Saytımıza xoş gəlmisiniz

Yarımçıq qalan arzular – Saleh Cəfərov

Oxunma sayı: 533

received_907049896168091

O, təkcə geniş biliyi, zəngin təcrübəsi, təşkilatçılıq qabiliyyəti ilə deyil, həm də mənəvi dünyası, vətənpərvərliyi, yurd sevgisi ilə fərqlənirdi. Vətənini hədsiz məhəbbətlə sevən, Vətən sevgisini hər şeydən üstün tutan Saleh Cəfərov əmək fəaliyyətinin bütün mərhələlərində ölkəsinə, cəmiyyətə xeyir verməyi, dəyərli vətəndaş olmağı özü üçün həyat kodeksi seçmişdi. Elə bu amalla da ömrünün sonuna kimi ləyaqətlə, şərəflə, vicdanla Azərbaycanın inkişafı, tərəqqisi üçün çalışdı.

Saleh Cəfərov 1948-ci ildə Xankəndində, sayılıb seçilən Mürsəl kişinin ailəsində dünyaya göz açmışdı. İlk təhsilini də elə bu şəhərdə Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə almışdı. Orta təhsilini müvəfəqiyyətlə başa vurduqdan sonra 1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun tikinti fakültəsinin axşam şöbəsinə qəbul olmuş, 1973-cü ildə həmin institutu bitirmişdi.

Onun əmək fəaliyyəti tikinti sahəsi ilə bağlı idi. Bütün ömrünü bu sahəyə həsr etmişdi və harada işləməsindən asılı olmayaraq orada özünü bacarıqlı tikinti mütəxəssisi kimi tanıtmışdı.

Saleh Cəfərov fəhləlikdən rəis vəzifəsindək yüksələrək şərəfli ömür yolu yaşayıb. 1983-cü ildə onu Bakı Soveti İcraiyyə Komitəsində Baş memarlıq idarəsinin rəis müavini təyin ediblər. O, burada da ona göstərilən etimadı doğruldub və dövlət memarlıq-tikinti nəzarəti idarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

1988-ci ildə Daxili İşlər Nazirliyinin tikinti sahəsində gerilik və problemlər yarananda Saleh Cəfərovu DİN-in Tikinti İdarəsinə rəis təyin ediblər. O, 4 il burada çalışıb və qısa bir müddətdə bu sahədəki mövcud problemlərin aradan qaldırılmasına nail olub.

Azərbaycan müstəqillik qazandıqdan və özəl sektor yarandıqdan sonra bu sahədə bacarıqlı kadrlara daha çox ehtiyac yarananda, 1993-cü ildə belə özəl müəssisələrdən biri – “Elmar – interneyşl korporeyşin” korporasiyası Saleh Cəfərovu vitse-prezident vəzifəsinə işləməyə dəvət edib. O, 3 il də öz bilik və bacarığı ilə bu şirkətə öz töhfələrini verib.

Saleh Cəfərov 1996-cı ildə Bakı Şəhər İcra Hakimiyyətində əsaslı tikinti və təmir şöbəsində baş məsləhətçi, iqtisadiyyat komitəsində mütəxəssis kimi çalışıb.

Onun sonrakı əmək fəaliyyəti “Azərenerji” Səhmdar Cəmiyyəti ilə bağlı olub. O, bu cəmiyyətdə təmir-tikinti idarəsinin rəisi və digər məsul vəzifələrdə işləyərkən də özünü təşkilatçılıq bacarığı olan istedadlı mütəxəssis kimi tanıtdırıb.

Saleh Cəfərovun xidmətləri nəzərə alınaraq, o, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Əmək rəşadəti” medalı ilə təltif edilib.

Arzuları, gələcək planları çox idi. Yaşasaydı Azərbaycanın inkişafı naminə öz bilik və bacarığını yenə də əsirgəməyəcəkdi. Ancaq zalım ölüm onun arzularını yarımçıq qoydu.

2004-cü ildə, 56 yaşında qəfil ölüm Saleh Cəfərovu haqq dünyasına qovuşdurdu.

İlham Cəmiloğlu

Karabakh.TV

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*