Saytımıza xoş gəlmisiniz

Xalqımıza qələbə sevinci yaşadacağıq!

Oxunma sayı: 327

3f51f7a8d9704729b037738ea17f8be2_800

Ön xətdə yerləşən “N” hərbi hissəsində zabit  Eldəniz İsmayılovla birgə səngərə çatırıq. Şəxsi heyətə təlimat verən bölük komandiri leytenant Elşən Cəfərliyə yaxınlaşıram. Zabit bildirdi ki, hər bir şəxs seçdiyi peşəsini sevməli və ona böyük hörmətlə yanaşmalıdır. “Mən hər zaman hərbçi olmaq arzusunda olmuşam. Çünki bu forma xüsusi hörmətə layiqdir. Bu formada Mübarizlərimiz, Çingizlərimiz, Fəridlərimiz, Raquflarımız… Vətən uğrunda ən uca zirvəyə – şəhidlik zirvəsinə ucalıblar. Bu hər bir azərbaycanlı üçün böyük şərəfdir. Onlar hamısı bizlərə örnəkdir. Necə deyərlər, “Şəhidlər ölməz, Vətən bölünməz”. Həqiqətən, şəhidlərimiz Azərbaycan xalqı üçün həmişə yaşayıb, yaşayır və hər zaman yaşayacaqdır. Biz hamımız fəxr edirik ki, Vətənimiz belə oğullar yetişdirir. Tez bir müddət ərzində onların qanlarını yerdə qoymayacağıq, torpaqlarımızı işğaldan azad edərək, o gözəl diyarlarımıza yenidən qayıdacağıq. Bunun üçün Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini gözləyirik”.

Zabit E.Cəfərlinin dediyi kimi, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canından keçən hər bir şəxsin xatirəsi böyük hörmət və rəğbətlə anılır. Çünki onlar bizlər üçün, torpağımız üçün şəhid olublar. Onların ruhları qarşısında baş əymək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

Salyan rayonundan ordu sıralarına çağırılan əsgər Elbrus Quliyev söhbətimizdə bildirdi ki, “əsgərlik kişilik məktəbidir” fikri ilə tam razıdır: “Çünki hərbi xidmət məndə müsbət keyfiyyətlər aşıladı. O keyfiyyətləri ki, mənə mülki həyatda da lazım olacaq. Xidməti dövrümün çox hissəsini geridə qoymuşam. Bir aydan sonra ordu sıralarından ehtiyata buraxılacam. Mənim üçün şərəfdir ki, xidmətimi düzgün təşkil edib ailəmin yanına başıuca, alnıaçıq qayıdacam. Mən hər zaman Vətənimin əsgəriyəm”. Söhbətimizin sonunda E.Quliyev gənc əsgərlərə arzuladı ki, hər zaman xidmətləri ilə seçilsinlər: “Döyüş növbətçisi çıxanda qorxmasınlar, əksinə, nifrətləri daha da artsın. Silahdaşlarını özlərinə dost, qardaş bilsinlər. Çünki bura bir ailədir. Etiraf edim ki, mən artıq indidən gedəcəyimi təsəvvür edəndə kədərlənirəm. Onlara arzu edirəm ki, Böyük Qələbəni xalqımıza yaşatsınlar”.

“Xidməti dövrümün ən yaddaqalan günü döyüş növbətçisi çıxdığım gün oldu”, – deyə əsgər Anar Zeynalov bildirdi. – Silahlanaraq bölüyümüzün baş çavuşu tərəfindən təlimatlandırıldım. Daha sonra isə bölüyümüzün müdafiəsi üçün təyin olunmuş yerdə xidmətimi təşkil etdim. Anlayırdım ki, mənə çox məsuliyyətli bir iş tapşırılıb. Çünki hər kəs istirahət edir, yalnız sən oyaqsan və hamı sənə güvənərək rahatlıqla yatır. Qarşımızda isə hər an hiyləgərlik etməyə hazır olan erməni faşistləri dayanıb. Həmin erməni ki, Qarabağda qoca, qadın, körpə demədən hər kəsi güllə atəşinə tutdu, hər kəsi öz evlərindən didərgin saldı. Ermənilərin etdikləri, əlbəttə ki, qisassız qalmayacaqdır. Qisas günümüzə isə çox az qalıbdır.

Əsgər Dövlət Kərimov isə  dostluqdan söz açdı. “Dostu qazanmaq asandır, qorumaq çətin. Atalar sözündə deyildiyi kimi: “Ağac kökləri ilə, insan dostları ilə var olar”. Bizim yaxşı və etibarlı dostlarımız nə qədər çox olarsa, köklərimiz də torpaqda o qədər möhkəm olar. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olar. Mən də səngərdə çoxlu dost qazanmışam. Onlardan biri də əsgər Nahid Mehdiyevdir. Dost qazanmaq böyük xoşbəxtlikdir. Yaxşı dostun sayəsində üzləşdiyin problemləri daha asanlıqla dəf edərsən. Əsgərlik dostluğu daha həssasdır. Hətta döyüş növbətçiliyinə də dostum əsgər N.Mehdiyevlə bir yerdə çıxmışdıq. İnanıram ki, mülki həyatda belə bizim dostluğumuz davam edəcəkdir”.

Həqiqi dostluq illərin sınağından çıxır. Əsl dostluq insanlar arasında münasibətlərin uca zirvəsidir. Dostluğu hər bir çətinliyə dözmək, yalan danışmamaq, sirrini paylaşmaq və dürüst olmaq daha da gücləndirir. Bizim əsgərlərimizin dostluğu əbədi olacaqdır.

Əsgərlər Bəşir Ələkbərov, Kamran Qasımov, Xəyyam Kərimov, Nahid Mehdiyev və başqaları da ön xətdə Vətənimizi, xalqımızı qoruduqları üçün fəxr etdiklərini, lazım gələrsə torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını bildirdilər. Belə mərd oğullarımızla tanış olduğumuz üçün çox sevincliyik, hər dəfə olduğu kimi, bu dəfə də səngərimizi könül xoşluğu ilə tərk edirik.

Orxan HÜSEYNLİ, “Azərbaycan Ordusu”, foto Coşqun CƏFƏROVUNDUR

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*