Saytımıza xoş gəlmisiniz

Yaddaşlardan silinməyən vətənpərvər ziyalı – İnqilab Quliyev

Oxunma sayı: 532

48384230_361479228000661_4905244877035405312_n

Ömrünü elmə, gənc nəslin maariflənməsinə həsr edən dəyərli alim İnqilab Quliyev yaddaşlarda həm də vətənpərvər ziyalı və qayğıkeş insan kimi qalıb. 20 ilə yaxın bir müddətdə Xankəndi Pedaqoji İnstitutunda çalışmış İnqilab müəllim bu gün də həmkarları və tələbələri tərəfindən böyük hörmət və ehtiramla xatırlanır…

1933-cü ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olan İnqilab Quliyev yeddillik təhsilini başa vurduqdan sonra Ağdam Pedaqoji Texnikumuna qəbul olub. 1953-ci ildə Ağcabədidə müəllim kimi ilk pedaqoji fəaliyyətinə başlayıb.

İnqilab Quliyev gənclik illərində çalışqanlığı, elmə marağı, ictimai işlərdə fəallığı ilə həmyaşıdlarından fərqlənib. Xüsusilə elmi yaradıcılığa olan böyük marağı onu ali təhsil almaq haqqında ciddi düşündürüb və o, 1954-cü ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbatcan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub.

Ali təhsilini başa vurduqdan sonra İnqilab Quliyev Ağcabədi və Bərdə rayonlarının orta təhsil ocaqlarında çalışıb. Məktəb direktoru vəzifəsinə qədər irəli çəkilib. Vaxtın məhdudluğu, iş yükünün ağırlığına baxmayaraq İnqilab müəllim zəhmətə qatlaşaraq elmi yaradıcılıqla da məşğul olub, Azərbaycan Dövlət Universitetinin (BDU) aspiranturasını bitirib. Çəkilən əziyyətlər hədər getməyib. İnqilab Quliyev 1978-ci ildə dissetasiya müdafiə edərək filologiya elmləri namizədi adına layiq görülüb

İnqilab Quliyevin 60 illik ömrünün 20 ili Xankəndi Pedaqoji İnstitutu ilə bağlıdır. Onun bu təhsil ocağındakı yorulmaz fəaliyyəti danılmaz faktdır. Müəllimlər və tələbələr arasında böyük nüfuza malik olan İnqilab Quliyev də digər azərbaycanlı müəllimlər kimi zaman-zaman institutda baş qaldıran erməni şovnistlərinə qarşı barışmaz mövqe nümayiş etdirib, azərbaycanlı tələbələri erməni fitnələrindən qoruyub.

Amma təəssüf ki, İnqilab müəllim özünü ermənilərdən qoruya bilmədi.

Məlum olduğu kimi 1988-ci il hadisələrindən sonra Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan bölməsi Şusa şəhərinə köçürülüb. Həmin ərəfədə, 1990-cı ilin yanvar ayında tələbələri Ağdamdan Şuşaya aparan avtobus ermənilərin hücumuna məruz qalıb. Tələbələrlə birgə avtobusda olan İnqilab müəllim hadisə zamanı bütün imkanları ilə tələbələrini qorumağa çalışıb. Sonda isə özü başından yaralanıb. Aldığı zədə nəticəsində İnqilab Quliyevin başında ciddi xəstəlik yaranıb. Aparılan müalicələrin heç bir nəticəsi olmayıb.

İnqilab Quliyev 1993 –cü ilin aprel ayının 19-da vəfat edib.

60 il insan ömrü üçün o qədər də böyük rəqəm deyil. Əslində bu yaş yaşadıqlarının, çəkdiyin əziyyətlərin bəhrəsin görmək dövrüdür. İnqilab müəllim məhz bu yaşda doktorluq dissertasiyasını yekunlaşdırmaq üzrəydi, bu işin üzərində illər boyu əziyyət çəkmişdi. Gələcək üçün planları da var idi. Amma təəssüflər olsun ki, ömür vəfa etmədi.

Amma nə xoş ki, bu gün İnqilab Quliyevin övladları cəmiyyətdə tutduqları mövqeləri, dəyərli vətəndaş olmaları ilə onun ruhunu şad edir, atalarının adına bir daha ucalıq gətirirlər…

48393880_1960699654048015_2655819407170732032_n

İlham Cəmiloğlu

Karabakh.TV  

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*