Saytımıza xoş gəlmisiniz

“Xalq diplomatiyasından danışanda ermənilərlə XX əsrin əvvəlindəki “barışıqları”mızı xatırlayaq…”

Oxunma sayı: 45

259496

“…“Difai” tutarlı cavab verdi- ermənilər və  Rusiya qorxuya düşdü…”

Azərbaycan və erməni jurnalistlərinin yarımgizli qarşılıqlı səfərlərindən sonra deputatların bu cür gediş-gəlişi  gündəmdədir…

Görəsən, Türkiyədən Azərbaycan-Ermənistan jurnalistlərinin gediş-gəlişi necə görünür? Bu yarımgilzli dırnaqarası “xalq diplomatiyası”nın bir mənası varmı?..

İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı Teymur Qasımlı Moderator.az-a açıqlamasında məsələyə belə münasbət bildirib:

“İcazə verin, öncə  keçmişə qısa bir ekskurs edək.

Əsasən XIX əsrin əvvəllərından  başlayaraq Çar Rusiyası  İrandan və Osmanlıdan Erməniləri gətirib Azərbaycan torpaqlarında yerləşdirməyə başladı. Xüsusən burada  Osmanlı dövləti həm özünün, həm Azərbaycanın gələcəyi üçün strateji səhv olan siyasi gedişlər etdi…

Azərbaycanlılar ermənilərlə son  206 ildir ki, münaqişə vəziyyəti yaşayır. Bunun 32 ili qanlı müharibə dövrü olub. Hal-hazırda yenə də faktiki silahlı qarşıdurmalar davam edir və şəhidlər veririk…

1994-cü ildən Azərbaycan Ermənistanla “atəşkəs”  əldə etdi. Bundan sonra beynəlxalq güclər və təşkilatlar guya Qarabağ məsələsinin həllində yardım etməyə başladı. Azərbaycan da məcbur qalıb beynəlxalq təşkilatlarla  əməkdaşlıq etdi. “Qarabağ məsələsinin həlli” ilə əsasən ATƏT-in Minsk qrupu məşğul olmağa başladı. Hər iki tərəfə müxtəlif əməkdaşlıq layihələri təklif etdilər. İki xalq arasında sülh yaratmaq üçün jurnalistlər və müxtəlif insanların gediş-gəlişi, iki ölkənin gənclərinin birlikdə lahiyələr təşkil etməsi və s. Azərbaycanın bir çox ictimai fəal jurnalisti Ermənistana səfər edib. Ermənilər də Azərbaycana gəlib-gedib. Hər iki tərəfin hökümətləri yaxşı bilirlər ki, bu cür əməkdaşlıq mənasızdır. Bunlar, sadəcə, beynəlxalq təşkilatların istəyi ilə təşkil olunur…”

T. Qasımlı Azərbaycan və erməni deputatlarının baş tuta biləcək qarşılıqlı səfərlərinin də heç bir perspektiv daşımadığını ifadə edib:

“Deputatların qarşılıqlı səfərlərinə  gəldikdə, xatırlatmaq istəyirəm ki, bundan öncə də

Azərbaycan və Ermənistan parlament üzvləri oxşar səfərlər ediblər. Bu səfərlər beynəlxalq təşkilatların Bakıda və ya İrəvanda təşkil olunan toplantıları ilə bağlı olub. Hətta Azərbaycanın Qərbi Azərbaycan əsilli deputatları Ermənistan səfərləri zamanı öz valideynlərinin məzarlarını da ziyarət ediblər. Bununla belə, düşünürəm ki, parlament üzvlərinin qarşılıqlı səfərlərinin də Qarabağ məsələsinin həllində hər hansı bir rolu olmayacaq…

Ümumiyyətlə, “xalq diplomatiyası” məsələsindən danşsaq, bu addımlar yeni deyil. 2007-ci ildə də bu məsələ gündəmdə olub, hətta iki tərəfin nümayəndələrinin qarşılıqlı səfərləri də baş  tutub. Və həmin səfərlərdən sonra maraqlı gedişlər baş verib. Türkiyə-Ermənistan yaxınlaşmasına hazırlıqlar başlanıb… Lakin nə bu, nə də Qarabağ məsələsində müsbət bir nəticə əldə olunmayıb…”

“Bilirsiz,  tarixən terrordan əziyyət çəkən dövlətlər  öncə terror təşkilatlarını məhv ediblər, sonra masaya oturublar. Azərbaycanın tarixindən bir misal çəkmək istəyirəm. 1905-1906-ci illərdə ermənilər azərbaycanlılara qarşı terror edirdi. Əhməd Bəy Ağaoğlunun rəhbərliyi ilə “Difai” partiyası yaradıldı. Qisa zamanda ermənilərin tutarlı cavabı verildi. Ermənilər və  Çar Rusiyası bundan bərk  qorxuya düşdülər. Və Moskva məcbur qalıb  hər iki tərəfi barışdırdı. Təssuflər olsun ki,  biz ermənilərin yalançı barışığına inandıq və sonda  başımıza nələr gəldiyi məlumdur. İrəvanı, Zəngəzuru, Göyçəni, Dərələyizi və s. itirdik.  Üstəlik, Qarabağa köçürülmüş ermənilərə muxtariyyət verdik. Və sonda hüquqi torpaqlarımızın 20 faizini də de-fakto  itirdik…

Bütün bunları, nəzərə alsaq, “xalq diplomatiyası”, o cümlədən jurnalist, yaxud deputatların gediş-gəişləri hal-hazırkı vəziyyətdə qətiyyən düzgün gediş olmaz. İnşallah, torpaqlarımız işğaldan azad olunandan sonra xalq diplomatiyasından danışmaq mümkündür. Bir gerçəklik də var ki,  bu gün heç kim Azərbaycan dövlətinin güclü, müstəqil dövlət olmasını istəmir. Azərbaycan dövləti və vətəndaşları yalnız öz güclərinə güvənməlidir. Torpaqlarımızı işğaldan azad etmək üçün üçrəngli bayraqımızın altında yumruq kimi birləşməliyik…” – deyə siyasi analitik  vurğulayıb.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*