Saytımıza xoş gəlmisiniz

Xocavəndlilər doğma torpaqlarına qayıdacaqlarına əmindirlər – FOTO/VİDEO

Oxunma sayı: 89

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 27 il ötür. Bu münasibətlə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində anım mərasimi keçirilib.

Karabakh.TV AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri, ağsaqqallar, gənclər, N saylı hərbi hissənin zabit və əsgərləri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstələri düzüblər. Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, işğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 10 tarixi abidə, 32 körpü, 12 rabitə qovşağı, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.

Xocavəndlilər 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərib, qeyri–bərabər döyüşlərdə rayonun sakinləri qəhrəmanlıqla iştirak edib. Ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 146 nəfər şəhid, 300 nəfərdən çox insan əlil olub, 245 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 69 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub.

“Bir millət, bir dövlət kimi bizim ən müqəddəs vəzifəmiz Vətənimizin ərazi bütövlüyünü təmin etməkdir. Bu, təkcə ərazi məsələsi deyil. Bu, bizim varlığımız, gələcəyimizdir, xalqımızın, dövlətimizin ölüm-qalım mübarizəsidir. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda və ordu quruculuğunda böyük nailiyyətlər əldə olunub. Azərbaycanda yüksək maddi-texniki bazaya malik, müasir silahlarla təchiz edilmiş, yüksək nizam-intizamlı, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordu formalaşıb. 2016-cı il aprel döyüşləri onu göstərdi ki, biz işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik. Əminliklə bildirirəm ki, ordumuzun gücü, Ali Baş Komandanın qətiyyəti və xalqımızın iradəsi ilə işğal altındakı bütün torpaqlarımız azad ediləcək və biz doğma yurdumuza qayıdacağıq”, – deyə E.Hüseynov bildirib.

Milli Məclisin deputatı Elman Məmmədov çıxışında bildirib ki, düşmən torpaqlarımızı bizim gücümüz, ordumuz, birliyimiz olmayanda işğal edib. Bu gün isə güclü Azərbaycan dövləti və qüdrətli Azərbaycan ordusu var. Azərbaycanın qətiyyətli Ali Baş komandanı var. Ali Baş komandanın rəhbərlik etdiyi qəhrəman Azərbaycan xalqı və ordusu var. Biz bu gün ancaq dövlətimizin, ordumuzun gücünü artırmaqla qələbəyə nail olmaq haqqında düşünməliyik.

Tədbirdə çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri, icma rəhbəri Tural Gəncəliyev deyib: “Xocavənd rayonunun işğal günündə təmas xəttinə yaxın bölgəyə səfər etməkdə əsas məqsədimiz düşmənə mesaj verməkdir. Bu mesaj həm Ermənistan hakimiyyətinə, həm də Dağlıq Qarabağda Ermənistanın əlaltısı olan cinayətkar xunta rejiminə ünvanlanır. Ermənistan hakimiyyəti başa düşməlidir ki, ərazilərimizi uzun müddət işğal altında saxlaya bilməz. Onun legitimləşdirilməsinə Azərbaycan, dünya ictimaiyyəti razı olmayacaq. Ona görə Ermənistan nə qədər tez öz işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxararsa, onlar üçün daha yaxşı olar. Bizim digər mesajımız Dağlıq Qarabağda yaşayan erməni icmasınadır. Onları Azərbaycanın suverenliyi, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində azərbaycanlılarla yaşamağa razı olmağa çağırırıq. Əks halda onlar düşmən ordusu ilə eyni statusa malik olacaq və gələcək hərbi əməliyyatlar zamanı məsuliyyət daşıyacaqlar. Əgər Dağlıq Qarabağın erməni icması öz gələcəklərini düşünürlərsə, azərbaycanlılarla bir yerdə Azərbaycan bayrağı altında yaşamağa razı olduqlarını bəyan etməlidirlər”.

N saylı hərbi hissənin zabiti Elşad Əbilov Azərbaycanda düşməni hər an məhv etməyə qadir güclü ordunun formalaşdığını, silahlı qüvvələrimizin torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayandığını, işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə hazır olduğunu bildirib.

Tədbirdə çıxış edən məcburi köçkünlər və keçmiş döyüşçülər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa, bu müqəddəs yolda hər an döyüşməyə hazır olduqlarını bildiriblər.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri sonra Beyləqan rayonu ərazisində N saylı hərbi hissədə əsgər yataqxanası, məişət otağı, yeməkxana və digər xidməti otaqlara baxış keçirib, şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub, əsgər yeməkxanasında nahar ediblər.

15700196563422262895_1000x669

15700196563071512943_1000x669

15700196562206713927_1000x669

15700196561299852038_1000x669

15700196563758136943_1000x669

1570019656420244954_1000x669

15700196564861918085_1000x669

15700196565573139523_1000x669

1570019656741011467_1000x669

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*