Saytımıza xoş gəlmisiniz

Zamanın amansızlığında unudulmayan professor – Kamil Quliyev

Oxunma sayı: 558

44154342_1524616067640312_4629235100180021248_n

Hər bir millətin inkişafında onun sayılıb seçilən ziyalılarının, elm xadimlərinin xidmətləri danılmazdır. İnsani və əxlaqi keyfiyyətləri, zəngin intellekti, istedaı, cəmiyyətdə hər kəsə nümunə ola biləcək əməlləri ilə seçilən və fərqlənən ziyalılar sözün əsl mənasında xalqın və millətin ən böyük zənginliyidir. Filologiya elmləri doktoru, professor Kamil Quliyev də məhz belə ziyalılardan biri idi.

Bütün ömrünü elmə, gənc nəslin təhsilinə həsr edən Kamil Quliyev Xankəndi Pedaqoji İnstitutunun ən nüfuzlu müəllimlərindən biri olub. Tələbkar olduğu qədər qayğıkeşliyi ilə fərqlənən Kamil müəllim zaman-zaman bu təhsil ocağındakı ereməni həmkarlarına qarşı sərt mövqeyini nümayiş etdirməyi, həqiqəti üzə bacaran vətənpərvər ziyalılardan olub.

Kamil Quliyev 1940-cı il mayın 5-də Bərdə rayonunun Qaradəmirli kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1957-ci ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix-filologiya fakültəsinə daxil olub. Həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirdikdən sonra Kamil Quliyev Bərdə rayonunun müxtəlif orta məktəblərində pedaqoji fəaliyyətə başlayıb. 10 illik pedaqoji fəaliyyətindən sonra yaradıcı potensiala malik olan Kamil müəllim Bərdə rayonunda çıxan “Kommunizm yolu” qəzetində şöbə müdiri vəzifəsinə təyin olunub. Mətbuatda mütəmadi imzaları görünən Kamil Quliyev 1965-ci ildən SSRİ Jurnalistlər İtttidaqının üzvü olub.

Elmi yaradıcılığını önə çəkən Kamil Quliyev 1973-cü ildə “Azərbaycan sovet lirikasının inkişaf problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb və Xankəndi Pedaqoji İnstitutunun dosenti seçilib.

44129361_1894560294186107_1650315310605008896_n

1988-ci ildə Kamil Quliyev doktorluq dissertasiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb, institutun “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının professoru vəzifəsinə seşilib.

Professor Kamil Quliyev bir neçə kitabın, onlarla elmi məqalələrin müəllifi kimi imzası ilə tanınan alim kimi filologiya sahəsində həmişə diqqət mərkəzində olub.

Kamil müəllim həm də gözəl ailə başçısı, qayğıkeş ata olub. Onun üçün hər şeydən öncə övladlarının təhsil alması, cəmiyyətə dəyərli vətəndaş olması vacib sayılıb və o, buna nail olub.

Qeyd edək ki, Kamil müəllimin oğlu Azər Quliyev Bakıda metro terrorunun qurbanlarından biridir.

Professor Kamil Quliyevin yəqin ki, Azərbaycan elmi üçün töhfələri hələ şox olacaqdı. Ancaq qəfil və gözlənilmədən vəfat etməsi dəyərli professorun həyatında hər şeyi yarımşıq qoydu. O, 55 yaşında haqq dünyasına qovuşdu…

İllər ötsə də Xankəndi Pedaqoji İnstitutunun məzunları Kamil müəllimi böyük ehtiramla yad edirlər, haqqında xoş sözlər söyləyirlər.

Esmira Cəfərova, filoloq:

44053955_738674036469633_6511937454650425344_n

Kamil Quliyev mənim tələbə yaddaşımda əbədi ünvanını tapan müəllimlərdən biri olub. Mən çox şanslı bir tələbə olmuşam ki , onun kimi parlaq zəka sahibi mənim müəllimim olub. Xüsusi təqdimata ehtiyacı olmayan əvəzolunmaz alim, yüksək mənəviyyatı ilə yaddaşlarda əbədi iz salan ləyaqətli, nurlu simalardan biri idi Kamil müəllim. O insanda çox yüksək pedaqoji etika var idi. Onun tələbələrinə yanaşma tərzi də fərqliydi. Təkcə pedaqoji fəaliyyəti ilə deyil, müstəsna şəxsiyyəti ilə biz tələbələrə nümunə olan bir insan idi. Onun verdiyi biliklər bu gün də mənim həyatıma işıq saçır. Əgər bu gün mükəmməl bir pedaqoq kimi fıaliyyət göstərirəmsə, bunun üçün məhz Kamil müəllimə borcluyam. Qarabağ nisgilli xatirələrimdə ən xoş duyğularla xatırladığım, ruhuna dualar oxuduğum unudulmaz müəllimim,məzarın nurla dolsun!

Hikmət Xudiyev, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru:

44110983_919689484887678_5102839571951910912_n

Kamil müəllim sözün əsl mənasında Azərbaycan kişilərinə xas olan bütün məziyyətləri özündə cəmləşdirən böyük şəxsiyyət idi. Mən hələ məktəb illərindən onun bacısı oğlu Oktayla dostluq edirdim. Şuşada “Dostluq” pioner düşərgəsində olarkən Kamil müəllim haqqında Oktaydan çox eşitmişdim. Sonralar tələbəlik illərində Kamil müəllimin Xankəndi Pedaqoji İnstitutunda rəhbərlik etdiyi “Şəlalə” ədəbi birliyinə üzv olduğum vaxtlarda onun böyüklüyünyn, sözə, yaradıcılığa dəyər verən, ədəbiyyat bilicisi olduğunun bir daha şahidi oldum. Sözsüz ki, həmin dövrdə, erməni şovinstlərinin baş qaldırdığı bir ərəfədə Kamil Quliyevin pedaqoji fəaliyyəti, azərbaycanşılıq ideyalarına sədaqəti yaddaşımdan heç vaxt silinməyəcək. İllər ötsə də mən professor Kamil Quliyevi həmişə böyük ehtiramla yad edir, Tanrıdan dəyərli ziyalımıza rəhmət diləyirəm.

Səxavət Tağlar, əməkdar müəllim, yazıçı-publisist:

44156222_2190177181269791_3178799334078545920_n

Kamil müəllimi 80-ci illərdən tanıyırdım. Xankəndi Pedaqoji İnstitutun dil-ədəbiyyat fakultəsində tədris aparırdı. İstedadlı alim, qayğıkeş pedaqoq idi. İnstituta qədər mətbuat orqanlarında işləmişdi. İmzasını “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat qəzeti”, “Ulduz Jurnalı” və “Şuşa” qəzetində tez-tez görərdik. Mənim də mətbuatda çıxış etdiyimdənmi, nədənmi onu özümə doğma bilirdim. İnstitutda o bir ədəbi məclis yaratdı. Tələbə yazarlar tezliklə bu məclisdə toplaşdı. Qələmi ilə seçilən tələbələrdən Adil Şirin, İsmayıl İslamov, Ələmdar Bəylər, Məfkurə, Əyyub Sədi, Ələmdar Quluzadə, Rəhman Baxşəliyev, Rəhim Zalov və başqalarının ədəbi yaradıçılığı Kamil müəllimin rəhbərliyi ilə “Şuşa ” qəzetində çap olunurdu. İlahi, biz beynəlmiləlçilik pərdəsi altında millətçilik oyunları gedən Xankəndi (Stepanakert)şəhərində “Şuşa” qəzetini neçə həvəslə, böyük məhəbbətlə oxuyurduq. Elə olurdu ki, qəzetin İnstituta gəlməsini gözləyə bilmirdik, özümüz gedib Şuşadan gətirirdik. Mən Kamil müəllimi həm bir müəllimim kimi, həm də bir qələm yoldaşım kimi sevirdim. Bu gün o, dünyada yoxdur. Allah rəhmət eləsin! Xankəndi Pedaqoji İnstitutunun yüzlərlə məni kimi tələbəsi onun adını uca tutur, haqqında iftixarla danışır. Xaraktercə ciddi və tələbkar insan idi. Çalışırdı ki, dərs dediyi tələbələr elmlərin əsasını mükəmməl mənimsəsinlər. Xankəndində və o cümlədən institutda cərəyan edən müəyyən məsələlərə biz münasibət bildirəndə mövqeyimizi müdafə edib, bizim tərəfimizi saxlayırdı…

Akif Məftun Tofiqoğlu, şair, pedaqoq:

44128956_453883315135103_214146236154904576_n

Kamil müəllim mənə dərs deməyib, çünki mən riyaziyyat fakültəsində oxumuşam. Ancaq Kamil müəllimlə mənim əlaqəm “ŞƏLALƏ” ədəbi birliyində olub. Bir dəfə mən bir şeir oxudum. “Qocalar”şeiri. Təbii ki,şeir oxunduqdan sonra yanaşmalar başlayırdı. Hamı ədəbiyyatçı idi. Mən həmişə həyəcanlı olurdum, riyaziyyatçı olduğma görə özümü, necə deyərlər qərib hesab edirdim. Hər kəs fikrini söylədi. Doğrusu hamı şeiri tənqid etdi. Və mən fikirləşdim ki, bir də bura gəlməyəcəm.Yaza bilmirəm, şeirlərim tənqid olunur. Həmişə hamıdan sonra Kamil müəllim özü danışıb fikirlərini söyləyərdi. Dedi ki, sizin hər biriniz ədəbiyyatçı olmağınıza baxmayaraq, şeirdəki şah beyti tuta bilmədiniz. Dedi ola bilər ki, şeir tamam zəif olsun. Əgər orada bir şah beyt varsa, kifayət edir. Amma bu şeirdə şah beyt var. Mənim şeirim belə qurtarırdı: “Qolları üstündə böyütdüyünün, qolları üstündə köçər qocalar”. Dedi bax bu, şah beytdir. Mənə çox sağ ol dedi. Xeyli toxtadım. “Şəlalə”qəzetinin redaktoru Adil Şirin idi. Adilə dedi bu şeiri qəzetə ver. Bir dəfə də bir şeir yazmışdım, Araz çayına aid idi. Biri də yenə Cənubi Azərbaycana. Dərnəkdə heç nə demədi. Sonra çöldə məni gördü, dedi ki, bala,onları bir də oxuma. Gizlət. Nə vaxtsa lazımın olar. İndi məqamı deyil, səni institutdan qovarlar. Allah Kamil müəllimə rəhmət eləsin…

İllər ötəcək, Kamil müəllim zamanın amansızlığında öz işıqlı, aydın, parlaq şəxsiyyəti ilə unudulmayacaq…

İlham Cəmiloğlu

Karabakh.TV

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*