cabbarovlar ailəsi Xankəndində barmaqla göstərilən ziyalı ailələrdən biri olub. Ailənin başçısı Xasay müəllim, həyat yoldaşı Nərminə xanım Xankəndindəki Pedaqoji İnstitutda dərs deyiblər, elmi-pedaqoji fəaliyyətlə məşğul olublar. Onlar nümunəvi müəllim, mehriban, qayğıkeş insan, nümunəvi ailə kimi təkcə Xankəndi şəhərində deyil, bütövlükdə Qarabağda böyük hörmət və nüfuz sahibi olublar. Cabbarovlar ailəsi ermənilərin də yaşadığı Xankəndində milli dəyərlərimizin qorunub saxlanılmasını özləri üçün ən böyük vətəndaşlıq borcu sayıblar.

Bəli, Şəfəq Cabbarova 1968–ci il iyun ayının 24-də məhz belə bir ailədə dünyaya açıb. 1975-1985-ci illərdə Xankəndi şəhər 4 saylı orta məktəbdə təhsil alıb, elə məktəbi bitirdiyi il Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirib.

1990-1995-cı illərdə Şəfəq xanım Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlıq İnstitutunun “Azərbaycan dili və ədəbiyyatı” kafedrasında çalışıb, 1995-ci ildən pedaqoji fəaliyyətini Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində və Azərbaycan Müəllimlər İnstitutunda davam etdirib. 2010-cu ilin fevral ayında Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Məhəmməd Füzulinin türkdilli bədii əsərlərində semantik-üslubi vasitələr” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Iyirmiyədək məqalə və tezis, proqram müəllifi olub. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında baş müəllim vəzifəsində çalışıb.

Ömür vəfa etsəydi Şəfəq xanım elmi yaradıcılığında bəlkə də ən yüksək zirvələrə qədər ucalacaqdı. Çalışqanlığı, elmi potensialı onu daha böyük uğurlara aparacaqdı. Cünki o, öz arzusunun arxasınca getməyi bacaran, mükəmməl addımları ilə hədəfə doğru bütün maneələri keçərək inamla irəliləyə bilən möhkəm iradəli əsl Azərbaycan xanımı idi. Ancaq çox təəssüflər ki, bütün arzilar yarımçıq qaldı. Şəfəq Cabbarova 2013-cü ilin may ayında qəfil xəstəlikdən dünyasını dəyişdi.

Şəfəq xanımın əziz xatirəsi onu tanıyanlar tərəfindən böyük ehtiramla yad edilir, bu ziyalı xanımdan söhbət düşəndə onun ünvanına yalnız xoş sözlər söylənilir.

İlham Cəmiloğlu

Karabakh.TV

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*