Saytımıza xoş gəlmisiniz

Xankəndində “tikinti-abadlıq” işləri və Ermənistan mətbuatının yaratdığı mif

Oxunma sayı: 465

48371762_441106396424440_2736600861470883840_n

Ötən bir neçə ay ərzində Ermənistan kütləvi informasiya vasitələrində qondarma “DQR”-də tikinti, abadlıq, iqtisadi inkişafla bağlı mütəmadi olaraq informasiyalar yayıldı. Buna misal olaraq işğal altında olan Ağdam rayonu ərazisində yeni məktəbin açılmasını, Xankəndi Pedaqoji institutunun tamamilə sökülüb yenidən tikilməsini, zamanında Azərbaycanın büdcəsi hesabına tikilmiş vilayət mərkəzi xəstəxanasında əsaslı təmir işlərinin aparılmasını və s. göstərmək olar. Bununla da ermənilər sübut etmək istədilər ki, qondarma “respublika”da yüksək inkişaf tempi var. Erməni mətbuatını daim izləyən biri kimi qeyd etmək istəyirəm ki, bu “inkişaf” quru sözdən, mif yaratmaqdan başqa bir şey deyil.

Nəyə görə?

Birincisi, elə götürək işğal olunmuş Ağdam ərazisindəki məktəbi. Cəmisi bir-neçə sinifdən və bir-neçə yardımşı otaqdan ibarət olan bu məktəbin smeta dəyəri ABŞ dolları ilə hesablasaq heç 50 min dollar etmir. Təbii ki, bu vəsait də nə Ermənistanın, nə də qondarma “DQR”-in büdcəsindən ayrılmayıb. Tarix boyu “əl açmaqla” yaşayan ermənilər bu məktəbi xarici havadarlarının hesabına tikiblər. Digər bir tərəfdən, məktəbin tikintisi büdcə hesabına olsa da belə bu iqtisadi inkişaf üçün heç də böyük bir göstərici sayıla bilməz.

İkincisi, Xankəndi Pedaqoji institutu heç də sökülüb yenidən tikilməyib. Yəqin ki, bu institutda olanlar institutun arxa tərəfdən girişindəki yeməkxana yerləşən hissəni yaxşı xatırlayırlar. Əsasən taxta konstruksiyalardan tikilmiş həmin hissədə yeməkxana, mətbəx və kişik bir anbar yerləşirdi. Ermənilərin “böyük tikinti” kimi qələmə verdikləri iş həmin kişik hissədə taxta konstruksiyaları daşla əvəz etməkdən ibarət olub.

Üçüncüsü, Xankəndindəki mərkəzi xəstəxananın fasadını və dəhlizlərini rəngləməyi “əsaslı təmir” kimi mətbuatda işıqlandıran ermənilər yəqin ki, bu reklamlarla sponsor ianələrindən oğurladıqlarını ört-basdır etmək niyyətində olublar.

Ortaya təbii bir sual da çıxır. İnternet üzərindən izləyərkən Xankəndində işğaldan sonra inşa olunmuş tikililərə rast gəlirik. Bəs bunlar necə tikilib? Qeyd edək ki, işğaldan sonra həqiqətən də Xankəndi şəhərində və Şuşada tikinti-abadlıq işləri ilə bağlı (yalnız mərkəzi küçələrdə) bəzi işlər görülüb. Amma görülən işlər o vaxtlara təsadüf edir ki, həmin ərəfədə xarici ölkələrdə yaşayan zəngin ermənilər separatçı rejimin rəhbərlərinə inanırdılar və bu cinayətkar ünsürlərə pul buraxırdılar. Amma zaman keçdikcə xarici havadarlar baş verənlərin fərqinə vardılar və əksəriyyəti pul kisələrinin ağzını bağladılar.

Çox sadə və anlaşılan bir məntiq var, kimdənsə maddi cəhətdən asılı olanın heç vaxt öz pulu ola bilməz. Əgər qondarma “DQR” hərtərəfli Ermənistandan asılıdırsa separatçı rejimin uzunömürlü olması mümkünsüz bir işdir. Çünki hazırda Ermənistanın özü asılı vəziyyətdədir.

Son hadisələr də bu rejimin süquta doğru getməsini bir daha təsdiqləyir. Paşinyan orduda olan vəziyyətin acınacaqlı olmasını özü etiraf edib. Heç bu etiraf olmadan belə istər Ermənistanda, istərsə də Azərbaycanın işğal olunmuş ərazilərindəki Ermənistan ordusunun hərbi hissələrində baş verən hadisələr göz önündər. Fərarilik, baxımsızlıq, ölüm halları, intiharlar haqqında Ermənistan mətbuatı mütəmadi olaraq xəbərlər yayır. Belə bir vəziyyətin daha da acınacaqlı məcraya yönəlməsi isə təbii və qaçılmazdır. Çünki Ermənistanda hökm sürən ictimai-siyasi vəziyyət yaxşı heç nə vəd etmir.

Bütün bunlara rəğmən qeyr etmək yerinə düşər ki, Ermənistan mətbuatının ölkələrində və qondarma “DQR”-də olan inkişafla bağlı verdiyi yazılar özünə təsəlli, xəyal və əfsanədir.

Bir məqamı da xatırlatmaq istərdim. Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanın, Karen Dəmirçiyan isə Ermənistanın birinci katibi olarkən, görüşlərin birində Dəmirçiyan Əliyevə kənd təsərrüfatı sahəsində respublikalar arasında sosializm yarışı keçirməyi təklif edib. Heydər Əliyev gülümsəyərək bu təklifə belə cavab verib: Bütün Ermənistan təkcə Azərbaycanın bir Cəlilabadı ilə yarışa girə bilməz…

Ulu öndərimizin həmin ifadəsini dövrə uyğun kiçik bir redaktə etməklə bu gün üçün də tətbiq etmək olar. Bu gün bütün Ermənistanın “inkişafı”nı Azərbaycanın bir rayonu ilə də müqayisə etmək olmaz…

İlham Cəmiloğlu

Karabakh.TV    

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*