Saytımıza xoş gəlmisiniz

Varşavanın “Qəhrəmanlar Xiyabanı”nda uyuyan CƏBRAYILLI QƏHRƏMAN

Oxunma sayı: 151

36692996_2059944344255477_5949697304704319488_n

1941-ci ilin iyun ayında könüllü olaraq hərbi xidmətə getmək istəyəndə, komissarlıq yaşına görə onu geri qaytarıb. Nəhayət, 6 ay keçdikdən sonra, 18 yaşı tamam olanda Cəmil Əhmədov Cəbrayıl rayonundan hərbi xidmətə, birbaşa cəbhəyə yollanıb. Savadlı, çevik, intizamlı olduğundan onu əvvəlcə Orconikidze hərbi məktəbinə göndəriblər. Cəmil Əhmədov həmin məkəbi bitirdikdən sonra leytenant rütbəsində, taqım komandiri vəzifəsində Şimali Qafqaz cəbhəsində xidmətə başlayıb.

Karabakh.TV Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun həyat və döyüş yollarından bəhs edən yazını təqdim edir.

Cəmil Əhmədov 1924-cü ildə Cəbrayılda anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirib. Savadı, tərbiyəsi, hələ yeniyetməlik yaşlarından vətənpərvər olması ilə fərqlənib.

Böyük Vətən Müharibəsi başlananda, o da bir çox həmyaşıdları kimi könüllü olaraq cəbhəyə getmək, döyüşçülər sırasında dayanmaq arzusunda olub. Hərbi təhsil alarkən hərb elminin sirrlərinə dərindən yiyələnən Cəmil Əhmədov cəbhədə olduğu ilk günlərdən komandanlığın diqqətini çəkib. Qısa müddət keçdikdən sonra ona hətta məxfi sayılan hərbi əməliyyatlar da etibar olunub.

Şimali Qafqaz, Ukrayna, Belarusiya cəbhələrində uğurlu döyüşlərə görə qvardiya leytenantı Cəmil Əhmədov “Aleksandr Nevski”, “Qırmızı Ulduz” ordenləri ilə təltif olunub.

1943-cü ildə iki dəfə yaralanmasına baxmayaraq, gənc leytenant səhra şəraitində tibbi yardım alaraq komandiri olduğu taqımın önündən geri çəkilməyib.

Cəmil Əhmədovun Belarusiyanın Qomel vilayətində göstərdiyi şücaət çoxmillətli sovet ordusunda bu azərbaycanlı oğlunun nə qədər qorxmaz olduğunu bir daha sübut edib. Ağır döyüşlərdə almanlarla təkbətək üz-üzə qalan Cəmil Əhmədov ölümün gözünə dik baxaraq canlı sədd qurmuş onlarla alman əsgərini məhv edərək döyüş yoldaşlarını mühasirəyə düşmək təhlükəsindən qurtarıb.

Həmin döyüşdən sonra Cəmil Əhmədov Malın kəndinin ətrafından keçən Tremiya çayında, suyun içində mövqe tutaraq düşmənə bu kəndi ələ keçirməyə imkan verməyib. Əlavə qüvvələr gələnə qədər taqım kiçik bir qüvvə ilə bu böyük kəndi almanlara təhvil verməyib.

Bu döyüşdə ağır yaralanan Cəmil Əhmədov səhra hospitalına aparılıb. Müalicəsini sona qədər almayan leytenant yenidən cəbhələrə atılıb.

Bu dəfə isə istiqamət Polşaya doğru olub. Bir-birinin ardınca uğurlu hərbi əməliyyatlara imza atan Cəmil Əhmədov 1944-cü il iyun ayının 10-da Polşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Döyüş yoldaşlarının yaddaşına peşəkar hərbçi olmaqla yanaşı, həm də qayğıkeş komandir, əsl dost kimi həkk olunan Cəmil Əhmədov Varşavada – sovet döyüşçüləri üçün ayrılmış Qəhrəmanlar Xiyabanında dəfn edilib.

SSRİ Ali Soveti Rəyasət heyətinin  24 mart 1945-ci il tarixli fərmanı ilə Cəmil Əhmədov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.

Xatırladaq ki, Cəmil Əhmədov yazıçı Sabir Əhmədovun qardaşıdır.

1985-ci ilin may ayında Qələbənin 50-illik yubileyi münasibəti ilə Cəbrayıl rayonunda Cəmil Əhmədovun ev muzeyi açılıb. 1988-ci ildə qəhrəmanın xatirə kompleksinin yaradılmasına qərar verilib, heykəli isə Ömər Eldarov tərəfindən hazırlanmıb. Muzey öz fəaliyyətinə 500-ə yaxın eksponatla başlayıb, sonradan bu eksponatların sayı 800-ə çatdırılıb. İgid azərbaycanlı oğlunun xatirə muzeyi Cəbrayıl rayonunun diyarşünaslıq muzeyinin filialı kimi fəaliyyət göstərib və ermənin təcavüzü nəticəsində, 1993-cü ildə öz fəaliyyətini dayandırıb.

İlham Cəmiloğlu / Karabakh.tv

36728101_2059944270922151_6298935874524545024_n

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*