Saytımıza xoş gəlmisiniz

Unutmadığımız şəxsiyyətlər – Ağdamın el ağsaqqalı Zülfüqar Səfərəliyev

Oxunma sayı: 124

bb

Ruhu Qarabağdan bizə sarı boylanır. Bir az narahat, bir az gileyli, incik… O, Qarabağı, canı qədər sevdiyi Ağdamı belə qoyub getməmişdi. Min bir sual, min bir bəlkələr ruhunu sıxır, incidir. Və o, ruhunu bir daha bu ədalətsiz dünyanın səmasına buraxmaq istəmir. Qorxur, qorxur ki, Qarabağın sevgisinə bələnmiş ruhundan o sevgini alarlar…

Qarabağın sayılıb seçilən kişilərindən biri olmuş, müdrik el ağsaqqalı fədakar pedaqoq Zülfüqar Səfərəliyev haqqında yazının ilk sətirlərini böyük ziyalı və şəxsiyyət Rafiq Əliyevin Ağdam və ağdamlılar haqqında fikirləri ilə başlamaq istəyirəm: “Ağdamın insanları əyilməz və qürurlu olublar. Ağdamda cəsarət də, ürək də, intellekt də olub. Mən Ağdamı belə tanıyıram. Həm ziyalı, elmli adamları ilə, həm də sənət beşiyi kimi. Ağdam insanlarında həmişə bir harmoniya hiss olunub, intellekt, ürək, cəsarət…”

Sözsüz ki, Ağdamı belə şərəfləndirən və yaddaşlara məhz bu şəkildə həkk edən onun insanları olub. Yurdunu sevən, torpağına bağlı olan insanlar… Onlardan biri də Zülfüqar Teymur oğlu Səfərəliyevdir.

1916-cı ildə Şuşa qəzası, Gələbədin kəndində anadan olmuş Zülfüqar Səfərəliyevin həyatı kiçik yaşlarından Ağdama bağlanıb. İlk pedaqoji təhsilini başa vurduqdan sonra da müəllimlik fəaliyyətinə Ağdamın Saybalı kənd orta məktəbində başlayıb və bir müddətdən sonra da həmim məktəbin direktoru vəzifəsinə təyin olunub. O, bu məktəbdəki fəaliyyətini 1941-ci ilin ortalarına qədər davam etdirə bilib. Böyük Vətən müharibəsi başlananda yüz minlərlə azərbaycanlı oğulları kimi o da könüllü olaraq cəbhəyə yollanıb.

Zülfiqar Səfərəliyev II dünya müharibəsi illərində Zaqafqaziya hərbi dairəsində ,I,II və III Ukrayna cəbhələrində, Şimali Qafqaz Cəbhəsinin 486-cı alayının 320-ci atıcı diviziyasının tərkibində vuruşub, Qafqazdan Berlinədək döyüş yolu keçib.

Səngərlərdə, savaş meydanında igidliyi, qorxmazlığı, bacarığı ilə daim fərqlənən Zülfüqar Səfərəliyev komandanlığın diqqətindən yayınmayıb. O, “1-ci dərəcəli Vətən Müharibəsi”, 2 “Qırmızı ulduz” ordenləri, 8 medal və digər mükafatlarla təltif olunub.

Cəbhədən qayıtdıqdan sonra o yenidən müəllimlik fəaliyyətinə başlayıb, Ağdamın Qərvənd kənd orta məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Əmək fəaliyyəti ilə yanaşı qiyabi yolla ali pedaqoji təhsilə yiyələnib.

1948-50-ci illərdə Zülfüqar müəllim Ağdam rayon 1 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. Daha sonra o, 5 saylı məktəbdə riyaziyyat fənnini tədris edib və eyni zamanda Ağdam Kənd Təsərrüfatını Mexanikləşdirmə və Elektrikləşdirmə Texnikumunun qiyabi şöbəsinin müdiri (1950-86) vəzifələrində işləyib.

Pedaqoji fəaliyyətindəki müsbət göstəricilərə görə Zülfüqar Səfərəliyev “Azərbaycan SSR-in maarif əlaçısı” fəxri adına layiq görülüb.

O, həyatın bütün sahələrində, fəaliyyətinin bütün istiqamətlərində əxlaqi, milli mənəvi dəyərlərə üstünlük verib.

Zülfüqar müəllim gözəl ailə başçısı olub. Səfərəliyevlər ailəsində ağsaqqal məsləhəti, böyük sözü qanun kimi qəbul olunub. Ancaq bununla yanaşı Zülfüqar müəllim övladlarının arzu və istəklərini, onların hər hansı bir məsələyə münasibətini bildirməsinə də şərait yaradıb. Belə qarşılıqlı anlaşmalar sonradan övladların cəmiyyətə layiqli mövqe tutmalarında özünü büruzə verib.

Zülfüqar müəllim sözünə sahib duran, sözünə bütöv kişi olub. O, həqiqəti deməkdən heç vaxt çəkinməyib, söylədiyi həqiqəti məntiqi baxımdan əsaslandırmağı bacarıb. Mübahisəli məsələlərin, müşkülə düşmüş işlərin həllində Zülfüqar müəllimin qənaətləri, tapdığı çıxış yolları həmişə müsbət nəticələnib. Elə bu baxımdan da Zülfüqar Sıfərəliyev Ağdamda bir çox məsələlərin həllində son həlledici sözün sahibi olub.

Uzun illər Ağdam rayonuna rəhbərlik etmiş, kifayət qədər ciddi, tələkbar və insanlara qarşı son dərəcə həssas olan Sadıq Murtuzayevin Zülfüqar müəllim haqqında fikirləri də maraqlıdır: “Zülfüqar Səfərəliyev sözün həqiqi mənasında nurlu şəxsiyyət, ləyaqət  mücəssəməsi idi. Bu  sözləri  mən  bəlkə  də  on  min,  bəlkə  də  yüz min  insandan biri üçün  işlədərdim”. Bu fikirlər bir daha Zülfüqar Səfərəliyevin müdikliyindən xəbər verir.

İnsan özü öz tarixini yaradır, əməli, əqidəsi, həyat yolları ilə. Zülfüqar Səfərəliyevin ömür tarixi olduqca zəngin və dolğundur. Bu tarixdən öyrəniləsi çox şey var: qayğıkeş insan olmaq, el-obanın xeyir-şərinə yaramaq, torpağını sevmək, haqqı üstün tutmaq və daha nələr, nələr…

Zülfüqar müəllim Allahın ona bəxş etdiyi yetmiş il ömrü şərəflə yaşayıb. Bu illər ərzində o, başını həmişə uca tutub, elinin, obasının qarşıdında utanacaq, çəkinəcək bir işi olmayıb, xeyirxahlığı, mərdliyi, ağsaqqallığı ilə böyük nüfuza sahib olub. Dünyasını dəyişəndə Ağdamda ilk dəfə olaraq Mədəniyyət evində Zülfüqar Səfərəliyevlə vida mərasimi təşkil olunub.  Və Ağdam nadir hallarda belə izdihamın şahidi olub. Axın-axın insanlar Zülfüqar müəllimə son ehtiramlarını bildirmək üçün Mədəniyyət evinə üz tutublar…

Bəlkə də Zülfüqar Səfərəliyevin məhz 1986-cı ildə haqq dünyasına qovuşması Tanrı  məsləhəti idi.

Çünki o, Qarabağ torpağına qovuşmalı idi…

Çünki o, Ağdamın Qarağacı qəbirstanlığında uyumalı idi…

Bu, onun doğma torpağına sonuncu sədaqətinin nümayişi idi…

Və o, havasını udub, suyunu içdiyi Qarabağ adlı cənnət məkanın halallığını  almışdı, yurduna heç vaxt naxələf çıxmayan əsl kişilər kimi…

Zülfüqar müəllim riyaziyyat elminin kamil bilicisi olsa da, o həyat düsturlarını riyazi düsturlardan daha yaxşı bilirdi. Bu düsturları ona keşməkeşli, acılı-şirinli, heç də rəvan olmayan həyat yollatı öyrətmişdi. Həmim həyat yolları ki, dünyadan gedişindən otuz il sonra da nəsillərə örnək və nümunədir.

Yazının sonunda digər  böyük bir ziyalının, şair Ramiz Rövşənin fikirlərini bölüşmək istəyirəm. Ramiz Rövşən istedadlı publisist Vahid Qazinin Ağdam haqqında qələmə aldığı “Ruhlar şəhəri” kitabına yazdığı ön sözdə belə bir fikir var: “Bir vaxtlar SSRİ-nin paytaxtında yaşayan moskvalılar haqqında deyirdilər ki, moskvalı olmaq vəzifədir. Məncə, Qarabağda da ağdamlı olmaq vəzifə kimi bir şey idi”.

Sözsüz ki, bu fikirdə söhbət məmur vəzifəsindən yox, mənəvi vəzifədən gedir, ağdamlı olmaq vəzifəsindən, o vəzifədən ki, böyük pedaqoq, dəyərli ziyalı, müdrik el ağsaqqalı Zülfüqar Səfərəliyev bu vəzifəni ləyaqətlə icra etmişdi…

İlham Cəmiloğlu

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*