Saytımıza xoş gəlmisiniz

Yorğunluğunu dər, qardaşım!

Oxunma sayı: 271

51608177_2101247190167348_4643335997503832064_n

Filoloq Esmira Cəfərovanın imzası oxuculara Qarabağ nisgilli yazıları ilə tanışdır. Müəllif kövrək hisslərə köklənmiş yazılarında Qarabağ mövzusunu həmişə diqqət mərkəzində saxlayır və yaradıcı təxəyyülündə yurd həsrətini bütün incəliklərinə qədər oxucuya çatdırmağı bacarır. Təbii ki, mövzuya bu cür yanaşma Esmira xanımın vətənpərvərliyindən, yurda sevgisindən irəli gəlir. Digər bir tərəfdən müəllif öz yazıları ilə gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanmasına xidmət edir.

Esmira xanım növbəti yazısını isə tələbə yoldaşı, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin direktoru olmuş, ömrünün 61-ci ilində həyatla vidalaşan Nazim Xudiyevin xatirəsinə həsr edib. Karabakh.TV həmin yazını oxuculara təqdim edir.

İlham Cəmiloğlu

Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Nazim Xudiyevin əziz xatirəsinə

Kədər el-obaya xəbər apardı

Ruhumu dağladı, beynimi sardı

Bu elə ayrılıq, elə qubardı

Düşünmək də ağır, duymaq da ağır

Təzadlarla dolu bu qəribə dünyanı bizdən öncə tərk etdin, Nazim müəllim! Səni son mənzil deyilən o bilinməzliyə yola salan izdihamın böyüklüyü gedişindən ağrıyan, sızlayan varlığımı heyrətə bürümüşdü. Zamanın fərqli çətinliklərinə baxmayaraq uşaqdan böyüyə bu qədər insanın səni sevdiklərini islaq gözlərimlə görmək böyük üzüntümə qarışmış təsəlli kimiydi. Deyilənə görə Tanrı heç kəsə çəkə biləcəyindən artıq dərd yükləməz. Əgər bu doğrudursa aramızdan ayrılmağın Tanrının sənə mərhəmətidir, qardaş! Sənin Qarabağ ağrılarından nə qədər əzab çəkdiyinə, sənə verilən can əmanətini nə qədər dərdlə yüklədiyinə ən böyük şahid Tanrı özüdür. Sən insan təsəvvürlərinə sığamayan kainatın Yaradıcısına “ ürəyimi nişan al, Tanrım” dedin….

Tanrının başqa seçimi qalmamışdı, ürək tutması ilə ürəyini nişan almaqdan savayı. Əks halda sən ürəyini çəkə biləcəyindən daha artıq dərd ilə yükləyər və Tanrının ilahi ədalətini pozmuş olardın…

Nisgilli qardaşımız, sən tələsik bir işgörən adam deyildin. Bu səbəbdən baş götürüb dünyadan getməyə tələsəcəyin ağlımıza gəlməzdi. Əzizlərin özlərini inandırıb alışdıra bilmirlər cismani yoxluğuna, itgi ağır sözdü. Qarabağsızlığın üstünə çox itkilər qalaqlandı. Sənin itgin də unudulması mümkünsüz dərdlərimizin birini də artırdı. Bu gözlənizməzliyi heç gözləməzdik. Heç bir şey ummadan yaxşılığı xarakterində vərdişə çevirə, elə hey özüylə dərdləşən xiffətcil qardaşımız! Qəhər adamı boğur… Yadıma tələbəlik illərimiz düşür… Sən bənzərsiz idin, fərqliydin. Dörd llik institut həyatında uca qamətinlə, şux yeriyişinlə, yüksək mədəniyyətinlə, mehribanlığınla, ləyaqətinlə – bir sözlə bənzərsizliyinlə digər tələbələrdən seçilirdin. Bu sənin özünəxas nazimliyin idi. Səni tərif edən tələbə dostlarına təvazökarlıqla özünün kiçik bir cisim olduğunu söylərdin. Amma daha bilmirdin ki, ən böyük aləm sənin içində gizlənmişdir. Bəlkə də sən seçilmiş bir bəndə olduğuna görə Allahın təkdiri uyğun gördü, aldı səni axirətə, o nur üzündən cənnətə pay aparmaq üçün … Ağrı, acı, iztirab, kədərsiz həyat olmur. Üstəlik “ olacağa nə çarə?”- hikməti də gerçək! Amma sən özünü, həyatını böyük dərdlərə o qədər həsr etdin ki, özünü o qədər yordun ki, sonda istər-istəməz əzizlərini, sevənlərini və hələ çox lazım olacağın insanları da cismani varlığından məhrum elədin. Nə deyim? İtkilərə sinə gərərək hər şeyi Yaradana həvalə etməkdədir səbr! Ömrə vəfasız qardaşımız! Sən Qarabağsız qarabağlılar üçün xeyli iş gördün. Rəhbəri olduğun Xankəndi şəhər 4 nömrəli orta məktəbin müəllim və şagird kollektivinin sonsuz məhəbbətini qazanmaq hər rəhbərə nəsib olmaz. Vida mərasimində “Məkkəm, Mədinəm”-deyib tapındığın məktəbin həyətindən son mənzilə qədər ağlar gözlü şagidlərinin arzusu ilə onların çiyinlərində getdin. Həmin gün sənin bu son gedişinə məktəbin daş divarları da göz yaşı axıdırdı. Çünki o məktəbin hər bir nöqtəsində sənin izin vardı. Ürəkləri dağlayan məqamlardan biri də o oldu ki, şagirdlərin nəşini son mənzilə aparan maşının qarşısına keçib hönkürə-hönkürə “ aparmayın müəllimimizi”- deməkləri oldu. Bu şagirdlərini sənin ölümünlə razılaşmamaq etirazı idi. Bu bir elin, bu bir obanın məhəbbəti idi sənə, qardaş!

Hələ yara istidir. Donmuş beyinlər açılacaq, adına qalaq-qalaq kitablar yazılacaq, daima anılacaq və xatırlanacaqsan. Sənin nümunəvi həyat yolun haqqında çox yazılar yazılacaq. Biz səni sevə-sevə oxuyacağıq, Nazim Xudiyev! Sevgilərlə qal, yorğunluöunu dər, əziz qardaşımız!

Böyük kədər və rəhmət diləkləri ilə

Esmira Cəfərova

Yazılmış şərhlər: 2

  1. Kifayət Ağayeva deyir ki:

    Bütün yaxınları kimi Nazim müəllimin rəhmətə getməsinə mən də çox üzüldüm. Onun ölümü ilə barışmaq çox çətindir. Sizə təşəkkür edirəm və inanıram ki, sizin kimi səmimi, ləyaqətli dostlar yaşadıqca, Nazim müəllim də yaşayacaq. Dünyasını dəyişmiş insan o zaman ölür ki, onu məhəbbətlə xatırlayanlar ölür. Əməyinizə sağlıq.

  2. Nəcəf deyir ki:

    Allah rəhmət eləsin. Nazim müəllimin bütövlükdə elimizin itkisidir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*